Etibar Hüseynov: "Feyziyevin "burnunun ucundan o tərəfi görə bilməyən" birisi olaraq bu dərəcədə uğurlu biznesmen olması..."



"Cavanşir Feyziyevlə heç vaxt ünsiyyətdə olmamışam; nə "o vaxt", nə də sonrakı illərdə. 
Amma məlum olayla bağlı bəzi subyektiv fikirlərimi bölüşmək istərdim. İlk növbədə onun Mətbuat Şurasında təmsilçiliyinə təəccüblə yanaşanlara deyim ki, bu heç də təsadüfi deyildi. Belə ki, Feyziyev bir çox deputatlardan fərqli olaraq mətbuata açıq olub. Onlardan qaçmayıb. Bir neçə saytın ərsəyə gəlib-populyarlaşmasına görə müddətli maliyyə yardımı edib. Hətta orasını da deyim ki, Feyziyevin özü də peşəkar jurnalistika ilə məşğul olub; dünya çaplı "Discovery" jurnalınının Azərbaycan variantının yaradıcısı və Baş redaktoru olub. İndi çap olub-olmamasından xəbərsizəm. Amma insaf naminə deyim ki, nəşr olunduğu vaxtlar kifayət qədər zövqlü və maraqlı çıxırdı. Ancaq sözümün canı başqadır. Yəni mətbuata, onun cameəsinə, məbəxtinə bu qədər yaxından bələd olan birisinin ölkə mətbuatının tanınmış simalarını bu dərəcədə kəskin, o cümlədən də təhqiramiz şəkildə ittiham etməyi hamı kimi məni də təəccübləndirdi. Bunun nə ilə nəticələnə biləcəyini heçmi hesablamamışdı? Axı diş qıcadığı şəxslərin əksəriyyəti mətbuat düşərgəsinin necə deyərlər "canavarlar"ıdır. Onu "parçalayacaq" qüvvəyə sahib olduqlarını necə gözə almamışdı? Bu yazını qələmə alanda Feyziyev MŞ-dan istefa vermişdi. Ardı ilə yazdığı məlum statusu da sildiyi xəbəri gəldi. Təhqir etdiyi jurnalistlər isə toplaşıb Sahibə Qafarovaya onun mandatının alınması təklifi ilə müraciət ünvanladılar. Feyziyev məğlub, qəzəbli jurnalist dəstəsi isə "sona qədər getmək" əzmində görünür".


Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov bildirib.


"Sadəcə, baş verənlərin fonunda məni bir sual maraqlandırır: hamıya məlumdur ki, biznesin iki əsas "Qızıl qayda"sı var- Biznesmen, uzaqgörən və soyuqqanlı olmalıdır! Ona görə də Feyziyevin bu qədər emosional və necə deyərlər "burnunun ucundan o tərəfi görə bilməyən" birisi olaraq bu dərəcədə uğurlu biznesmen olması və milyonlar qazanması qəribə gəlir..." - E.Hüseynov qeyd edib.
Tarix: 7-02-2022, 21:17
Xəbəri paylaş





Xəbər lenti