Bakıda “poz qazan” tələsi- varlanmağa çalışdıqca kasıblayan insanlar FOTO


 
 
Son günlərin aktual mövzusu olan "Poz Qazan" qumar oyunu artıq bəziləri üçün patı bəlası kimi asılılıq yaradıb.
Ölkədə yeni lotereya növü olan “Poz Qazan”-ın Bakıda son bir ayda onlarla satış nöqtəsi açılıb. Demək olar ki, bütün metro çıxışlarının qarşısında 3-4 satış köşkü var. 
Paytaxtda və bölgələrdə istənilən belə məntəqələrin qarşısında yaşı 7-dən 77-ə olan insanlar olmaqla, uzun növbələr görmək mümkündür. Növbədəkilərin əksəriyyəti isə tələbələr, gənclər və qazandıqları əmək haqlarında razı olmayan şəxslərdir. Bu insanlar ümid edirlər ki, narkotik asılılığı kimi asılılıq yaradan bu üsulla bir gün varlanacaqlar.
06121109-48f5-48e4-90b1-ca3378fb66e6.jpg (164 KB)
Bəs görəsən insanlar bu ani lotereyadan həqiqətən pul qazana bilirlər? Yoxsa onlar doğrudan inanırlar ki, bir gün bu, onların həyatını dəyişəcək? Ümumiyyətlə, belə qazanılan pul xoşbəxtlik gətirir?
“Azərlotereya” ASC-dən mövzu ilə bağlı Musavat.com-a göndərilən açıqlamada aşağıdakılar qeyd edilib:
“Bildirmək istəyirik ki, "Azərlotereya" ASC qanunda qeyd edildiyi kimi, əhalinin maddi-sosial rifahının yüksəldilməsi və dövlət büdcəsinə daxilolmaların artırılması məqsədi ilə yaradılıb. Lotereya oyunları adından məlum olduğu kimi şans oyunudur və əyləncə məqsədi ilə keçirilən kütləvi oyundur. Lotereya oyunlarına gəlir mənbəyi kimi baxmamağınızı sizə tövsiyə edirik”.

“Azərlotereya” ASC hər bir ani lotereya oyunlarının qaydası barədə ətraflı məlumatın rəsmi saytlarında yerləşdirildiyini və insanların bu qaydalarla tanış ola biləcəyini də qeyd edib.
Dinimizə görə də, haram qazancın bərəkəti olmaz, belə qazanc bizim mənəviyyatımızı pozar və onunla zəngin olmağa çalışan hər bir kəs dünyada bədbəxtliyə, axirətdə də zəlalətə uğrayar. İlahiyyatçı Şahin Həsənli də Musavat.com-a açıqlamasında bu yolla qazanılan pulların haram olduğunu bir daha vurğulayıb.
“Belə oyunlar, yəni lotereyalar, mərc oyunları dini baxımdan qadağandır. Bu oyunlar qumar hesab olunur və təbii ki, qumardan qazanılan pul insana xoşbəxtlik gətirməz. Müqəddəs kitabımız olan Quranda da açıq-aşkar qumarın haram olduğu ifadə olunur. Ona görə də, dediyim kimi, insan bu üsulla qazanılan pulla xoşbəxtliyə çata bilməz. Eyni zamanda bu üsulla qazanılan pulun xeyriyyə istiqamətində xərclənməsinin də insana faydası olmur. Quranda da bu barədə ayə var ki, Allah yalnız təqvalılardan, təqva sahiblərindən əməl qəbul edir. Yəni qazanılan ruzinin qaynağı halal olmalıdır ki, onu halal yolda da xərcləyəndə insan nəsə əldə edə bilsin, xeyirliyə xərcləsin. Həmçinin insan belə üsullarla varlanmağa da çalışmamalıdır”,-deyə o bildirib.

Bu oyunun oynanıldığı yerlərdə olduğumuz zaman müşahidə etdik ki, ani lotereyadan istifadə edən, birdən-birə varlanmağı düşünən insanlar ciblərində olan son pulu da orada, yəni lotereya köşklərində qoyub gedirlər. Necə deyərlər, qumardan oynayan yox, oynadan qazanar...
 
Tarix: 4-03-2022, 09:15
Xəbəri paylaş





Xəbər lenti