İnilti səsləri, xəstələrlə görüşə bilməyən doğmaların nigaranlığı - Psixatriya Mərkəzindən reportaj


Bakının Maştağa qəsəbəsində 1 saylı Respublika Psixiatriya Mərkəzində adi günlərdən biridir. Gözləmə otağında xeyli adam var. Xəstə yaxınları əllərində sovqat nigaran şəkildə növbələrini gözləyirlər. Ətrafın səs-küyü arasında  həyətdəki binalardan birindən  muğam “havalanır”.
“Toplum TV” Respublika 1 saylı Psixiatriya xəstəxanasından reportajı təqdim edir.
Xəstəxananın görüş otağının qapısına “Görüş qəti qadağandır” yazısı vurulub. Otağa keçib özümüzü təqdim edirik və müsahibə üçün gəldiyimizi deyirik. Aldığımız cavabsa budur: “Karantinə görə vətəndaşı içəri buraxa bilmirik, sizi kim qəbul edəcək?”
Ətrafda dezinfeksiyaedici vasitələr gözə dəymir. Heç temperatur ölçən cihaz da yoxdur. Otaqdakı yeganə şəffaf tibb qutusu isə boşdur.

Nəhayət mühafizədən rəhbərliyə zəng vurulur. Əvvəlcə direktorun iclasda olduğunu deyirlər. Daha sonra isə bizi direktor müavininin qəbul edəcəyi bildirilir: “Amma bir saat gözləməli olacaqsız”.
“Onu heç əsgər aparmayıblar”
Fatmaxanım Səfərova oğlunun yanına gəldiyini söyləyir. Mühafizə xidmətinin əməkdaşından həkimə yenidən zəng vurmasını istəyir: “Həkimə bir də deyəsiniz bəlkə? Bayaqdan gözləyirəm. Keçən dəfə saat 11-dən gəldim, 3-ə qədər gözlədim”.
Mühafizə xidməti isə ona yenə eyni cavabı verir.
“Həmişə belədilər, saatlarla gözləyirsən, ondan sonra icazə verirlər”,- qadın şikayətlənir.

F.Səfərova oğlu 44 yaşlı Rövşən Səfərovun artıq 17 ildir psixi xəstə olduğuna görə pensiya almağından, amma indi onun kəsilməsindən danışır: “Onu heç əsgər aparmayıblar. Birinci dəfə burda 6 gün yatmışdı. İndi deyirlər ki, 21 gün də yatmalıdır. Bu xəstəlik ona atasından keçib, irsidir. Xəstədir də bu. Sağalası deyil ha... Üzünə-gözünə baxanda bilinir. Mən evdə onu zülmlə saxlayıram. Bütün gün “balam, o olmaz, bu olmaz” deyirəm. Yemək də vermək olmur”.

F.Səfərova oğlunu neçə vaxtdır görmədiyini, nigaranlıqla içəridə başına nəsə iş gələcəyini  deyir.
Xəstəxanaya giriş
Müsahibə üçün bizi xəstəxananın həyətinə dəvət edirlər. Həyət və bina səliqəli görünür. Ərazidə xeyli ağac var.
Direktor müavini Vüqar Yusifov bizi girişdəcə qəbul edir. Onun otağına qədər davam edən kiçik dialoqumuz isə belədir:
-Xəstəxanımızı bəyəndiz?
-Çöldən yaxşı görünür.
Vüqar həkim gülərək deyir:
-İçəridən də yaxşıdır.

