“3 aydır köhnə maaşla işləyirik, artımı ala bilmirik, bizi insan yerinə qoymurlar”-DİN əməkdaşı

“3 aydır köhnə maaşla işləyirik, artımı ala bilmirik, bizi insan yerinə qoymurlar”-DİN əməkdaşı

Adının çəkilməsini istəməyən oxucumuz “Hürriyyət"in redaksiyasına məktub ünvanlayıb. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
 
“Salam. Sizdən şikayətimizi ictimailəşdirməyinizi xahiş edirəm. Mən DİN Baş Mühafizə İdarəsində mühafizəçi işləyirəm. Prezidentin polislərin maaşının artırılması ilə bağlı verdiyi fərmanı bizə şamil etmirlər, deyirlər ki, siz mülkisiniz. Mülki işçilərə maaş artımı şamil olunmur. Halbuki cənab Prezidentin imzaladığı fərmanda mülki işçilər üçün də maaş artımı  nəzərdə tutulub.
3 aydır köhnə maaşla işləyirik, artımı ala bilmirik. Polislərin maaşları artırılıb, bizi isə insan yerinə qoyan yoxdur. Xahiş edirəm, sözümüzü aidiyyati qurumlara çatdırın,  bəlkə vicdanları oyanar, bizi də yada salarlar. Qeyd edim ki, mülki işçilərin arasında şəhid övladları və şəhid qardaşları da var”.
 
İndi isə gəlin sözügedən fərmana bir daha nəzər yetirək.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin (!) aylıq  vəzifə (tarif) maaşlarının artırılması haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
"1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilsin.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin (!) aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan əlavə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ödənilir.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.
6. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2021-ci il
 
/https://president.az/az/articles/view/54780/
 
Gördüyünüz kimi, mühafizə polisi kimi fəaliyyət göstərən məktub müəllifinin şikayəti tamamilə əsaslıdır. Fərmanda həqiqətən Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşları ilə yanaşı, nazirliyin dövlət qulluqçusu olmayan mülki işçilərinin də aylıq vəzifə (tarif) maaşlarının orta hesabla 20 faiz artırıldığı qeyd edilib.
 
Bəs nəyə görə, mühafizə polisi 3 aydır artımla olan əməkhaqlarını ala bilmir? Bu suala cavab tapamaq üçün DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxladıq. Nazirliyin sözçüsü “Hürriyyət”ə açıqlamasında bildirdi ki, “maaş sistemi vahid mərkəzdən idarə olunur, DİN-nin Maliyyə-Plan İdarəsi tərəfindən tənzimlənir. Prezident fərmanından irəli gələn vəzifələr  tam həcmdə icra olunub. Adının məxfi saxlanılmasını istəyən  DİN əməkdaşının hansı səbəbdən  artımla olan əməkhaqqını ala bilməməsini araşdırmnaq üçün isə onun kimliyini bilməyimiz mütləqdir.”
 
Hüquqşünas Bəhruz Bayramov isə  sözügedən məsələyə belə münasibət bildirdi:
“Əgər deyilənlər doğrudursa, vətəndaş çalışdığı nazirliyin Maliyyə-Plan İdarəsinə müraciət etməlidir. Həmin idarədən rroblemlə bağlı rəsmi məlumat verilməlidir. Təbii ki, dövlət başçısının fərmanına uyğun olaraq,  DİN əməkdaşı olan mühafizə polisləri də artımlı maaş almalıdırlar. Əgər deyildiyi kimi, bu üç ayda köhnə maaşla işləyiblərsə, onlara həmin ayların artımı da ödənilməlidir”.  
Tarix: 2-04-2022, 14:51
Xəbəri paylaş





Xəbər lenti