"Hacı, məşədilərin çoxusu fırıldaqçıdır, bizdə o agentlərin siyahısı var" - deputat


Millət vəkili Fazil Mustafanın Bakıda gecə klubunda baş verən partlayışı din və ibadətlə əlaqələndirənlərə qarşı dedikləri birmənalı qarşılanmayıb. Onun "Minlərlə kərbəlayi, məşədi, hacı xanımlar var ki, cəmiyyətin ən yaramaz tör-töküntüləridir" sözləri dindar kəsim arasında müzakirələrə səbəb olub.

Sözügedən açıqlamasından dolayı çoxları deputatın ünvanına tənqidlər səsləndirib. Dia.az xəbər verir ki, mövzu ilə bağlı Ölkə.Az-a danışan millət vəkili Fazil Mustafa tənqid səsləndirənlərin başqa ölkənin agentləri olduğunu deyib:

"Xarici ölkənin agenturası bu məsələdən özünə pay çıxarır. Demişəm ki, Azərbaycanda kifayət qədər sağlam düşüncəli inanclı insanlar var. İndi bu axmaqlar, özlərini sağlam düşüncəli olmayan kərbəlayi, məşədi hesab edənlər cavab verib. Ağlı başında olan niyə cavab versin ki?

O qədər fırıldaqçı hacı, məşədi, kərbəlayi var. Belə çıxır ki, cavab verirlərsə, bunlar fırıldaqçıdırlar. Mən də elə onların etirazı üçün deyirəm.

Sağlam düşünən, ağıllı müsəlmana heç nə demirəm. Onlar öz dinini normal şəkildə yaşayan, ibadət edən insanlardır. Özü də o sözləri deyəndə kimisə məzhəbə və təriqətə görə ayırmamışam. Demişik ki, ağıllılar və axmaqlar var. Hər yerdə belədir: siyasi partiyada da, həyatda da. Ona görə də etiraz edənlərin hamısına baxsaq görərik ki, xarici ölkənin kəşfiyyatıdır. Onların kim olduğunu əzbər bilirik. Bizdə onların siyahısı var. Kimlərinsə ertiraz etməsinə görə biz cəmiyyətimizi doğru maarifləndirmə işimizi dayandırmayacağıq".

Deputat söyləyib ki, din adı ilə kimlərinsə həyatına müdaxilə etmək doğru deyil:

"Kim sözlərimə mənfi reaksiya verirsə, deməli, dediklərimdəndir. Onların da səsinin çıxması əslində yaxşıdır. Cəmiyyət də bilir ki ,onlar nəyə etiraz edirlər. Kimisə təhqir etməmişik. Neyləyək, fırıldaqçıya "fırıldaqçı" deməyək? Bir yerdə hadisə baş verəndə onu din adı ilə yalandan təhlil edib dini gözdən salan, insanlarda dinə qarşı ikrah yaradanlar var. Onlar hansısa bir hadisəni insanların həmin gün əylənməsinə görə baş verdiyini deyirlər. Dində başqasını bu cür ittiham etmək, bu qədər başqasının üzərinə getmək yoxdur. Onun həyat tərzi özünədir, cəzasını da özü çəkəcək. Hansısa anormal biri məscidi müsəlman adı ilə partladırsa, onda biz deyək ki, bu, islam dininin günahıdır?

Ümumiyyətlə, hacı, məşədi çoxusu fırıldaqçıdır. İndi hacı adını normal müsəlman götürmür. Çünki bu ad ibadətdir. Sən ibadəti kimin gözünə soxursan? Hansısa məzhəbdə məşhədi ibadətdirsə, niyə gözə soxursan? Ondansa öz adınla çıx. Peyğəmbərin adının qarşısında hacı Məhəmməd yazılır? yaxud da hacı Əbubəkr yazılıb? Bu, absurd bir şeydir. Ona görə də maarifçiliyi gücləndirməliyik ki, dini cəhalət kimi anlamasınlar", - F.Mustafa deyib.
Tarix: 6-04-2022, 18:36
Xəbəri paylaş





Xəbər lenti