Gəzməyə gedənlər dövlət işində çalışanlardır . Sıradan insanların ona imkanı çatmır


Novruz bayramının gəlişinə az müddət qalıb.

Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) qeyri-iş günü olacaq.

Bayram tətilini də hərə bir cür dəyərləndirir. Kimisi istirahət üçün bölgələrə, kimisi də xarici ölkələrə üz tutur.

Görəsən, hazırda turizmlə bağlı vəziyyət necədir? Vətəndaşlar istirahət üçün hansı ölkələrə getmək istəyirlər? DİA.AZ-ın məlumatına görə, "Axis travel" şirkətinin rəhbəri Xalid Əsgərzadə Cebhe.info-ya bildirib ki, əvvəlki illərlə müqayisədə müraciət çox aşağıdır:

"Xarici ölkələrə turlar tələbata, istəyə görə təşkil olunur. Əsasən, Dubay şəhəri və qonşu Türkiyəyə turlarımız var. Sorğular daha çox Dubay üzrədir. Türkiyədə isə İstanbul turları ilə maraqlananlar var".

Şirkət rəhbəri qeyd edib ki, Dubay turları 5 gecə, 6 gün olmaqla 1 nəfər üçün 550-600 ABŞ dolları arasındadır. İstanbul turları da, təxminən 500-550 ABŞ dolları civarındadır.

"Zen travel" şirkətinin nümayəndəsi İntiqam Yaqubov isə deyib ki, vəziyyət ürəkaçan deyil:

"Ötən illərdə quru sərhədlə Türkiyəyə bayram turlarında 2-3 avtobus təşkil olunur, 140-150 nəfər səyahət edirdisə, bu il istər Yeni ildə, istərsə indi heç 25 müraciət olmur. Biz həmişə yanvarın sonu, fevraldan turları elan edib, satışa başlayırıq. Bu il də Türkiyə ilə quru sərhədlərimiz Naxçıvan üzərindən açıqdır. Amma müraciət çox azdır. Aviabilet tur paketlərlə gedənlər bilirik ki, dövlət müəssisələrində çalışanlardır. Sıradan insanların ona imkanı çatmır".

Qeyd edək ki, Azərbaycan qonşu ölkələrlə quru sərhədlərini yeni növ koronavirus pandemiyası səbəbi ilə 2020-ci ilin martında bağlayıb.
Tarix: 15-02-2022, 21:48
Xəbəri paylaş





Xəbər lenti