35 ildir boşalmayan AYB postu: "Anarın namizədliyini qınayanları vecimizə almırıq" - Seyran Səxavət


35 ildir boşalmayan AYB postu: "Anarın namizədliyini qınayanları vecimizə almırıq" - Seyran Səxavət

35 ildir Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri olan Anar növbəti dəfə bu posta namizədliyini irəli sürəcək.
Bunu AYB-nin sədr müavini, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid deyib. Onun sözlərinə görə, yazıçıların bu il Şuşada baş tutacaq qurultayında seçkilər də keçiriləcək:
“Anarın məhz Şuşada yenidən AYB sədri seçilməsinin dərin mənası olacaq. Anar müəllim də bildirib ki, namizədliyini irəli sürəcək. O, Şuşaya bağlı adamdır. İlk əsərini Şuşada yazıb, Üzeyir bəy Hacıbəyli haqda “Uzun ömrün akkordları” filmini çəkib, Şuşanın tarixi ilə bağlı “Qarabağ şikəstəsi” adlı yazı yazıb. Şuşa ilə bağlı bir insandır”.
Qeyd edək ki, Anar bu vəzifəni 1987-ci ildən icra edir. AYB 1934-cü ildə yaradılıb. Bu günə qədər qurumun 15 sədri olub ki, onların da arasında yazıçı Anardan başqa ən çox vəzifədə olanı Mirzə İbrahimovdur. Belə ki, Mirzə İbrahimov 10 il (1965-1975-ci illərdə) quruma rəhbərlik edib. Rəsul Rza, Süleyman Rəhimov, İsmayıl Şıxlı kimi yazıçılar isə cəmi 1 il rəhbər olublar. AYB sədrinin yenidən eyni vəzifəyə seçiləcəyi müzakirə mövzusuna çevrilib. Sosial şəbəkə izləyiciləri artıq 35 ildir ki, Anar Rzayevin eyni postda qalmasını birmənalı qarşılamayıblar. Onlar eyni postu illərlə tutan şəxslərin ucbatından gənclərə qapı açılmamasından şikayətləniblər.
Mövzu ilə bağlı Cebhe.info-ya Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Seyran Səxavət danışıb. O bildirib ki, Yazıçılar Birliyi Azərbaycandakı bütün idarələrdən, birlik və təşkilatlardan fərqlənən qurumdur:

“Bura seçilmək üçün yaşın heç bir dəxli yoxdur. Əksinə, yaşlandıqca, müdrüklük dövrü olur, qələmdən çıxan yazılar daha gözəl olur. Yaşın məhz burda heç nəyə aidiyyəti yoxdur. Mən də Anarın yenidən öz namizədliyini irəli sürməsini birmənalı qarşılamayan bəzi insanların münasibətini birmənalı qarşılamıram".
Yazıçı buna qınaq edən sosial şəbəkə izləyicilərinə işləri ilə məşğul olmalarını məsləhət görüb: “Biz onların birmənalı yanaşmamalarını vecimizə almırıq. Sizin nə işinizə qalıb Yazıçılar Birliyinin sədri kim olacaq?! Bura yaradıcılıq təşkilatıdır. Bura Yazıçılar İttifaqıdır, fabrik, keçmiş kolxoz, sovxoz deyil. Anar Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün xeyli işlər görmüş adamdır”.
Seyran Səxavət həmçinin istedadlı gənclər üçün yolun həmişə açıq olduğunu bildirib: “Bəlkə vəzifə istəyirlər, onu demirəm. Qələm, kağız, zaman, mövzular var. Səbr lazımdır ki, əsər ortaya qoyasan. Nə olmalıdır, yazmaq üçün vəzifəyə gəlməlidirlər? Görürsünüz, nə qədər yanlışdır? İnsanlar nə düşünür düşünsün. Onların yazıçılar haqqında düşünməyi bizi maraqlandırmır. Bu, şəxsən mənim üçün maraqlı deyil”.
Tarix: 7-04-2022, 12:51
Xəbəri paylaş





Xəbər lenti