Partiya sədri: “Musa müəllimin orta yaş ömrünün hesablanması mexanizmindən anlayışı yoxdur”


“Təəssüf doğurucu hal odur ki, bir çox halda kifayət qədər məsuliyyətli vəzifələrdə təmsil olunan məmurlarımız oturduqları kreslonun yükünə uyğun savada, bilgiyə və informasiyaya malik olmurlar”. 

Bu sözləri Demokrat.az-a Ağ Partiya sədri Tural Abbaslı Milli Məclisin deputatı Musa Quliyevin “pensiya yaşının azaldılmasına gərək yoxdur, azərbaycanlılar uzunömürlüdür” fikirlərini şərh edərkən deyib. 

“Təəssüf ki,  Musa müəllimin orta yaş ömrünün hesablanma mexanizmi, yəni hansı şərtlərlə hesablanır, hansı şərtlərlə orta yaş müddəti uzanması ilə bağlı heç bir anlayışı yoxdur. Bu, özü müasir dünyada artıq elm halına gəlib, yəni orta ömrün hesablanması düsturları, mexanizmləri var. Qeyd edim ki, bu gün ölkəmizdə keyfiyyətsiz səhiyyənin olması, həm də bahalı səhiyyənin olması insanlarımızın səhiyyəyə əlçatımlılığını məhdudlaşdırıb. Yəni, bizdə heç kim xəstələnmədən, yıxılıb ölmədən gedib ümumi müayinədən keçmir. Çünki qiymətlər həddindən artıq çox yüksəkdir. Əgər gəlirlər azalıbsa, rifah vəziyyəti aşağı düşübsə, qidalanma minimum səviyyədədirsə, səhiyyəyə əlçatımlılıq aşağı səviyyədədirsə, dərman keyfiyyətləri zəifdirsə, o zaman necə orta ömür uzana bilər? Yəni, bu kiməsə xoş gəlmək üçün deyilən sözlərdir. Öz ətrafımızdakı insanların ölüm yaşının aşağı düşdüyünü görürük”.

Tural Abbaslı pensiya yaşının azaldılmasını təklif edir:

“Bizdə bu gün, sabah orta ömür həddi 65-66 yaşa çatacaq. Yəni, vətəndaşlarımız cəmi bir il pensiya alacaqlar və dünyalarını dəyişəcəklər. Çox halda isə insanlarımız pensiyaya çatmayacaq. Bununla bağlı səhv etmirəmsə, statistikada elan olunmuşdur ki, Azərbaycan kişilərinin bir çoxu 65 yaşına çatmadan dünyasını dəyişir. Buna görə də, mən təklif edirəm ki, pensiya yaşı aşağı salınsın. Kişilərdə 60 yaşa, qadınlarda isə 57 yaşa endirilsin. Onsuz da bizim insanlarımız əzab-əziyyətlə, zülmlə yaşayır. Heç olmasa ömürlərinin bəlli bir hissəsini nisbətən rahat yaşasınlar. Bizdə pensiyanı bir çox hallarda kəfən pulu üçün istifadə edirlər. Çünki insanlara o qədər gec və az məbləğdə pensiya verirlər ki, insanlar bunu ancaq dəfn və kəfən xərclərinə yığırlar. Amma, dünyada pensiyanın fəlsəfəsi bu deyil”.
Tarix: 20-04-2022, 14:19
Xəbəri paylaş





Xəbər lenti