“Sahil müəllim, gəlin insanların dövlətə sevgisini və inamını sarsıltmayaq” - ƏTRAFLI


Bu gün əhali arasında sorgu keçirilsə, yüzdə-yüz Əmək və Əlahilinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilk pilləni tutar. Təbii ki, irrasional fəaliyyətinə görə. Əksəriyyət bu qurumun fəaliyyətindən narazıdır.
ƏƏSMN-də şikayətçi olan daha bir şəxs İmişli rayonunun Xoşçobanlı kənd sakini İsmayılov  Rahim Qafil oğlu son ümid kimi bizə müraciət edib. Müraciətdə deyilir: “2012-ci ilin yanvar ayının 25-də həqiqi hərbi xidmətə çağrılmışam. Cəmi iki ay sonra xəstəliyimə görə tərxis olunmuşam. Mənim onurğa sütunumda əyrilik aşkar edilib. Yəni ayaq üstə çox dayana bilmirəm. Hərbi hissənin göndərişi ilə o zaman hərbi qospitalda və Nazirliyin Bakıdakı müayinə mərkəzində oldum. Müayinələrdən sonra mənə ikinci qurup əlillik dərəcəsi və ayda 130 manat təqaüd verdilər.
Ta ki, 2021-ci ilin iyul ayınadək. Məhz bu tarixdən mənim 130 manat dərman pulum kəsildi. Məsələ ilə bağlı İmişli rayonunda və Bakıda təkrar müayinə olundum. Nəticədə əlilliyim ləğv edildi. Halbuki, bu illər ərzində 4 dəfə əməliyyat olunmuşam. Amma xeyri olmayıb. Müalicəmin mümkün olmadığını söylədilər. Amma ƏƏSMN-nin əməkdaşları Allahsızcasına dedilər ki, “sən əlil deyilsən”. Halbuki, mən narkozla və yüksək dozalı ağrıkəsicilərlə yaşayıram. Amma neyniyim  ki, mənim dərman pulumu kəsdilər. İndi müalicə də olunmuram. Vəziyyətimsə günbəgün ağırlaşır”.
Əminliklə deyə bilərəm ki, Rahim kimilər bu gün az deyil. ƏƏSMN-nin müvafiq qurumlarının yanlışlığı, səhvi və bəlkə də məsələyə başdansovdu münasibəti təəssüf ki, ciddi narazılıqlar yaradır.
Bəli, heç kimə sirr deyil ki, bəzi adamlar əyri yollarla əllik dərəcələri alıb. Hətta mən kifayət qədər saxta “müharibə veteranı” tanıyıram. Bir faktı deyəcəm. Deməli, 90-cı illərin ikinci yarısında axmaq bir “dəb” yaranmışdı. Yerindən duran saxtakarlıqla və çox asanlıqla müharibə veteranı adı alırdı. Bu adın alınması üçünsə heç də dağa-daşa düşmək lazım deyildi. 1990-1993-cü illərdə Qarabağa və o zaman işğal altında olan digər rayonlara ezam olunan istənilən şəxs bunu ala bilirdi. Bunun üçün ezamiyyə əmrinin arxivdən surəti götürülürdü və hansı rayona ezam olunubsa, o rayonun İcra Hakimiyyətindən təsdiq arayışı alınırdı ki, “Həqiqətən filankəs filankəsov rayonumuzda ezamiyyətdə olub, qaynar nöqtələrə gedib”. Vəssalam… Bu 2 sənədi götürüb gedirdilər qeydiyyatda olduqları rayonun hərbi komissarlığına.Və cəmi bir neçə aya olurdular müharibə veteranı. Həmin saxta veteran vəsiqəsi alanlar arasında deputatlar da var, şirkət rəhbərləri və sadə işçilər də. Məsələn, mənim o vaxt işlədiyim kollektivdə ən azı 150-200 nəfər bu minvalla saxta veteran vəsiqəsi, dövlət təzminatı və imtiyazları qazandılar. Hələ bu azmış kimi bəzi yerlərdə qırmızı veteran vəsiqəsini göstərib bar-bar bağıranlard a olurdu ki, “mən müharibədə can qoyanda siz harada idiniz”.
 
Bəli, bu və buna bənzər hallar son 30 ildə baş verib.  Saxtakarlıqla veteranlıq, əlillik alanlar kifayət qədər çoxdur. Və bu cür halların gec də olsa aradan qaldırılması diqqətəşəyan haldır. Amma bu məsələni “babam mənə kor dedi, hər gələnə vur dedi” prinsipi ilə aparılmamalıdır. Hər bir insanın şəxsiyyətinə və mövcud durumuna həssaslıqla yanaşılmalıdır. Kiməsə xoş gəlsin deyə insanlar incidilməməlidir. Üstəlik, varislik prinsipi var. O əlilliyi verən ƏƏSMN əməkdaşları olub. Ən azı Nazirliyin imicinə xələl gəlməməsi üçün tez-tələsik qərarlar verilməməlidir. Sadə fətəndaş üçün nə fərqi var ƏƏSMN başında dünən kim idi, bu gün kimdir. Sadə vətəndaş dölətini tanıyır və dövlətin adından çıxış edən qurumlardan da ədalət gözləyir.
Lap deyək ki, vətəndaş rüşvət verib əlillik alıb. Axı, bu rüşvəti ƏƏSMN-nin hansısa əməkdaşına verib də… Bəs həmin əməkdaş niyə cəzalandırılmır? Niyə məsələyə obyektiv yanaşılmır?
Mən adamlar tanıyıram ki, 20, 25 və hətta 30 ildir ki, sosial təminat sahəsində işləyir. Və bu adamlar bütün nazirlərin dövründə “yağ içində böyrək” kimi yaşayıb. Və saxta əlillik dərəcəsi verənlər cərgəsində onlar da var. Di gəl ki, bu gün də onların “Araz aşığından, Kür topuğundandır”.
Hansısa rüşvətxorun cəzasını yetim-yesirə, imkansıza kəsmək Allaha xoş gəlməz. Bu gün müharibədə iştirak edib, yaralanan onlarla qazimiz var ki, əlillik dərəcəsi alacağı ümidi ilə qapıları döyür.
Eləcə də, Rahim kimi haqqı tapdalanan onlarla insan var ki, dövlətdən və dövlətin aidiyyatı qurumlarından ədalətli qərar gözləyir.
Sahil müəllim, gəlin insanların dövlətə sevgisini və inamını sarsıltmayaq. Bu heç birimizə başucalığı gətirməz.
Surxay Atakişiyev,
KONKRET.AZ.
Tarix: 17-02-2022, 22:43
Xəbəri paylaş





Xəbər lenti