Təbii artımda dəhşətli azalma


Fərid Mehrəlizadə
Azərbaycanda demoqrafiq statistika ilə bağlı ən çox gündəmə gələn məsələ boşanmaların sayıdır. Nədənsə bir il ərzində qeydə alınan boşanmaların sayını il ərzində qeydə alınan nikahların sayına bölərək tez-tez “hər üç ailədən biri dağılır” ağlaşması qurulur. Halbuki nəzərə almaq lazımdır ki, nikah sayları sadəcə bir ildə qeydə alınan nikahların sayını göstərsə də, boşanma sayları təkcə bu il yox, indiyədək qeydə alınan bütün nikahlar arasındakı boşanmaların sayını göstərir. Ona görə, bu müqayisə uğursuzdur. Əhalinin hər min nəfərinə düşən boşanmaların sayına baxdıqda görünür ki, boşanma saylarında qeyri-adi bir artım yoxdur. Amma, Azərbaycanda demoqrafiq statistika ilə bağlı narahatlıq yaratmalı olan başqa məqamlar var.
Dünən DSK 2021-ci il üzrə yekun göstəriciləri açıqlayıb. Nəticələrdən aydın olur ki, ölüm sayına görə, ardıcıl iki ildir antirekord qeydə alınır. 2020-ci ildə Azərbaycanda ölənlərin sayı əvvəlki illərə nəzərən birdən-birə 20 min nəfər artaraq 55 mindən, 75 min nəfərə çatmışdı. Bu, o vaxtadək Azərbaycanda qeydə alınan ən yüksək göstərici idi. Ötən ildəki ölüm sayı isə, hətta 2020-ci ili də geridə qoyub. Ötən il Azərbaycanda 76 min 878 ölüm halı qeydə alınıb. Maraqlıdır ki, koronavirus ölümlərini çıxsaq da, ardıcıl iki ildir 15 min “artıq ölüm” qeydə alınır. Ən pisi isə odur ki, ölənlərin 40 faizi 65 yaşa çatmayanlardır. Ölənlərin 1793 nəfəri (2,3 faizi) 0-17 yaşda, 7747 nəfəri (10,1 faizi) 18-49 yaşda, 21,004 nəfəri (27,3 faizi) 50-64 yaşda, 46,334 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.
Ölənlərin sayı artdığı kimi, doğulanların sayında da ciddi azalma var. Əgər 2019-da ölkədə 141 min uşaq doğulmuşdusa, 2020-ci ildə bu rəqəm 126 minə, 2021-ci ildə isə 112 minə enib. 2021-dəki rəqəmləri nisbətən 2020-dəki toy qadağası ilə izah etmək olar müəyyən qədər. Amma 2020-də qeydə alınan göstərici göstərir ki, doğum sayında təbii azalma da var.
Ölümün artmasına paralel olaraq doğum da azaldığı üçün, ölkədə təbii artım göstəricisi (doğulanlar və ölənlər arasındakı fərq) də kəskin aşağı düşün. Əgər 2015-ci ildə Azərbaycanda təbii artım 115 min nəfərə bərabər idisə, bu rəqəm 2019-da 85 minə, 2020-də 51 minə, 2021-də isə cəmi 35 minə bərabər olub.
Tarix: 17-02-2022, 17:07
Xəbəri paylaş





Xəbər lenti