“DOST İş Mərkəzində adı işçi kimi rəsmiləşdirilmiş şəxslərin pulları icra başçısına çatırdı”



Şahidlər Vilyam Hacıyevə verdikləri pullardan danışıb
Əvvəl Göygöl, Samux rayonlarının, 2012-ci ildən isə İmişli rayonunun icra başçısı olmuş, 2020-ci ilin mayında elə bu vəzifədə işləyərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilən Vilyam Hacıyevin məhkəməsi davam edir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılır.
Aprelin 11-də keçirilən məhkəmə iclasında İmişlidə Vilyam Hacıyevin müavini olmuş, hazırda da həmin vəzifədə işləyən Hüseyn İbrahimov şahid qismində ifadə verib. O bildirib ki, “DOST İş Mərkəzi”ndə adı işçi kimi rəsmiləşdirilmiş 140 nəfərin maaşı Vilyam Hacıyevə çatırdı.
“Əməkhaqqı kartları vasitəsilə banklardan pulu mənim tanışlarım çıxarırdı. O kartlardan ayda ümumilikdə 107 min 900 manat pul çıxarılırdı. Pulları çıxarıb baş mühasib Cəmil Musayevə çatdırırdılar. O da icra başçısına çatdırırdı”, – icra başçısının müavini məhkəmədə bildirib.
İcra başçısı onun yalan danışdığını deyib. Vilyam Hacıyev vurğulayıb ki, bu şəxsin özünün haqqında cinayət işi başlanmalıdır. O, keçmiş müavinindən soruşub ki, əgər doğrudan da bu cür saxtakarlıq halı vardısa, niyə lazımi orqanlara məlumat verməyib?
“Sizdən kimə şikayət etmək olardı?..”, Hüseyn İbrahimov cavab verib. O əlavə edib ki, özü də icra başçısının göstərişilə bu prosesin iştirakçısına çevrilib.
Vilyam Hacıyevin vəkili ona irad tutub:
“Desəydi ki, get, kimisə öldür, edəcəkdiniz?”
Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinin sabiq müdiri Şakir Nuriyev də məhkəmədə dindirilib. O bildirib ki, torpaq sahəsinin alınması üçün bir dəfə Vilyam Hacıyevlə görüşüb. Torpaq oğlunun adına olub, lakin o, dövlət qulluqçusu olduğuna görə əmlakı qardaşının adına rəsmiləşdirmək istəyib:
“Həmin ərazidə tövlə tikmişdim. Vilyam Hacıyev yox, amma işçisi Cəmil Musayev dedi ki, torpaq sahəsinə sərəncam verilməsi üçün 2 min manat ödənilməlidir. Yəni torpaq sahəsini oğlumun adından qardaşımın adına keçirəndə 2 min manat vermişəm. Pulu da Cəmil Musayevə vermişəm. Vilyam Hacıyevlə şəxsi münasibətim olmayıb. Sadəcə köməkliyə görə otağına girib təşəkkür elədim”.
“Kristal-2” MMC-nin direktoru Etimad İsmayılov İmişlinin kəndlərində məktəb tikintisi, eləcə də şəhərin özündə 5 mərtəbəli binanın inşası zamanı vəsaitin bir hissəsinin icra hakimiyyətinə verilməsi haqda danışıb. O bildirib ki, 2012-ci ildə İmişlidə məktəb tikintisinə başlayanda hələ Vilyam Hacıyev bu rayonun icra başçısı deyildi. Məktəbin birinci mərtəbəsini tikintisi başa çatanda o, İmişliyə icra başçısı təyin olunub. Az sonra ondan tikintini dayandırmağı tələb ediblər. İcra hakimiyyətindən bildirilib ki, onların icazəsi olandan sonra tikinti davam etdirilə bilər.
Şirkət direktorunun sözlərinə görə, o, icra başçısının köməkçisilə danışıb, ümumi məbləğin 20 faizinin onlara çatması haqda razılığa gəliblər. Bundan sonra tikintinin davam etdirilməsinə icazə verilib. Həmin məktəbin tikintisi üçün 900 min manat vəsait ayrılmışdı.
Şahid deyib ki, bundan sonra Cəfərli kəndindəki məktəbi də eyni qaydada tikiblər:
“Bu məktəbin tikintisindən 184 min manat icra hakimiyyətinə verdim. Bir müddət sonra Hacıbabalı kəndində bir məktəb binasının tikintisi yarımçıq qalmışdı. İcra başçısıyla münasibətimiz yaxşı idi deyə, mənə dedi ki, o tikintini başa çatdır, əvəzləşərik. O məktəbin tikintisi üçün ayrılan puldan cəmi 440 min qalmışdı. Qalanını öz cibimdən qoyub, işi başa çatdırdım. Sonra İmişlidə 5 mərtəbəli binanın tikintisini bizə verdilər. Amma tapşırılmışdı ki, ayrılan puldan 2 milyon 400 min manatdan artıq xərclənməsin. Vəsaitə görə ucuz materiallar almalı olduq, domofon qoymadıq”.
İmişli Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Cəsur Paşayev isə 2015-2018-ci illərdə xəstəxananın təmirinə ayrılmış 430 min manatın 30 faizini maliyyə idarəsinin rəisi Rəhim Rəhimov vasitəsilə icra hakimiyyətinə verdiyini bildirib. Vilyam Hacıyev isə xəstəxana təmiri üçün nəzərdə tutulan vəsaitin bir hissəsinin ona çatması haqda ittihamı rəd edib. O bildirib ki, həmin vəsait Səhiyyə Nazirliyinin büdcəsindən ayrılmışdı və icra hakimiyyətinə aidiyyəti yox idi.
Təsərrüfatla məşğul olan Tofiq Rüstəmov isə vəfat etmiş atasının adına olan torpaq sahəsini öz adına keçirməkdən ötrü icra hakimiyyətinə 1000 manat verdiyini deyib.
Şahid qismində dindirilən Həsən Hüseynov isə təsərrüfat məqsədilə icarəyə götürdüyü 4 hektar torpağa görə icra hakimiyyətinin memarlıq şöbəsinin əməkdaşına 150-200 manat pul verdiyini iddia edib.
“150-200 manat heç rüsum pulu deyil. O pula 4 hektar torpaq icarəyə vermək olar? Səni aldadıblar…”, – keçmiş icra başçısı Həsən Hüseynovun dediklərinə belə cavab verib.
Məhkəmə prosesi aprelin 15-də davam edəcək.
Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.
O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.
Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.
Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu bildirir.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.


Tarix: 11-04-2022, 18:40
Xəbəri paylaş





Xəbər lenti