"Pis vərdişləri təbliğ edən "Topaz", "Poz, qazan" kimi bəxt oyunlarına qadağa qoyulmalıdır"


"Təəssüflə qeyd etmək lazımdır ki, son vaxtlar cəmiyyətin şans oyunlarına marağı çox artıb. "Azərlotereya" dövlət müəssisə olsa da, "Poz, qazan" kimi ani lotoreya oyunları qumardır. Belə oyunların geniş təbliği insanları pis verdişlərə yönəltmək məqsədi daşıyır. Əslində, cəmiyyətdə yoxsulluğun artdığı vaxtda qumar oyunlarına marağın artması normaldır, çünki əhalinin normal şəkildə gəlir əldə etmək ümidi itib".
 
Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
 
Partiya sədri bildirib ki, cəmiyyət ümidini şans oyunlarına bağlayıb: "Belə oyunlarda udan tərəf vətəndaşlar deyil, qumarxanalar və ya latoreya təşkilatçıları olur. Yəni, sadə vətəndaşlar belə oyunlardan heç bir şəkildə uduş əldə edə bilmirlər. Ümumiyyətlə, biz Ağ Partiya olaraq hər növ qumar oyunlarının, qumarın dövlət səviyyəsində dəstəklənməsinin əleyhinə, hətta "Azərlotereya"nın ləğvinin tərəfdarıyıq. Fikrimcə, cəmiyyətə pis vərdişləri təbliğ edən "Topaz", "Poz, qazan" kimi bəxt oyunlarına qadağa qoyulmalıdır. Azərbaycanda kazinolar qadağan edilsə də, fərqli formatda təşkil edilmiş qumarxanalar fəaliyyət göstərir. Həmin oyunlar bizim milli-mənəvi və dini dəyərlərimizə ziddir, ona görə də oradan gələn gəlirlər də haram hesab edilir. Bu mənada, partiyanın məsələ ilə bağlı mövqeyi aydındır. Dövlət səviyyəsində qumarın təşkil edilməsi, cəmiyyətin belə oyunlara təşviqi ayıbdır. Üstəlik, səhv etmirəmsə, bu nəzərəti Gənclər və İdman Nazirliyinə veriblər. Bu, özü biabırçılıqdır. Görün, gəncləri hara yönləndirirlər... Əksinə, gəncləri təhsilə, peşəyə yönləndirmək lazımdır. Ona görə də "Poz, qazan" latoreyasının geniş təbliğinə nəqativ yanaşıram və "Azərlotereya"nın fəaliyyətinin dayandırılmasının tərəfdarıyam".
Tarix: 13-04-2022, 22:43
Xəbəri paylaş





Xəbər lenti