Nəcməddin Sadıkovun adamları həbsdə - onu tutacaqlar, yoxsa...


Hərbi ekspert: “Bu gün cəmiyyət Nəcməddin Sadıkovun ən sərt şəkildə cəzalandırılmasını gözləyir”

Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi həbs edilib. Bu barədə Baş Prokurorluqdan bildirilib. Qeyd olunub ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələrlə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, M.Şirvanov Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi  polkovnik Qurbanov Məlikməmməd Oruc oğlundan əvvəl sözügedən vəzifədə çalışıb. M.Qurbanov da bir neçə gün əvvəl həbs olunub. Yada salaq ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyində  maliyyə pozuntuları ilə bağlı Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadə həbs edilib. Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.
Son həbslərlə bağlı ekspertlər iddia edirlər ki, onlar Baş Qərargahın sabiq rəisi Nəcməddin  Sadıkovun ən yaxın adamlarıdır. Həbs edilənlərin hamısı Nəcməddin Sadıkovun birbaşa dəstəyi ilə vəzifələrə təyin edilmiş şəxslərdir. Bəs Nəcməddin Sadıkova növbə nə vaxt çatacaq? Onun haqqında ölkədən çıxmamaq barədə qərar verildiyi deyilir.
Amma bəzi xoşagəlməz nümunələr də var. Məsələn, Eldar Mahmudovun bütün ətrafı həbsə getsə də, onun özünə “gözün üstə qaşın var”  deyən olmadı. Eləcə də sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin müavinləri ona rüşvət verdiklərini təsdiqləsələr də, nazir məsuliyyətdən kənarda qaldı. O halda istisna deyil ki, Nəcməddin Sadıkovun talançı dəstəsi həbsə getsə də, Baş Qərargahın sabiq rəhbəri azadlıqda qala bilər. Ekspertlər nə düşünür?

Hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a deyib ki, Müdafiə Nazirliyinin son günlərdə həbs edilən yüksək rütbəli zabitləri, maliyyəçilər Nəcməddin Sadıkovun kadrlarıdır: “Müdafiə Nazirliyi Baş Qərargahının Nazirliyin Maliyyə Xidməti ilə birbaşa əlaqəsi yoxdur. Baş Qərargah beyin mərkəzidir, maliyyə, təminat işlərinə aidiyyəti yoxdur. Lakin Nəcməddin Sadıkovun fəaliyyəti  nəticəsində orduya vurulan ziyan ölçüyəgəlməz dərəcədə böyükdür. Bu məsələyə hüquqi qiymət verilməyib. Bu gün Azərbaycan cəmiyyəti Eldar Mahmudovun, Nəcməddin Sadıkovun və onlar kimi şəxslərin Azərbaycan qanunları çərçivəsində ən sərt şəkildə cəzalandırılmasını gözləməkdədir”.
Hərbi ekspert deyir ki, Nəcməddin Sadıkovun 1-ci Qarabağ müharibəsi dövründəki fəaliyyəti də diqqətdən kənarda qalmamalıdır: “Bugünlərdə Hərbi Prokurorluğun Xüsusilə Mühüm İşlər üzrə sabiq böyük müstəntiqi Kamal Əliyev Nəcməddin Sadıkovun dövlətə xəyanət etməsi ilə bağlı ittihamlar səsləndirdi. Dedi ki, I Qarabağ müharibəsi zamanı, 1993-cü il dekabrın 30-dan 31-nə keçən gecə Ağcabədi istiqamətində keçirilməsi planlaşdırılan, lakin 1 gün gecikmə ilə baş tutan və uğursuzluqla nəticələnən ”Çeyildağ" əməliyyatı zamanı həlak olan 82 hərbçi xəyanətin qurbanı olub. Həmin vaxt Baş Qərargah rəisi Nəcməddin Sadıkovun əmri ilə əməliyyat bir gün təxirə salınıb. Nəticədə 82 azərbaycanlı hərbçi tələyə salınaraq öldürülüb və ya itkin düşüb. Döyüş əməliyyatının bir gün yubandırılmaqla keçirilməsinə görə hərbçilərimiz ermənilər tərəfindən Əfqanıstanda sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuş “Oqnevoy meşok” deyilən tələyə salındı və nəticədə 82 hərbi qulluqçu şəhid oldu. Əməliyyatın nəticələri ilə bağlı Nəcməddin Sadıkov, müdafiə nazirinin müavini Elbrus Orucov, nazirliyin əməliyyat idarəsinin rəisi Vasyak Aleksandr Petroviç və digərləri raportlar yazıb, müvafiq izahatlar tərtib etdilər. Həmin raportda göstərilmişdi ki, “Çeyildağ” əməliyyatının acınacaqlı sonla nəticələnməsinin səbəbi o zamankı N saylı hərbi hissənin komandiri polkovnik-leytenant Talıb Məmmədovun şəxsi heyət və texnikanın əməliyyatdakı iştirakını qəsdən təmin etməməsi olub.
Kamal Əliyev həmin raporta uyğun təqdim olunmuş materiallar əsasında Talıb Məmmədov barəsində tutulma qərarı çıxarıb. Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb və respublikanın hərbi prokuroru Nizami Təhməzovun sanksiyasına əsasən həbs edilib. Kamal Əliyev bildirir ki, istintaq zamanı əslində Nəcməddin Sadıkovun yazdığı raportun yalan olduğu üzə çıxıb. Müstəntiq 1994-cü ildə Nəcməddin Sadıkov, Elbrus Orucov, Vasyak Aleksandr Petroviç və digərləri barəsində dövlətə xəyanət və vəzifə səlahiyyətlərini aşma (hazırkı redaksiyada Cinayət Məcəlləsinin 274 və 341-ci maddələr) ittihamını irəli sürüb. İstintaq nəticəsində qəti şəkildə müəyyən olunub ki, “Çeyildağ” əməliyyatının məğlubiyyətə uğramasının səbəbləri Nəcməddin Sadıkov tərəfindən əməliyyatın bir gün təxirə salınması və nəticədə əməliyyat haqqında düşmənin əvvəlcədən tam və ətraflı məlumatlandırılması olub. İstintaq tam əmin oldu ki, əməliyyat Nəcməddin Sadıkov və digərləri tərəfindən qəsdən düşmən tərəflə birlikdə koordinasiya olunub. Bu ittihamlar da diqqətdən kənar qalmalı deyil. General Altay Mehdiyev də 1-ci Qarabağ müharibəsində Nəcməddin Sadıkovun fəaliyyəti ilə bağlı çox ciddi ittihamlar səsləndirib. Bu məsələlər araşdırılıb tam hüquqi qiymət verilməlidir".
Hərbi ekspert deyib ki, Nəcməddin Sadıkovun barəsində kifayət qədər çox ittiham səsləndirilib. Həmin ittihamları səsləndirənlərin əksəriyyəti Nəcməddin Sadıkovun fəaliyyətindən xəbərdar olan insanlardır: “Çox təəssüflər olsun ki, bu məsələlərin araşdırılması baş tutmur. Bu məsələlərin araşdırılacağı zaman olacaq. Lakin hazırda bu məsələlərin nə vaxt araşdırılacağı, bu işlərin sonu görünmür”.
Tarix: 25-02-2022, 08:45
Xəbəri paylaş





Xəbər lenti