“Stop” da cəzalandırmağın “incə” formasıdır?



“Azadlıq” qəzetinin əməkdaşı Səadət Cahangirin ölkədən çıxışına qadağan qoyulub. 
Bu məlumatı o, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə göndərdiyi sorğunun cavabında öyrənib. S. Cahangir məlumatı sosial şəbəkədə paylaşıb: “Dünya Rusiyanı sanksiyalarla cəzalandırır, Azərbaycan hökuməti də hər addımda öz vətəndaşlarını. Ürəkaçan sürprizlərdən kasıb olsaq da, qanımızı qaraldan məsələlər hər gün var. Xatırlayırsınızsa, 2020-ci il 1 may tarixində AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədovun işi ilə bağlı mənim evimdə də axtarış aparılmış və 6 saat Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində şahid qismində dindirilmişdim. O vaxtdan iki il ötür, həmin absurd cinayət işi başa çatıb, Niyaməddin Əhmədova hökm də oxunub. Apellyasiya Məhkəməsi mənim evdən götürülən pulumun və əşyalarımın qaytarılması haqda qərar da çıxarıb. Əşyalarım hələ geri verilməsə də, artıq pulumu qaytarıblar. İndi önəmli bir məsələ üçün qısa müddətlik xarici ölkəyə səfər etməyimə zərurət yaranıb. Buna görə, yanvarın 19-da Baş Prokurorluğa məktub yazaraq, ölkədən çıxışıma qadağan olub-olmadığı haqda məlumat verilməsini xahiş etdim. Doğrusu, böyük ehtimalla olmadığını düşünürdüm. Bu gün İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun adından gələn məktubda deyilir ki, “sizin dövlət sərhədini keçmənizə müvəqqəti qadağan qoyulmuşdur.” Nə edim, indi də məktub göndərim 2 ay cavabını gözləyim ki, o qadağa nə vaxt götürüləcək? İş başa çatıb, hökm oxunub, amma şahidə qoyulan “stop” qalıb? Niyə heç bir cinayət əməli olmayan şəxsə “stop” qoymalısınız axı? Lap “stop” qoymusunuzsa, onu hansı işə calayıb indiyədək saxlamısınız? Görünür, biz haqqımızı nə qədər öz ölkəmizdə axtarmaq istəsək də, olmur. Məcbur edirsiniz ki, hər işdən ötrü Avropa Məhkəməsinə üz tutaq. Mən bunu istəmirəm, siz də istəmirsinizsə, Apellyasiya məhkəməsinin qərarını rəhbər tutun, qısa vaxtda mənim ölkədən çıxışıma qoyulan məhdudiyyəti ləğv edin.”
Tarix: 9-03-2022, 22:09
Xəbəri paylaş





Xəbər lenti