Dilqəm Əsgərovun eksklüziv videosu: - 2010-cu ildə Kəlbəcərdə şəhid Anar Əliyevlə birlikdə...


2014-cü il iyulun 11-də Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş, illər sonra Vətənə qaytarılan Dilqəm Əsgərov 2010- cü ildə Kəlbəcərdə olarkən çəkilmiş və indiyədək heç yerdə olmayan videosunu yayıb. DİA.AZ xəbər verir ki, cebhe.info-ya təqdim edilən eksklüziv görüntülər onun kamerasında qalmış videodur. Onun sözlərinə görə, sözügedən çəkilişdə özü ilə bərabər şəhid Anar Əliyev və iki hərbçi iştirak edib.

Kadrlarda görünən yolun birbaşa “Yeddi Qardaş” adlanan yerə getdiyi deyilir. Dilqəm Əsgərov bildirib ki, həmin videoda görünən ərazidən 2010- cu ildə Anar Əliyev, 2014- cü ildə Cəbrayıllı Həsən Həsənov Kəlbəcərə daxil olub. Çəkilişdə Dilqəm Əsgərov “Bu gün sentyabr ayının 5-i, 2010- cu ildir. Mən yenidən Kəlbəcər ərazisindəyəm. Lev kəndinin yolunda ermənilərlə qarşılaşmışıq və onlar üzü Daşkəsənə doğru maşın yolu çəkirlər. Yəqin ki, bu yolun böyük əhəmiyyəti var. Ərazi bütövlükdə silahlı dəstə ilə mühafizə edilib. Bir neçə saat öncə Ermənistanın vəzifəli şəxsləri maşınlarla buraya gəldilər. Böyük həvəslə bu yolun çəkilişində göstərişlər verib, iştirak etdilər.

Ermənilər Kəlbəcər ərazisində öz bildikləri kimi yollar çəkir, tikib- yaradırlar. Yəqin ki, Azərbaycanın rəhbər işçiləri bu haqda ölçü götürəcəklər. Əgər qərara gəlinməsə, Azərbaycan üçün çox gec olacaq, heç vaxt itirilmiş torpaqlarırını geri qaytara bilməyəcəyik. Hər dəfə bu əraziyə gəldikcə ermənilərin yeni bir kəşfinə rast gəlirsən. Bəzən qalalar təmir olunur, bəzən isə evlər tikilir. İndi isə üzü Daşkəsənə doğru yol çəkirlər”.

Saytımıza danışan keçmiş girov bildirib ki, 10-12 dəfə Kəlbəcərdə olub: “3 dəfə mülki şəxslərlə birgə olmuşam. Şəhid Anar Əliyev həmin vaxtı mənimlə Kəlbəcərdə olanda baş leytenant idi. Onunla bərabər bizimlə iki hərbçi də var idi. Hazırda o hərbçilərdən biri Naxçıvanda mayordur, biri də Tovuzda yaşayır. Bu videoda Anar Əliyev yanımda idi və biz Kəlbəcərə girmişdik. O vaxtı “Lev dərəsi” deyilən yerdə mühasirəyə düşdük. Mən bərk yorulmuşdum, yatmışdım.

Yoldaşlarım dedilər ki, sən dincəl, biz nəzarət edirik. Həmin vaxtı Anar məni yuxudan qaldırdı və uzaqdan dağ keçisi keçdiyini dedi. Məsafə uzaq idi. Mən binoklla baxanda Qonqur” dağının ətəyinə doğru 20 erməninin dağın başı ilə qaçdığını gördüm. Anar baxdı və onların xüsusi təyinatlı erməni hərbçiləri olduğunu dedi. Fikirlərimiz eyniləşdi. “Qaraqaya” deyilən yerə getdik. Mən ərazini yaxşı tanıyıdım. Orda qaçaqların mağarası vardı. Bu minvalla oradan çıxdıq. Biz onları görməsəydik, mühasirəyə düşəcəkdik. Anar çox çevik insan idi. Çox təəssüflər olsun ki, şəhid oldu. Mən Şuşa xəstəxanasında olanda, o, polkovnik- leytenant rütbəsinədək qalxdı. Dördüncü dəfə Şahbazla getmişəm. Onu da yük götürmək üçün özümlə aparmışam. Hərbi taktikası yox idi, nə də güllə ata bilirdi. Mənimlə ancaq “veş” aparıb.Mən Kəlbəcərə təyinat, göstərişlə getmişəm. 2007- ci il may-iyun ayında iki dəfə tək getmişəm. Çəkilişlərim var”.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birgə 2014- cü ildə ermənilər tərəfindən girov götürülüb. Həsən Həsənov isə həmin vaxtı öldürülüb. Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurub. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. 2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətirilib.


Tarix: 21-04-2022, 18:26
Xəbəri paylaş





Xəbər lenti