Şikayətlərə baxılmasının acınacaqlı vəziyyəti və məhkəmə müdafiəsinin problemləri

Fəxrəddin Mehdili, Hüquqşünas
Konstitutsiyanın 57-ci maddəsinə əsasən vətəndaşların dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. “Vətəndaşların müraciətləri haqqında” qanun isə bununla bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müracitlərə baxması qaydasını müəyyən edir.
Həyatda rastlaşdığımız çoxsaylı faktlar, sosial şəbəkələrdəki və televiziya verlişlərindəki müşahidələrdən görünür ki, vətəndaşların ərizə və şikayətlərinə baxılmasında acınacaqlı vəziyyət yaranmışdır. Bu onunla əlaqədardardır ki, “Vətəndaşların mürəciətləri haqqında” qanunun tələbləri pozulur, vətəndaşların dövlət orqanlarına ünvanlanmış ərizə və şikayətləri yenidən barəsində şikayət verilən subyektə və ya vəzifəli şəxsə göndərilir, halbuki həmin qanun 7.13 maddəsində göstəriir ki, vətəndaşların müraciətlərini aidiyyatı üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəktəsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandadır. Ikincisi, çox vaxt aidiyyatı üzrə vətəndaşların ərizə və şikayətlərini həll etməli olan hüquq mühafizə, istintaq və məhkəmə orqanlarından dövlət orqanlarına göndərilən şikayətlərin sayı çoxalmaqda davam edir.
Şikayətlərinin istintaq və məhkəmə orqanlarında həllini tapa bilməyən vətəndaşlar televiziyalara üz tutaraq kömək axtaırırlar, nəticədə televiziyalar kirminal və məişət zorakılıqlarının araşdırlmalarının məkanına çevrilib.
Vətəndaşların əzirə və şikayətlərində baxılmasında mövcud olan gərginlik, xüsusilə istintaq və məhkəmə orqanlarındakı təşkilatı – hüquqi problemlərlə də bağlıdır.
Birincisi, istintaq orqanlarının çoxşaxəli olmasıdır: Mövcud olan çoxşaxəli istintaq strukturu vətəndaşların pozulmuş hüquqlarının operativ müdafiəsinə imkan vermir: Prokurorluğun istintaq idarəsi, Daxili İşlər Nazirlərliyin istintaq idarəsi, Dövlət Təhülkəsizlik Xidmətinin istintaq idarəsi, Ədliyyə Nazirliyinin istintaq idarəsi, Fövqalədə Hallar Nazirliyinin istintaq idarəsi, Dövlət Gömrük Komitəsinin istintaq idarəsi, Dövlət Vergi Xidmətinin İstintaq İdarəsi, Dövlət Sərhət Xidmətinin İstintaqı və s.
Dünya təcrübəsində olduğu kimi vahid mərkəzləşdirlmiş istintaq orqanının olmaması istintaqda təşkilatı və prosessual baxımıdan ikili tabeçilik formalaşdırıb bu isə öz növbəsində ibtidai istintaqda süründürməçiliyə , istintaq aidiyyatının seçilməsindəki subyektivliyə, sui-istifadələrə və s şərait yaradır. Ona görə də bu sahədə koordinasiya və operativliyə nail olmaq üçün vahid mərkəzləşdirlmiş istinaq orqanın yaradılmasına ehtiyac var.
Ikincisi, vətəndaşların səmərəli məhkəmə müdafiəsinə əlçatımlılığı problemi. Vətəndaşların ərizə və şikayətlərin çox böyük hissəsi inzibati orqanlardan verilən şikayətlər və iqtisadi mübahisələr üzrə yaranan icraatlarla bağlıdır. Bu xarakterli icraatlar üçün bölgələr üzrə Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan inzibati və kommersiya məhkəmələrinə yaradılmışdır. Lakin rayonlarda yaşayan vətəndaşların inzibati , iqtisadi mübahisələri həll etmək üçün bölgələrdəki inzibati və kommersiya məhkəmələrə müraciət etməsi vətəndaşlar üçün vaxt və maddi baxımdan əlçatımlılıq prinsipinə cavab vermir. Səmərəli məhkəmə müdafiəsi vətəndaşlar üçün əlverişli və əlçatımlı olmalıdır və ona görə də rayon məhkəmələrinə birinci instansiya məhkəməsi kimi inzibati, iqtisadi mübahisələr üzrə icraatların da verilməsi məhkəmələri vətəndaşlar üçün əlçatımlı edərdi.
