Toylarla bağlı qarışıqlıq yaranıb: 2 fərqli qərara DİN nə deyir?


Toylarla bağlı qarışıqlıq yaranıb: 2 fərqli qərara DİN nə deyir?

Azərbaycanda Nazirlər Kabinetinin qərarı ilə martın 6-dan şənlik mərasimlərinin, toy, nişan, ad günlərinin keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti ləğv olunub.
Qeyd edək ki, pandemiya ilə bağlı toyların keçirilməsi 2020-ci ilin mart ayından qadağan olunmuşdu. Ötən il iyun ayının 22-də verilmiş yeni qərarla iyul ayının birindən müəyyən şərtlərlə toyların keçirilməsinə icazə verilib. Şərtlər içərisində toyda iştirak edənlərin sayının 150-dən çox olmaması və şənlik mərasimi keçirilən məkanın sahibinin tədbir zalları, onların tutumu və işçi heyət barədə “icaze.e-gov.az” portalında qeydiyyat aparması da yer alırdı.
Mərasimin keçirilməsinə ən azı 5 gün qalmış məlumatlar portala daxil edilmədiyi halda şənliklərin keçirilməsi qadağan idi. Martın 5-i toylara tətbiq edilən məhdudiyyətlərin aradan götürülməsi ilə bağlı qərarın ardından Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuata açıqlamasında bildirib ki, şənliklərə tətbiq edilən say və vaxt məhdudiyyəti ilə yanaşı, şənliyin keçirilməsi haqqında məlumatların “icaze.e-gov.az” portalına daxil etməsi ilə bağlı tələb də ləğv olunacaq. Toylarda qonaqların sayına qoyulan limit ləğv olunanda “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək tələbi də ləğv olunmuşdu.
Lakin Elşad Hacıyev dünənki açıqlamasında qeyd edib ki, qonaq sayına qoyulan limit götürülsə də, “icaze.e-gov.az” portalına mərasimlə bağlı məlumatların daxil edilməsi tələbi yenidən qüvvəsinə qayıdıb. Qurum rəsmisi səbəb kimi də bu sahədə sui-istifadə hallarına yol verilməməsini göstərib. Bu isə müəyyən qarışıqlığa səbəb olub.
Əgər say və vaxt limiti ləğv olunubsa, toya gedənlərin “vaksin pasportu” və immunitet sertifikatı yerində yoxlanılırsa, hansı sui-istifadə halları ola bilər?
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Cebhe.info-ya açıqlamasında bildirib ki, bu, sahibkarlıq subyektlərinin işinə məsuliyyətli yanaşmasını təmin edə biləcək:

“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, işçi heyətinin ən azı 80 faizinin “vaksin pasportu” və immunitet sertifikatı tələbi qoyulduğu üçün həmin ictimai iaşə obyektinin rəhbərlərinin bu məsələyə nəzarəti diqqətdə saxlanılmalıdır. Bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birgə Daxili İşlər Nazirliyinin əməkdaşları yerlərdə nəzarət -profiliaktik tədbirləri həyata keçirirlər. Yəni hər hansı şənlik mərasiminin hansı restoranda, hansı saatda keçirilməsi ilə bağlı portalda məlumat olanda, biz də bu haqda məlumatlı oluruq. Ona görə də nəzarət qaydasında həmin ünvanlarda profiliaktik tədbirlər həyata keçirmək mümkün olur. Məqsəd bundan ibarətdir. Yalnız koronavirus infeksiyası ilə bağlı riskləri nəzərə alaraq mövcud norma və qaydaların qorunması və gözlənilməsidir. Burada hansısa formada pərakəndəlik olmamalıdır”.
Tarix: 10-03-2022, 17:16
Xəbəri paylaş





Xəbər lenti