Feyziyev özunu Cəbrayılova oxşadır - taleləri də bənzəyəcəkmi?..



Bir deputat vardı - Rəfael Cəbrayılov. Mandatını girov qoyub sələmə 100 minlərlə manat pul götürmüşdü. Zamanında çox imkanlı iş adamı olub. Baxmayaraq ki, deputatın bizneslə məşğul olması qanunla qadağandır. Nə isə. Bu bölümü keçək...
Onun mandatı girov qoyması xəbəri mediada yayılandan sonra jurnalistlər haqda ağzına gələni söyləyirdi, təhqir edirdi. Deyirdi, media ona şər atır, aydan arı, sudan durudu. Sonrası necə oldu, hamımız bilirik. Deputat səlahiyyətinə xitam verildi, ardınca həbs edildi. Lap axırda türmədə öldü.
Cavanşir Feyziyev də keçmiş həmkarı Rəfaelin ağzı ilə danışır. 15-ə yaxın tanınan jurnalisti təhqir edib. Özü də haqsız yerə. Ölkənin pullarını daşıyıb aparıb xarici dövlətə, orada da müsadirə ediblər. Bunu beynəlxalq media yazıb, yerli mətbuat da dünyaca məşhur qəzetlərə, saytlara istinadla xəbəri yayıb. Bu deputat da hamını qoyub kənara, jurnalistləri təhqir edib.
Feyziyev Mətbuat Şurasının üzvüdü. Onu dərhal ordan uzaqlaşdırmaq lazım.
Milli Məclis rəhbərliyi deputatı bu tərbiyəsiz davranışına görə qınamalı, cəzalandırmalıdır. Ölkənin hüquq mühafizə orqanları Cavanşir Feyziyev barəsində araşdırma aparmalıdır.
Bir polisi təhqir etdiyi üçün həbs edilən deputat nümunəsi var Azərbaycanda. Polis ölkənin asayişini qoruyur. Jurnalistlər də dövlətin informasiya sərhədlərinin keşiyindədir. Bir deputatın 15-ə yaxın tanınan jurnalisti, media rəhbərini söyməsi daha böyük qalmaqal, daha ciddi hadisədir. Həbs edilməsə də, deputat səlahiyyətinə xitam verilməlidir, ya da çıxıb üzr istəməlidir. İkili yanaşmanı qəbul etmirik.
Bu qədər qanunsuzluq edib, təhqirə yol verib, sonra heç nə olmamış kimi davrana bilməz Feyziyev. Bu adamın sonu indidən görünür. Yəqin jurnalistlər çox keçməz, onun həbs xəbərini manşetdən yayacaqlar. Məhkəmə reportajlarını da ən yaxşı yerdən verəcəklər. Kimsəyə ölüm arzulamırıq. Əksinə, Feyziyevin uzun yaşamasını diləyirik. Yaşlananda iynə-dərmana ehtiyacı olsun, onda anlasın ki, başında dayandığı dərman monopoliyası xalqa nələr yaşadıb.
"Yeni Musavat" qəzetinin baş redaktoru Azər Ayxan
Tarix: 6-02-2022, 14:56
Xəbəri paylaş





Xəbər lenti