Ukraynada vağzallarda sabahlayan azərbaycanlılar və "itkin düşmüş" səfirimiz

Ukraynada vağzallarda sabahlayan azərbaycanlılar və "itkin düşmüş" səfirimizElmira Axundova

Ukrayna-Rusiya müharibəsinin getdikcə şiddətləndiyi günlərdə rus təcavüzünə uğrayan Ukraynada bir çox xarici vətəndaşlar şəhərləri tərk edir, Moldova, Polşa, Ruminya sərhədlərinə axın edirlər.

Onların arasında Afrika və Asiya ölkələri ilə yanaşı, Türkiyədən, Azərbaycandan olan insanlar da var. Ümumi götürsək, Ukraynada çoxluq təşkil edən xarici millətlərdən biri, bəlkə də elə birincisi azərbaycanlılardır. Soydaşlarımızın bir çoxu orda Ukrayna vətəndaşlığını qəbul edib, ailə həyatı qurub, yaşayırlar. Ancaq müharibənin gətirdiyi ağrı-acı, şiddət ordakı həmyerlilərimizdən, soydaşlarımızdan da yan keçməyib. İndi Ukraynanın Qərb sərhədlərinə axın edib, ölkəni tərk etmək istəyən əcnəbi vətəndaşlar arasında öz həmyerlilərimiz – azərbaycanlılar da var.
Hətta bu yaxınlarda azərbaycanlı bir ailə müharibənin qurbanı oldu. Bütün bu hadisələr fonunda bir çox xarici dövlətlərin səfirlikləri Ukraynada öz ölkələrinin əhalisi oranı tərk etməyincə, sonuncu adam ordan getməyincə, getmirlər. Bəlkə də bu, bir prosedurdur, bəlkə də şəxsi seçimdir və bəlkə də vicdani yanaşmadır. Bunu demək çətindir. Ancaq onu deyə bilərəm ki, Qərb sərhədlərində Ukraynanı tərk edən azərbaycanlılarla əlaqə saxlayacaq, onların taleyi ilə maraqlanacaq bir səfirlik nümayəndəsi qalmayıb. Ukraynadakı səfirliyimiz fəaliyyətini dayandırıbmı? Ən azından, belə görünür. Çünki Ukraynadakı səfirimiz Elmira Axundovanın həmin insanlarla nə bir şəkli, nə bir telefon danışığ qeydi, bir sözlə, heç bir əlaqəsi yoxdur. Məlumata görə, səfir 6 gün öncə İctimai TV-ə 4 gün öncə də APA-ya açıqlama verən Elmira Axundovadan səs-səmir yoxdur. Belə görünür, O, Ukraynanı çoxdan tərk edib. Hətta müharibənin ilk günlərindən. Yoxsa ən azından, ordakı azərbaycanlılarla şəkil çəkdirə, jurnalistlərə müsahibə verə bilərdi. Sosial şəbəkə istifadəçilərinin yazdığı məlumata görə azərbaycanlı səfir bir neçə gün öncə Polşaya, oradan isə Bakıya gəlib. Məlumatın doğru, ya da yanlış olması barədə isə Xarici İşlər Nazirliyindən hər hansıs bir təsdiq, ya da təkzib xəbəri gəlməyib.
Ölkələrdə səfirliklər nə üçün açılır? Bəli, burda əlbəttə ki, müəyyən siyasi maraqlar var. Amma bununla yanaşı, həm də həmin səfirliklər ordakı vətəndaşlarının təhlükəsizliyinə də bir növ cavabdehdirlər. Əgər müharibə gedən bir ölkədə səfir öz vətəndaşından öncə həmin ölkəni tərk edirsə, bunun mənasını oxucular olaraq, siz düşünün. Ukrayna sərhədlərinə axın edib, ölkəni tərk etmək istəyən vətəndaşları həmin ölkə ərazilərində öz səlahiyyətli nümayəndələri qarşılayır, problemlərini dinləyir, onları təmin edirlər. Bəs görəsən, bizim öz vətəndaşlarımız necə? Onlarla da maraqlanan bir səlahiyyətli nümayəndəmiz varmı? Moldovada, Polşada dəmiryolu vağzallarında gecələyən yerlilərimizlə maraqlanmalı, onların vəziyyətləri barədə ölkə rəhbərliyini məlumatlandırmalı olan şəxslərin hər kəsdən öncə müharibə zonasını tərk edib, qaçıb paytaxta dönməsi doğrudursa...sadəcə olaraq, biabırçılıqdır. Xarici dövlətlərə səfir kimi göndərilib, orda özünə biznes quran səfirlərimiz də varsa, daha söz yoxdur. Alverçi təfəkkürünə sahib insanlardan gəmini ən sonda tərk edəcəyini gözləmək, sadəcə olaraq, sadəlövhlük olar.
Tarix: 3-03-2022, 22:09
Xəbəri paylaş





Xəbər lenti