Deputat da marketdə vaxtı keçmiş məhsullar görüb: “Böyük oyunlar gedir”


Deputat da marketdə vaxtı keçmiş məhsullar görüb: “Böyük oyunlar gedir”

Milli Məclisin iclasında deputat Rüfət Quliyev Azərbaycandakı bəzi ticarət şəbəkələrində vaxtı keçmiş məhsulların satıldığını deyib.
O bildirib ki, dövlət həmin məsələni nəzarətə götürməlidir. Deputat apteklərdən də şikayətlənərək, onların vaxtı keçmiş dərmanlar satdıqlarını deyib. “Həmin dərmanların tərkibi barədə ciddi nəzarətə ehtiyac var. Ümumiyyətlə, dərmanların həm qiymət, həm də keyfiyyətinə nəzarət artırılmalıdır”, - deyə o əlavə edib.
Millət vəkilinin Milli Məclisdə səsləndirdiyi fikirlər öz aktullağı ilə seçilir. Belə ki, alıcılar da tez-tez apteklərdən və supermarketlərdən şikayətlərini dilə gətirirlər. Hətta son zamanlar bir çox böyük ticarət şəbəkəsinin də cərimələnməsi məsələnin aktuallığını ortaya qoyur. Nəzərə almaq lazımdır ki, vaxtı keçmiş məhsul satmaq birbaşa insan həyatına təhlükədir
Milli Məclisin deputatı Rüfət Quliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, belə hallarla özü də qarşılaşıb, insanların şikayətlərini də eşidib:
“Böyük ticarət şəbəkələrində alış-veriş edəndə belə halları görmüşəm. Ən böyük problem odur ki, saxlama müddəti çox az olan məhsullarla bağlı böyük oyunlar gedir. Hətta məhsulun keçmiş vaxtını silərək, yeni tarix yazırlar. Düzdür, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bununla ciddi şəkildə məşğul olur və son 2 ildə böyük işlər görülüb. Amma hesab edirəm ki, daha güclü nəzarət qoymaq lazımdır. Biz bununla “müharibəni” qurtardıqdan sonra qida məhsulları ilə bağlı başqa məsələlərə keçəcəyik. Onların saxlanılması məsələsi də olduqca mühümdür. Hətta soyuq yerdə saxlanılmalı olan məhsulları həmin temperatur rejimində saxlamırlar. Bu isə məhsulun keyfiyyətin itməsinə gətirib çıxarır. Düşünürəm ki, bunlarla qətiyyətlə məşğul olmalıyıq”.
Rüfət Quliyev təklif edib ki, qayda pozuntuları aşkar olunan kimi satıcı və ticarət şəbəkəsinin rəhbəri yüksək məbləğdə cərimələnməlidir:
“Yəni 2-5 min manatla qurtarmamalı və ticarət şəbəkəsinə ciddi təsir edəcək cərimə yazılmalıdır. Bu məsələnin məhkəməyə getməsi və işə baxılması aylar, illər çəkir. Ona görə də effektli olmur. Fikrimcə, məsələ yerindəcə həll olunmalı və cərimə ödənilməlidir. Ümumiyyətlə, həm ticarət şəbəkəsi, həm də istehsalçı və yaxud o məhsulu gətirən şirkət buna görə məsuliyyət daşımalıdır. Bu məsələ çox vacibdir”.
Millət vəkili qeyd edib ki, dərmanların qiyməti də artırılmamalıdır:
“Dərmanların keyfiyyətinə ciddi baxılmalıdır. Gərək apteklər keyfiyyətsiz dərmanları satmasın. Hətta mötəbər şirkətin belə gətirdiyi 100 dərmanın 5-nin keyfiyyəti qeyri-müəyyəndirsə, ondan imtina olunmalıdır. Həmçinin, bu məsələlərlə də bağlı güclü nəzarət olmalıdır”.
Tarix: 5-04-2022, 22:34
Xəbəri paylaş





Xəbər lenti