Üçüncüsü, məhkəmə prosesinin ağlabatan müddətə başa çatması. Konstitusiyanın 60-cı maddəsində əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağılabatan müddətə baxıslın. Lakin məhkəmə qərarlarından tərəflərin şikayət verməsini nəzərə alsaq, şikayətin bütün məhkəmə mərhələlərindən keçməsi bir ilə yaxın vaxt tələb edir və bəzən mülki işlər üzrə Apellyasiya və Ali Məhkəmə instansiyaları arasındakı işin dövriyyəsi müddəti qanunda müəyyən edilmədiyindən illər keçir. Məhkəmə instansiyalarında böyük vaxt itirlməsi ilə ağlabatan müddət prinsipi pozulur və vətəndaşlar səmərəli məhkəmə müdafiəsndən məhrum olur.
Ona görə də məhkəmə icraatlarının müddətlərinin qısadılmasına, işlərin Apellyasiya və Ali Məhkəmə instasniyaları arasındakı dövriyyəsi müdətlərinin dəqiq müəyyən edilməsinə və bu müddətlərin məhdudlaşdırlmasına ehtiyac var.
Dördüncüsü, Məhkəmə qətnamələrinin icra olunmaması ilə bağlı problemlər. Bu sahədə də vətəndaşların ərizə və şikayətlərinin sayı az deyil, xüsusi ilə aliment üzrə qətnamələrin icra olunmaması. Bu eyni zamanda işsizliklə bağlı olduğundan alimentlər üzrə qətnamələrin icrasında böyük problemlər yaşanır, bundan isə uşaqlar əziyyət çəkirlər. Ona görə də aliment fondunun yaradılması uşaqları müdafiə etmək üçün hazırda əsas vasitədir.
Beşincisi, Məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun artırılması problemi. Artırılan dövət rüsumları vətəndaşların maddi imkanlarına uyğun deyil, Dövlət rüsüumu haqqında qanuna dəyişiklik edilərkən məhkəməyə müraciət üçün dövlət rüsumunun artırlmasının vətəndaşların məhkəmə müdafiəsi üçün çox çətinliklər yaradacağı bildirildi. Hazırda vətəndaşlar bu çətinliklərlə üz-üzədir.
Məhkəməyə müraciət etmək üçün dövlət rüsumunlarının vətəndaşlar üçün əlçatan edilməsinə böyük ehtiyac var.
Altıncısı, vətəndaşları incidən, süründürməçiliyiə yol verən vəzifəli şəxslərin məhkəmə məsuliyyəti. Vəzifəli şəxslərin qanuna zidd hərəkət və hərəkəsizliyi ilə vətəndaşları incitməsi, süründürməçiliyə yol verməsi aşkar olunduğu təqdirdə məhkəmənin vəzifəli şəxsləri məsuliyyətə cəlb etməsi üçün xüsusi qərardad çıxarılmasına və eyni zamanda cərimə sanskiyları tətbiq etməsi ilə əlaqədar qanunvericiliyə dəyişiklilər edilməsinə ehtiyac var.
Şərh edilənlər, əlbəttə, vətəndaşların ərizə və şikayətlərinin vaxtında, obyektiv həll edilməsinin bütün səbəblərini əhatə etmir, bunun üçün daha sistemli islahatlar lazımdır. Lakin qeyd edilən qanunvericilik dəyişiklikləri qismən də olsa ərizə və şikayələrin həll edilməsinə, vətəndaşların məhkəmə müdafiəsinə kömək göstərə bilər, vətəndaşlar da pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün yuxarı dövlət orqanlarına, televiziyalara deyil, məhkəmə orqanlarına üz tutarlar.
Tarix: 12-02-2022, 21:30
Xəbəri paylaş





Xəbər lenti