“Xəstənin bizə söyən, əl atan vaxtları da olub”
-Vüqar bəy, müharibə vaxtı necə işləyirdiniz? Dispanserə daha çox necə xəstələr gəlirdi?
-Müharibənin ilk günlərindən gücləndirilmiş iş rejimində işləmişik. Qazilər həm nevroz, həm də kəllə-beyin travması səbəbilə müraciət edirdilər. İndi də gələnlər var, posttravmatik stress pozuntusu yaşayırlar. Gözlərinin qarşısına müharibə səhnələri gəlir, yuxuları pozulur, yuxuda şəhid olmuş dostlarını görürlər. Hətta bir dəfə elə xəstə gəlmişdi ki, qollarıyla üz-gözünü bağlamışdı, özünü elə aparır ki, elə bil döyüşdədi. Qışqırırdı ki, atdılar, vurdular, gəldilər...
-Arabir ruhi-əsəb dispanserlərində özlərinə qəsd edən, xəstəxanadan qaçan xəstələrin xəbərləri qarşımıza çıxır. Bunun səbəbini nədə görürsüz?
-Xəstəxanadan qaçmaq söhbəti yoxdur, həkimi məlumatlandırmadan çıxıb getmək var. Xəstə istədiyi vaxt xəstəxananı tərk edə bilər. Amma həkim hesab edirsə ki, xəstə çıxmalı deyil, bunu qanuniləşdiririk. 48 saat ərzində komissiya qərar qəbul edir, Sabunçu rayon məhkəməsinə müraciət edirik. Məhkəmə qərarı təmin edirsə, biz xəstəni xəstəxanada saxlayırıq və qeyri-könüllü müalicə edirik. Qərar təmin edilmirsə, xəstəni çıxarırıq. Yəni burda zorla xəstə saxlamırıq.

-Qeyri-könüllü müalicə necə aparılır?
- Xəstə özü başa düşmür ki, o, xəstədir. Deməli, onu məcburi müalicə etməliyik. Belə hallarda onları təcrid edirik. Dərman qəbul etmək istəmirlərsə, müəyyən müddətə onları bağlayırıq, iynə vurub sakitləşdirəndən sonra açırıq.
-Bəs intihar halları necə?
-Xəstəxana daxilindəmi deyirsiniz?

-Bəli.
-Xəstəxana daxilində intihar halları faktiki olaraq...
-Olmayıb indiyə qədər?
-Olmayıb desəm yalan olar. Olur, amma çox nadir hallarda. Sözün düzü, sonuncu dəfə nə vaxt nə baş verib xatırlamıram. İntihar cəhdi pasientin psixi xəstəliyindən irəli gəlir. Xəstə ya hallüsinasiyanın təsiri altında, ya da ağır depressiya vəziyyətində özünə qəsd edir. Ona görə intihar etmir ki, onu burda zorla saxlayırlar, evə getməyə imkan vermirlər.
-Bəlkə saxlanma şəraiti, həkimlərin münasibəti onları intihara sövq edir?
-Xeyr, burda xəstələrə mənfi münasibət yoxdur. Xəstələrə təmənnasız və ən yaxşı qulluq edən xəstəxanalardan biriyik. Biz bacardığımızı edirik. Xəstənin bizə söyən, əl atan vaxtları da olub. Amma başa düşürük ki, o, özünü idarə edə bilmir.
-Xəstələr otaqda tək-tək yerləşdirilir?
-Yox, bir yerdə olurlar. Otaqların quruluşundan asılıdır, elə palatalar var ki, orda 4-4, 6-6 yerləşdirilirlər.
-Bəs böhran anında bir-birlərinə xəsarət yetirənlər olur?
-Çölə çıxsanız, camaat bir-birini qırıb öldürür. Arabir burda da olur. Amma mən sizi inandırım ki, burda çöldəkindən qat-qat az olur. Biz onlara hər şəraiti yaratmışıq. Burdakı ruhi xəstələrin televizorları, hamamları, yeməkxanaları da çox yaxşı vəziyyətdədir.
-Onda icazə olar bir-iki şəkil götürək?
-Yox.

