Nehrə qazı


 
Əslində bu yazının başlığı “Məhəllədə ölən yox, bu nə şivəndir” olacaqdı. Qulağıma qeybdən məşhur türk mahnısının - “Burası Muşdur”un sədaları gəlmişdi və oradakı bayatının bir misrasının bu yazının başlığına yaxşı getdiyi fikrindəydim. Sonra gördüm ki, “Nehrə qazı” yaxşıdır.
20 il öncəydi, gənc həkim dostlardan hansı tuşutmuşdusa, o vaxtlar “Neftçilər” xəstəxanasında çalışan məşhur doktor Hacıbala Bədəlovun yanına xəstə aparmışdım. Hacıbala doktoru lap uşaq vaxtımdan, onu mərhum tibb professoru Əlfəddin Abdullayevlə birlikdə AzTV-də səhiyyəyə, sağlamlığa aid verilişlər apardığı vaxtdan tanıyırdım. İki nurani ağsaqqal sözün əsl mənasında verilişdə qızıl xırdalayırdılar.
Hacıbala doktorun iş və müayinə kabinetinə girib özümü təqdim edəndə ağsaqqal ayağa qalxdı, məni, əsgərlikdən gəlmiş oğlunu qucaqlayan kimi qucaqladı, xeyli təriflədi, qəzetimizin daimi oxucusu olduğunu dedi, bəyəndiyi müəlliflərin adını çəkdi, yazılarımzdan sitat gətirdi. Bir dəqiqənin içində 100 ilin yaxınıymışıq kimi ünsiyyət yarandı.
Müayinə əsnasında doktor haralı olduğumu soruşdu. Dedim. “Şəhərindən, yoxsa kəndindən?” “Kəndindən”. Sonra doktorla aramızdakı dialoq belə davam etdi: “Onda nehrə görmüsən”. “Görmüşəm. Uşaq vaxtı nənəmə kömək edərək, çalxamışam da”. “Nehrənin üstündə yumru bir deşik olur”. “Bəli, qatığı, suyu oradan tökürlər, sonra hazır yağı da oradan ovuclayıb çıxarırlar”. “Bəs bilirsən o deşik həm də nə üçündür?” “Düzü, yox”. “Nehrə çalxalananda o deşiyi dəstərxanla kip-kip bağlayırlar, düzdür?” “Bəli, ayran bayıra sıçramasın”. “Hə. Amma onu hər 5 dəqiqədən bir açır, nehrənin içinə baxırlar. Səncə, niyə?” “Bilmirəm”. “Ona görə elə edirlər ki, çalxalanma zamanı nehrənin içinə yığılan qaz çıxsın, yoxsa nehrə partlayar. Buna ”nehrənin köpünü almaq" deyirlər".
Düzü, bilirdim ki, bu nehrə söhbəti əbəs deyil, professor bunu nəyəsə bağlayacaq, amma nəyə, bilmirdim. Doktor Bədəlov sözünün Mustafasını dedi: “Bax, sizin qəzet cəmiyyət üçün eyni rolu oynayır, ictimai qəzəbin, hiddətin toplanıb partlayışa səbəb olmasının qarşısını alır. Siz problemlərdən, neqativ şeylərdən yazdıqca, insanlar görürlər ki, onların da sözünü deyən, problemlərini bilən var, bəd ayaqda şikayətlərini etməyə bir instansiya tapırlar. Yoxsa bu hiddət və qaz birikər, köp yaradar, partlayış olar”.
Müdrik insanın bu izahı o qədər xoşuma gəldi ki, sonralar yeri gəldikcə bu barədə dost-tanışa danışırdım. Baxın, 20 ildir o söhbəti unutmamışam və dialoq sözbəsöz yadımdadır.
Təəssüf ki, bu gün Google-də “Hacıbala Bədəlov” yazıb axtarış verəndə kompüterin ekranına bu gözəl insanın haqqında informasiya və onun nurani çöhrəsinin şəkilləri çıxmır, elə adamın şəkilləri çıxır ki, ondan bütün paytaxt əhli bezmişdi.
İndi bəziləri bu bəsit həqiqəti anlamır, onlara “nehrə qazı” sindromu barədə danışmaq əbəsdir, elə bilirlər, qəzetlər, saytlar, sosial şəbəkələr olmasa, heç nə yazmasalar, yaxşı olar. Umurlar ki, yazanlar gecə-gündüz tərif yazsınlar, mədh eləsinlər, piar aparsınlar. Bəs bu insanların problemlərini kim yazsın, şikayətlərinə kim qulaq versin? Bu ölkədə xeyli haqsızlıqlar, ədalətsizliklər, zülmə məruz qalanlar var, onların hiddəti bir yol tapıb çıxmalıdır axı, yoxsa qaz yığılıb nehrəni partladar axı.
Budur, bəzi media quruluşlarında bir-iki adamın adı neqativ işlərdə çəkilib, amma qayıdıb bu barədə yazanlara söyüş söyürlər, üstəlik, elə bir şivən qoparırlar ki, sanasan, zərərçəkəndirlər. Fikirləşirsən ki, “məhlədə ölən yox, bu nə şivəndir?”
Belə görünür ki, eyzən çalxalanan cəmiyyətdə birikən enerjini vaxtaşırı buraxmaq, yəni yaranmış köpü müntəzəmı almaqla yanaşı, qazandığı sərvət və mənsəbə görə qazlanan, köpüb-şişən adamların da qazını, köpünü almaq lazımdır. Yoxsa axırda orqanizmlərinə ziyan edər, partlayarlar.
Baxın, içəridə nə qədər vəzifəli adamlar var. Vaxtilə onlar çox qazlıydılar, məzlumun başından basırdılar, yetim-yesirin yardımını yeyirdilər, tamam köpmüşdülər. İndi içəridən soraqları gəlir ki, Allah yoluna qayıdıblar, namaz qılırlar, ibadət edirlər.
Dediyim odur ki, nehrəyə dönmüş ölkənin köpünü almaq həm medianın işidir, həm də həlledici qərar verənlərin...
Tarix: 9-02-2022, 09:41
Xəbəri paylaş





Xəbər lenti