“Rüşvətlə vəzifə almağa hazırsınız?.. –Bu əqidənızə görə yalnız Mehdiyev suçlumu?.."

“Rüşvətlə vəzifə almağa hazırsınız?.. –Bu əqidənızə görə yalnız Mehdiyev suçlumu?..
“Öz qəlbinizə, öz içinizə yaxşı baxın; hər birinizin içində bir Ramiz Mehdiyev oturub və sizi rüşvətsiz, yalansız yaşamağın mümkün olmadığına və məhz bu yollarla işləyib yaşamağa  səsləyir...”
 
“26 il öncə - 1996-cı ildə bütün ölkənin korrupsionerliyindən danışdığı, bütün naqolay işləri, ərzaq və çörək qıtlığını, pulsuzluğu, bahalaşmanı və s. boynuna yüklədiyi Rəsul Quliyevi ABŞ-a yola saldıq, korrupsiyanın kökü kəsildimi?..” 
 
-FİKİR SAVAŞI...-
 
...Ramiz Mehdiyev, nəhayət ki, getmək üzrədir... Hər iki mənada... 84 yaşında... Öz işlərini uğurla icra etdikdən sonra... 25 il müstəqil  Azərbaycanda, 20 ilə yaxın SSRİ tərkibindəki Azərbaycanda yüksək siyasi və ideoloji(!) vəzifələr tutaraq... İki ildən də çox  Azərbaycan elminin başında oturaraq... Düzdü, deyirlər, hələ Prezident onun istefasını təsdiqləməyib, nə bilim, Təhlükəsizlik Şurasının üzvü vəzifəsində qalır... Bütün hallarda, dediyim kimi, Ramiz Mehdiyev öz əsas işini görüb, əsas funksiyasını oynayıb... Və bundan sonra onun AMEA-nın başında, yaxud TŞ üzvlüyündə qalıb-qalmamasının Azərbaycandakı duruma o qədər də ciddi təsiri olmayacaq... O, heç açıq-açığına müxalifətə də keçməyəcək ki, ölkədəki proseslərə nəsə təsir göstərə bilsin...
 
İndi az qala, bütün respublika Ramiz Mehdiyevin qabırğasına döşəyir... Ölkənin, xalqın bütün problemlərində onu suçlayırlar... Onu ölkədə rüşvətxorluğun, saxtakarlığın kök atmasında, nazirlərin, icra başçılarının, rəislərin, məhkəmələrin və s. rüşvətlə təyin olunmasında, deputatların rüşvətlə seçdirilməsində, rüşvətlə hər yetənə elmlər doktoru, professor adı verilməsində  və s. günahlandırırlar...
 
Təbii ki, bütün bu deyilənlər milli(!) və müstəqil(!) dövlətimizin müvafiq qurumları tərəfindən ciddi araşdırılmalıdır. Əgər hüquqi təsdiqini taparsa,  Ramiz Mehdiyev qanunla və layiqincə cəzalandırılmalıdır. Və əlbəttə, onun etiraflarında şərikləri, yaxud bu cinayətlərə onu vadar edənlər də aşkara çıxarsa, onlar da gərəyincə cəzalarına yetməlidir...
 
