Alverçi Feyziyev özünü nahaq yerə uğurlu iş adamı kimi təqdim edir


İctimai fəal Bəxtiyar Hacıyev
Cavanşir “abi” neden kızmış? Elə bil onun başına qapaz vurub əlindən 13 milyon manatını alan London məhkəməsi deyil, bizik.
Təyin edilmiş deputat Cavanşir Feyziyev coşub, ölkədə xeyli siyasətçi, jurnalist, ictimai fəalın adını çəkərək özünə məxsus bütün adları onların adının qarşısında çəkib. Mənim də adımı çəkdiyinə görə ona hələlik yumşaq bir cavab verim.
Feyziyev London məhkəməsinin qərarı barədə ən neytral (dünya KİV-lərinin yaydığı məlumatı təkrarlayan) yazan adamlar barədə də “uğursuz”, “ömründə bir kitab oxumamış” kimi ifadələrdən də istifadə edib.
Cavanşir “abi” özünü uğurlu iş adamı sayır, elə yazıb ki, bir anda elə bildim Elon Musk uğurdan danışır. Cavanşir “abi”, sən Azərbaycanda hakimiyyətin sənə yaratdığı imkandan, dərman monopoliyasından istifadə edib varlanan sadə bir alverçisən, özünə işadamı deyib dünyadakı uğurlu işadamlarını təhqir etmə.
Sənin kimi özünə “uğurlu biznesmen” deyən çoxlarını görmüşük, bəziləri bizim müştərilərimiz də olublar. Bir il yüz minlərlə dolları sağa-sola səpib, növbəti il hakimiyyət əlini üstündən çəkəndə 300 avro endirim almaq üçün xahiş edəcək qədər müflis olanları da görmüşük. Biz Baku Steeldən Rasim Məmmədovları, Xəzər Adalarından Hacı İbrahimləri, Baghlan qrupları, Avestaları, Akkordları, Hafkaları, Quskaları görmüşük. Biz həbsə düşən deputatları da görmüşük, həbsdə ölən deputatları da. Biz “ZQAN”ları, “Gilan”ları, “Garant”ları, “AtaHoldinq”ləri, onların necə uğurlu biznes olduqlarını görmüşük axı.
Gəl, sən də bizə uğurlu biznes nağılları danışma. Zərrə qədər vicdanın varsa, yığıb Londona daşıdığın, orada qapazlanaraq əlindən alınan milyonların Azərbaycan insanlarının qanı bahasına əldə etdiyini qəbul et. Qonşu ölkələrdə 3-5 manat olan dərmanı evinə aylıq 100 manat gələn ağır xəstələrə 40-50 manata satmağa uğur demirlər, qəhramanlıq demirlər, başqa şey deyirlər.
Bizlər orta məktəb illərindən kitab oxuyanda, dünya elm olimpiadalarında Azərbaycanı təmsil edib yer tutanda, sən özünə yaradılmış monopoliya xəttindən istifadə edərək Azərbaycanın milyonlarla xəstə, kasıb, kimsəsiz vətəndaşlarına on dəfə artıq baha qiymətə dərman satırdın. Bunun cəzasını bu dünyada heç bir məhkəmə verə bilməz, nə London, nə Nyu-York, nə Yasamal, bunun əsl cəzasını İlahi məhkəmədə görəcəksən.
Məndən məsləhət, kimə söz atırsansa at, bir daha mənə qarşı çaşma. Sənin yaxın ətrafından, deputat həmkarlarından, yerlilərindən, mazaqlaşdıqlarından illərdir o qədər məlumat gəlib ki, heç bəlkə DTX-da və NCA-da bu qədər məlumat yoxdur sənin haqqında. Sənin kim olduğunu özündən sonra ən yaxşı bilənlərdən biriyəm.
Hələlik istifadə etdiyin ifadələrə görə sadəcə məhkəməyə müraciət etməklə kifayətlənəcəm. Ümid edirəm səhvini başa düşüb üzr istəyəcəksən, mətbuata, siyasətçilərə, jurnalistlərə qarşı bir daha belə çaşmazsan ki, onlar da elə etməsinlər ki, nəinki İlham Əliyevin, heç sıravi insanların belə qarşısına çıxmağa üz qalmasın səndə.
Tarix: 6-02-2022, 23:39
Xəbəri paylaş





Xəbər lenti