-Niyə?
-Karantin səbəbilə etmək olmur. Əgər pandemiya olmasaydı, bəlkə, şöbəyə də buraxardıq sizi.
-Pandemiyadan əvvəl icazə var idi?
-Əslində pandemiyadan əvvəl olub-olmadığını desəm, yalan demiş olaram, çünki yeni gəlmişəm bura.
-Çöldəki valideynlər xəstələrlə görüşə icazə verilmədiyinə görə narazıdırlar.
-Bu gün görürsünüz də vəziyyət nə qədər pisdir. Təsəvvür edin ki, psixi xəstələr koronavirusa yoluxsalar, nə qədər stress keçirərlər.
-Ruhi xəstələrdən koronavirusa yoluxan olub?
-Bizim ayrıca koronavirus şöbəmiz var. Maraqlanın görün, postsovet məkanında hansısa psixiatriya xəstəxanasında ayrıca koronavirus şöbəsi var, ya yox?
-Köhnə müalicə üsullarından nələrsə qalıb, ya yeni metodlara keçmisiniz?
-Yeni metodlara keçmişik. Bu gün xəstəxanalarda formoterapiya, reabilitasiya metodlarından istifadə olunur. Bizim reabilitasiya mərkəzimiz var ki, orda xəstələrimiz musiqi, rəqs, idman, dulusçuluq, tikişlə məşğuldurlar. 
-KİV-də bəzən siyasi sifarişlə psixiatriya xəstəxanasına yatırılanların olması haqda məlumatlar da yazılır. Həmin iddialar barədə nə deyə bilərsiniz?
-Karantin psixiatriyası deyirdilər ona. Artıq elə şey yoxdur.
-Əvvəllər var idi?
-Bu gün xəstə qəbul olunur, müayinədən keçir və bir-iki günə diaqnozu qoyulur. Heç bir patalogiya yoxdursa, burda saxlanılmır. Mən düşünürəm ki, kiminsə sifarişiylə xəstə saxlayan həkimlər özlərinə hörmət etmirlər.
-Ruhi xəstələr tam sağala bilirlər, yoxsa fəsadlar qalır?
-Nevrozdan, depressiyadan əziyyət şəkənlər müalicə olunurlarsa, sağalırlar. Burda yatan xəstələr şizofrendirlər, onlarda tam sağalma olmur, emissiya olur, daim dərman içməlidirlər. Şizofrenlər vaxtında problemin üstünə düşsələr, davamlı dərman içsələr, düzələrlər, heç siz baxıb başa düşməzsiniz ki, o adam şizozfrendir. Sadəcə xəstəxanadan çıxandan sonra onlarla sosial sfera məşğul olmaldır. Sosial evlər olmalıdır, onları cəmiyyətə adaptasiya etmək lazımdır. O işlər planda var.
-Xəstələr cinsi tələbatlarını necə ödəyirlər?
-Xəstələrimizin ailələri var. Onlar burda illərlə qalmırlar.
-Psixiatriya xəstəxanalarında zorlanma halları ilə bağlı iddialar da az səslənmir.
-Ruhi xəstəlikdən irəli gələn bir şeylərdir. Onların hamsının qarşısı alınır, çünki bütün şöbələrdə kameralar, sanitarlar var. Kişi, qadın, uşaq, yeniyetmə, qoca şöbələri ayrıdır.  Əvvəl nələrsə olub-olmayıb, yalan deyərəm, indi yoxdur.
-Ruhi xəstələrlə işləmək sizi də yorurmu heç?
-Yox, mən artıq öyrəşmişəm. Hərdən mənə elə gəlir ki, ruhi xəstələrlə işləmək normal adamlarla işləməkdən daha asandır. Elə bilirəm ki, onlar məni daha yaxşı başa düşürlər...

Müsahibəni bitirib binadan çıxırıq. Ətrafda bir neçə adam gözə dəyir. Çıxışa doğru irəllədikcə inilti, qışqırıq səsləri eşidirik. Səslər səliqəli binalardan kənarda, ağacların kölgəsindəki uçuq yarımtikilidən gəlir. Yarıuçuq binanın üzərində nə vaxtsa qızılgül rəsmi çəkilibmiş.
Yaxınlıqda bir neçə xəstə yaxını var. Elə onlardan burda hərbi xidmətə yararsız xəstələrin müayinəsinin aparıldığını öyrənirik.  Hələ də inilti səsləri gəlməyə davam edir.
Xəstələrdən biri dilinə haradansa ilişmiş “sənə heyran olaram, sənə qurban olaram” mahnısını zümzümə edir...
Tarix: 9-02-2022, 21:51
Xəbəri paylaş





Xəbər lenti