Yaxşı, tutaq ki,  ədalət öz yerini tapdı və ölkədəki əsas cinayətkarlar kimi Ramiz Mehdiyev də öz cəzasını aldı...  O halda  sual olunur: bəs deyilənə görə, ona rüşvət çatdırıb nazir, icra başçısı, deputat və s. olanlar(əlbəttə, bir neçə artıq cəzalnamışı istisnadır) cəzasızmı qalacaq? Məgər belələri ölkədə korrupsiyanın, məmur özbaşınalığının baş alıb getməsində yetərincə rol oynamayıblar? Eləcə də onların rüşvətlə vəzifə başına gəlməsini alqışlayan, onları təbrik edən, “filankəs müəllim”, “cənab bəhmənkəs” deyə-deyə qarşılarına yüyürən doğmaları, əzizləri, qohumları, dostları... Habelə bu yollarla vəzifə başına gəlmiş, deputat mandatına yiyələnmiş məxluqları pul-para qoparmaq, yaxud sadəcə, yalmanmaq səbəbilə telekanal, qəzet və saytlarda təbliğ edən zurnalistlər, yazarlar, redaktorlar,  məddah şair və yazıçılar... Bunların, ən azı, mənəvi günahlarına görə cəzaları necə veriləcək? Və belə qohum-əqrəba, dost-tanış, zurnalist, yazar, şair və sair. Ramiz Mehdiyev gedəndən sonra öz xislətlərini dəyişəcəkmi?  Bu günədək rüşvət almış, tender fırıldağı, saxta dərman satışıyla məşğul olmuş başçı, deputat, nazir bundan sonra bu şakərlərini tərgidəcəkmi? Çox çətin... İnanmaq olmur...  
 
Yaşlı və orta yaşlı nəslin yaxşı yadında olar, 25-26 il öncə, 1995-1996-cı illərdə bütün ölkə Rəsul Quliyevin korrupsionerliyindən danışırdı. Respublikadakı bütün naqolay işləri, ərzaq və çörək qıtlığını, pulsuzluğu, bahalaşmanı,  məmur özbaşınalığını, hətta 1995-ci ilin Mart qırğınını da onun boynuna qoyurdular... “Yazıq”, Milli Məclisin sədri kimi heç bir il də işləmədi(1993-1995-ci illərdə Ali Sovetin sədri olmuşdu)... Yola saldılar getdi düz xoşbəxtlər(?) ölkəsi Amerikaya... Və bəzi sadəlöhvlər elə bildi ki, Rəsul Quliyev gedəndən sonra ölkədə heç bir korrupsiya-filan olmayacaq... Amma Rəsul Quliyevin Azərbaycanın siyasi və iqtisadi-sosial meydanındakı yoxluğundan artıq 26 il ötür... Korrupsiyanın, rüşvətin kökü kəsildimi?  Bahalaşmanın, yoxsulluğun, məmur özbaşınalığının qarşısı alındımı?  Xeyr, əksinə, bundan sonra bütün bu amillər daha da çiçəklənməyə başladı... Düzdü, şəhərlərimiz, kəndlərimiz, küçələrimiz, maşınlarımız, evlərimiz(əgər varsa) qiyafələrimiz, telefonlarımız, yeməklərimiz, içkilərimiz zahirən gözəlləşdi... Qiymətlər yerində qalmasa da, maaşlar da bir az artdı... Nəticədə haram pulla tikilmiş villaların, malikanələrin sayı günbəgün artdı... Və cəmiyyətimizin mahiyyəti, düşəncə, davranış və həyat tərzimiz eyni cür qaldı... Əsasən sovet dövrü, xüsusən 60-70-ci illərindən bəri həm də maaş, əmək haqqı azlığından yararlanmaqla  formalaşdırılmış rəhbəri, mühəndisi, hətta fəhləsi, süpürgəçisi olduğun idarəni, zavodu, fabriki, rayonu və s. “yeyib-dağıtmaq” xisləti, yalançılıqla, rüşvətlə, saxtakarlıqla, dələduzluqla qazanmaq, vəzifələrdə irəli getmək niyyəti... 
 
Rəsul Quliyevdən sonra da Ramiz Mehdiyev və onun rəhbərlik etdiyi aparat işləyirdi... Nazirlərin, başçıların, rəislərin, müdirlərin və s. rüşvətlə təyini, deputatların saxtakarlıqla “seçilməsi” və s. və i.a. Və 3-cü ildir Ramiz Mehdiyev o vəzifədə yoxdur. Həmin “milli” ənənə durdurulubmu? Yoxsa yenə də kimlərsə davam elətdirir? Özünüz baxın, düşünün və cavab verin... Amma onu bilirəm ki, ətrafda, dost-tanış, qohum-əqrəba, demək olar ki, əksəriyyət rüşvətlə, saxtakarlıqla, yalançılıqla işə, vəzifəyə düzəlmək, pensiya, sosial müavinət kəsdirmək, yaxud pul alıb bunları başqaları üçün etdirmək və s. xislətini durdurmayıb... Nə qədər deyirsən ki, bəsdirin, dayanın, öz əlinizlə “KQB”-“QRU”-korrupsiya şəbəkəsinə dayaq verib öz ölkənizi daha da pis günə qoymayın... Deyirlər ki, əşşi, sən nə danışırsan e, sən bu ölkədə yaşamırsan, görmürsən, hamı bu yolla dolanır?  Bacarana can qurban, palaza bürün el ilə sürün... 
 
