Ramiz Mehdiyev mənim Harvarda getməyimə necə mane olmaq istəmişdi?


İctimai fəal Bəxtiyar Hacıyev
2007-ci ilin mart ayında Harvarddan qəbul məktubum gəldi. Sevincimin həddi-hüdudu yox idi, məktubu təkrar-təkrar oxuyurdum. Bir müddət sonra dövlət rəsmiləri prezidentin xaricdə təhsil proqramı imzaladığını bildirdilər və “bu proqramla ilk təqaüdü sənə verməliyik” dedilər, israrla Harvardın təqaüdündən imtina etdirdilər. Proqrama müraciət etdim, dərslər başlamasına bir neçə gün qalana qədər gözlədim, dedilər Ramiz Mehdiyev istirahətdədir, qayıdanda sənədlər imzalanacaq. Təbii ki, açıq tənqidimi etdim, bu qədər tələbənin taleyinin bir nəfərin istirahətindən asılı olmamalı olduğunu bildirdim.
Sonra ABŞ-a getdim, dərslərə başladım, siyahı çıxdı. Müraciət edən demək olar ki, hamının adı vardı, məndən başqa. Zəng elədim o zamankı təhsil naziri Misir Mərdanova. Misir müəllim dəfələrlə “mənlik deyil, yuxarılıqdır” desə də, ad çəkmirdi. O vaxtlar nəinki nazir, hətta bir çox sıravi adamlar üçün Ramiz Mehdiyev adını demək qorxulu bir şey idi. Sonradan həmin iclasda olanlardan bir neçəsi mənə bildirdilər ki, komissiyada hamı lehimə olsa da, Mehdiyev qəti etiraz edib. “ABŞ onu oxudub bizə Saakaşvili yaradacaq, təqaüdsüz qalıb, qayıdacaq” dediyini bildirdilər.
İlk aylar gündə bir saat soyuqda, qarda piyada getməli olurdum. Kitab almağa, tələbə yoldaşlarla harasa çıxmağa yox, hətta gündəlik yeməyə belə pulum olmurdu. Kitabxanada işlədim, universitetin tələbə birliyində işlədim, qar yağanda qar təmizlədim, ev sahibi başqa ştata gedəndə onun itinə baxmaqla ev kirayəsindən güzəştlər aldım. İqtidara yaxın tələbələr bir ölkədən digərinə həftəsonu əyləncəyə gedəndə, bahalı restoranlarda yeyəndə mən 20 sent ucuz makaron ala bilmək üçün kilometrlərlə yol gedib ucuz mağazadan alırdım. Elə günüm olub ki, bir yağ qabının qapağını dolduracaq qədər yağ, bir kartofum qalıb, onu da bişirəndə yerə tökülüb, ac yatmışam.
Həmin dövrün çətin tərəfi aclıq, maddi və fiziki çətinlik deyildi. Mən dünyanın ən nüfuzlu universitetində oxuyarkən öz ölkəm tərəfindən, onun qərarvericiləri tərəfindən düşmən kimi tələyə salındığımı, bu təhsilin qarşısının alınmasına çalışıldığını düşünürdüm və bu mənə çox böyük mənəvi əzab verirdi.
Mehdiyev həmin illər məndə bəlkə də ömür boyu sağalmayacaq mənəvi yaralar yaratmışdı.
2010-cu ildə ölkəyə qayıdışım da Mehdiyevin siyasətinə üsyanla bağlı idi. Emin Milli və Adnan Hacızadəni həbsə atıb, İRƏLİ gənclərini yüksək vəzifələrə təyin edirdilər və bu gənclər üçün çox pis bir vəziyyət yaradırdı. Gənclər bu durumda yaltaqlığı, mütiliyi seçə bilərdilər deyə qayıtdım.
Həbs olunmağımın da “xeyir-dua”sının Ramiz Mehdiyev tərəfindən verildiyi deyilirdi. 2012-ci ildə həbsdən çıxandan sonra İlham Əliyev həm müxtəlif diplomatlar, həm də öz kadrları vasitəsilə dəfələrlə xəbər göndərmişdi ki, mənim həbsim onların iqtidarının səhvi olub, guya Ramiz Mehdiyev səhv məlumat verib haqqımda, o da inanıb.
İllər keçib, amma həmin günlər yaşadıqlarımın verdiyi mənəvi ağrılar hər dəfə yadıma düşəndə onları yenidən yaşayıram.
Ancaq bu gün Ramiz Mehdiyev özü də özünün qurduğu bu iyrənc sistemin hədəfinə çevrilib. Təsəvvür edin, illər əvvəl nazirlərin belə adını çəkməyə qorduğu Ramiz Mehdiyevi bu gün Etibar Əliyevin və digər saxta deputatların əli ilə tənqid edirlər.
Bəlkə də Ramiz Mehdiyev ömrünün bu çağında qurucusu olduğu sistemin nə qədər iyrənc olduğunu, başqalarının həyatlarına nə zərbələr vurduğunu anlayıb.
Bir gün gələcək, hamısı anlayacaq. O cümlədən indi ölkənin başında olan şəxslər də. O zaman gec olacaqmı, bilmirəm. Bağışlaya biləcəyikmi onları, bunu heç bilmirəm…
Cənab Mehdiyev, bu gün Administrasiyadan gələn tapşırıqla oxuyan xora qoşulub, fürsətdən istifadə edib sənin üstünə gələnlər sırasında olmayacam.
Amma hər halda axirətdə görüşəcəyik. Səninlə də, Əliyevlə də, digərləri ilə də.
Tarix: 11-02-2022, 08:17
Xəbəri paylaş





Xəbər lenti