Sosial şəbəkədə min oyundan çıxanlar: Bizmi günahkarıq, onlarmı?..



Cəmiyyətimiz çox əliaçıqdır. Və klaviatura qəhrəmanlığını çox sevir. Boş-boş çənə döyməyi, klaviatura üzərində müharibəyə girməyi, döyüşməyi, söyüşməyi, qələbə çalmağı sevənlər kifayət qədərdir sıralarımızda. Onlayn mübahisələr, onlayn qazanclar, onlayn qələbələr çoxunun marağındadır. Evimizdən, hətta yatağımızdan çıxmadan əlimizdə telefon Şuşaya da “gedib çıxa bilirik”, kimisə linç edib “öldürə də” bilirik. Yəni cəmiyyətimizin belə “qəhrəman” nümayəndələri çoxdur.

Bir neçə gün öncə “Tiktok” sosial şəbəkəsinə bir saatımı sərf edib, canlı yayımlara və səhifələrə baxdım. Açığı bu səhifələrdə kimin necə pul qazandığı ilə bağlı bir yazı hazırlamaq istəyirdim. Canlı yayımda ayaqlarını açıb göstərənlər, kameranı üzünə deyil, sinəsinə yönləndirib danışanlar, fərqli üslubda təbliğat aparan cinsi azlıqlar, makiyaj dərsi keçənlər, yemək bişirməyi öyrədənlər bir kənara, diqqətimi daha çox sosial şəbəkə istifadəçinin duyğuları ilə oynamağı peşəkar şəkildə bacaranlar çəkdi.
Deməli, hardasa bir rusdilli istifadəçi bir oyun təşkil edir. Deyir ki, "görək Ermənistan, Rusiya, yoxsa Azərbaycan qalib gələcək?" Bizim qəhrəmanlar da Azərbaycanın qalib gəlməsi üçün pullarından keçirlər. Halbuki, pullarından keçənlərin əlinə silah versən, birinci elə özümüzünküləri vurarlar. Niyə tanımadığın insanın təşkil etdiyi bir canlı yayıma pul xərcləyirsən ki? Bəlkə elə o oyunu təşkil edən düşmən tərəfdəndir və sən ona qazandırırsan? Bizim sosial şəbəkə istifadəçiləri çox safdır, ya özlərini çox "ağıllı" sanırlar, ya da düşünmək və sorğulamaq üçün doğru orqandan istifadə etmirlər. Kiminsə yatmasına, kiminsə makiyaj etməsinə, yeməsinə, içməsinə, geyiminə, hansı restorana getməsinə baxmaq insana nə qazandıra bilər ki?
Bir də bu şəbəkədə öz fəaliyyətini reklam edən pullu xidmət göstərən qadın və kişi eskortlar var. Silikon dodaq, süni qaş-kiprik, süni dırnaqlar, qaynaq saçlar, əməliyyatdan çıxmış bədənlər... Qiymətlər o qədər baha da deyil. Amma evləri, yaşayış tərzləri, yedikləri yeməklər, geyindikləri geyimlər, sürdükləri avtomobillər erkən yaşda nikaha girmiş və kasıb şəraitdə yaşayan bəzi qızların diqqətini çəkə bilər. Və o da “məndə niyə yoxdur” deyib, bu insanların məşğul olduqları işin pis və yaxşı olduğunu düşünmədən meyl edə bilər.
Sosial şəbəkələri həyatımızdan çıxarmaq və yaxud qız-qadınları telefonlardan məhrum etmək mümkün deyil. Maarifləndirmə aparmaq lazımdır, şərtdir. Bu gün insanlar başa düşməlidir ki, baxdığın və ya gördüyün hər şey əslində göründüyü kimi deyil, sənin görmək istədiyin kimidir. Bunun əks tərəfinin nə olduğunu bilmirsən. Medalyonun iki üzü var deyirlər. Sən bir üzünü görə bilirsən. Əks tərəfdə olan digər üzünü görmürsən. Yəni bu gün özünü ilahiləşdirib, beyinlərinizə girən qadınların əsl həyatını bilmirsiniz. Bu gün özünü qəhrəman kimi təqdim edənlərin iç üzünü bilmirsiniz, bu gün reklam edilən yeməklərin belə orjinal olduğunu bilmirsiniz. Odur ki, unutmayın, hər şey göründüyü kimi deyil. Bunu özünüzə təlqin edin. Sosial şəbəkələrə, kiminsə oyunlarına və ya canlı yayımlarına pul xərcləməyin. Əgər əyləncə məqsədi ilə baxacaqsınızsa, baxın. O həyatları yaşamaq arzusu ilə alışıb yanmayın. Bəlkə həyatına qibtə etdiyiniz insan hər gün sizin həyatınızı yaşamaq üçün Allaha dua edir. Bunu ki, bilmirsiniz?!
Tarix: 12-02-2022, 13:52
Xəbəri paylaş





Xəbər lenti