Ramiz Mehdiyevləri söyməkdən doymayan bəzilərindən soruşuram ki,  yuxarıda adamlarım var, rüşvətlə, tanışlıqla vəzifəyə, boş deputat yerlərinə getməyə hazırsınızmı...  Deyirlər ki, əlbəttə... Sən, sadəcə, de ki, hansı vəzifənin qiyməti nə qədərdir... Hətta əlində bir qəpik olmayan kasıb-kusub da deyir ki, ə, dayan görüm, qohum-əqrəbadan bir şey topalaya bilərəm, sonra işləyib borclarını qaytararam... Belələrinə cavab verirəm ki, mənim nə yuxarıda adamım var, nə də kimisə vəzifəyə, deputatlığa təyin etdirmək niyyətim.. Sadəcə, sizi sınayırdım... İndi cavab verin: bu xislətinizə görə, rüşvətlə, yalanla, saxtakarlıqla varlı, zəngin, firavan yaşamaq arzularınıza görə yalnız Ramiz Mehdiyev suçludurmu? Daha kimlərdir bu “ənənə”ni ölkədə təbliğ edən? Bir yaxşı düşünün... Bəlkə günahkar ilk növbədə özünüzsüz, öz nəfsinizdir? Axı Ramiz Mehdiyevlər kimisə zorla boynundan tutub gətirməyib ki, gəl rüşvət ver başçı, yaxud deputat ol - hamısı özləri könüllü seçib bu yolu?  Və Quranda deyildiyi kimi, Ramiz Mehdiyevlər Axirət günündə də eynən Şeytanın özü təki Allaha belə cavab verəcəklər ki, biz onları məcbur etmirdik, onlar özləri bizim göstərdiyimiz çirkin yola gəlirdilər... Odur ki, 10 Ramiz Mehdiyev getsə də,  15 nazir, başçı çıxarılıb, tutulub dəyişdirilsə də, korrupsiyanın, rüşvətxorluğun, məmur özbaşınalıının kökü kəsilən deyil... Ona görə ki, çoxumuz hələ əsl gerçəkləri görə bilmirik, çoxumuz hələ öz nəfsimizə hakim deyilik, əksinə, onun quluyuq... Öz qəlbinizə, öz içinizə yaxşı baxın; hər birinizin içində bir Ramiz Mehdiyev oturub və sizi rüşvətsiz, yalansız yaşamağın mümkün olmadığına və məhz bu yollarla işləyib yaşamağa  səsləyir... Və nə qədər ki, bu xislətimiz, bü düşüncə, bu həyat tərzimiz dəyişməyib, nə qədər ki, sözlərimizlə, yazdıqlarımızla əməllərimiz uyğun gəlmir, nə qədər ki, öz nəfsimiz və əməllərimizlə bu “KQB”-“QRU”-korrupsiya şəbəkəsinə enerji veririk, nə qədər ki, bir ütülü, qalstuklu şəxsi(!)ət görən kimi qarşısında təzim edirik, ölkəni, cəmiyyəti istədiyimiz kimi görə bilməyəcəyik... 
 
Allah-Təala Qurani-Kərimdə boş yerə buyurmur: “Bir cəmiyyət özünü dəyişməyincə Allah da onu dəyişdirməz...”
 
Sultan Laçın  

Tarix: 18-02-2022, 14:41
Xəbəri paylaş





Xəbər lenti