Nuriyevdən sərt sözlər: “Zelenski Ukraynanı məhv etdi”


“Mən sizə deyim ki, bu adamlar siyasətdən uzaq olan insanlardır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında keçmiş millət vəkili, siyasi şərhçi Cümşüd Nuriyev deyib. O, Ukrayna prezidenti Volodimir Zelenskinin “Ukraynanın ayda 7 milyard dollara ehtiyacı var” açıqlamasına münasibət bildirib.
Politoloqun sözlərinə görə, gərək, Ukrayna bu işə girişməyəydi: “Bu adam (Zelenski – red.) seçiləndə mən demişdim ki, Ukraynanı 1992-1993-cü illərdə Azərbaycanın düşdüyü bəlalar gözləyir. Çünki bu insan şoumendir.
O ki qaldı Rusiyanın oraya hücumuna, buna heç cür haqq qazandırmaq olmaz. Rusiya burada işğalçıdır, amma Ukrayna ona qarşı bilirdi ki, məğlub olmaq ehtimalı çox yüksəkdir, gərək, onda rusu qızışdırmayaydı. İndinin özündə bəs Ukrayna niyə siyasi cəhətdən həyasızlıq edir? Çünki Ukraynanı bu işə salan Avropa dövlətləridir. Xüsusən də Baltikyanı ölkələr və Polşadır. Ona görə ki, çox qorxan da bunlar idi ki, əgər Rusiyanın başı başqa yerdə qarışmasa, bu ölkələrin ərazisinə girə bilər.
Rusiya da seçim etdi. Çünki onlar (Polşa və Baltikyanı dövlətlər – red.) NATO üzvləri idi, Ukrayna isə NATO üzvü deyildi. Zelenski də fikirləşdi ki, elə bil səhnədədir, yenə Putini istədiyi kimi tənqid edəcək, gülüş yaradacaq və Rusiya da bununla uduzacaq. Amma həmişə ayılar çox gec ölür. Rusiyanın dövlət kimi ölməyinə gəldikdə, hə, imperiyaların hamısı dağılır. Dünya da hazırda 3 dənə imperiya qalıb. ABŞ, Rusiya və Çin”.
Onun sözlərinə görə, Rusiya bir növ həmin dağıntını gecikdirmək üçün Ukraynanın üzərinə getdi:
“Bunlar da riskə girdilər və uduzdular. Bilirsiniz, nə Avropa onlara ayda 7 milyard dollar verəcək, nə də onların istədiyi 600 milyard dollar olacaq. Bu proses də yaxın 2-3 aya qədər davam edəcək. Yəni hələlik Rusiya “sürünən müharibə” taktikasından istifadə edib Ukraynanı darmadağın edəcək. Onlar indi deyirlər ki, Ukraynanın bərpası üçün 600 milyard dollar lazımdır, lakin o pul onlara verilən deyil.
NATO bunların arxasından çəkiləndə Ukrayna dayanmalı və Rusiya ilə danışıqlara getməliydi. Bizdə bir söz var: “Ətin nədir, budun nə?!”. Axı Zelenski nə siyasi cəhətdən peşəkar idi, nə də onun komandasında peşəkarlıq var idi. Bütün cavanları yığmaqla dövlət qurmaq mümkün deyil, tarix bunu göstərir. İndi Zelenskinin belə çıxışlarıyla heç nə həll olmayacaq”.
Ekspert onu da vurğulayıb ki, Ukraynanın və Rusiyanın ağılsız hərəkətləri dünya iqtisadiyyatına da çox ciddi təsir edir:
“Zelenski nə iqtisadçı deyil, nə də siyasətçi. Bu adam şoumendir, hər şeyi də şou görür və elə bilir ki, kiminləsə zarafat etməklə hər şeyi həll edəcək və s. O, “95-ci kvartal”ın hamısını gətirib qoydu nazirlik postlarına. Yaxşı, ortada nə var bəs?! Şəhər dağıdılıb, məhv olub, meri çıxıb deyir ki, yox, biz vuruşacağıq, bunun qabağını alacağıq! Eyni şeyi biz AXCP vaxtında yaşamışıq. Erməni gəlib torpaqlarımızı tuturdu, biz Pekini, Təbrizi alırdıq. Nə oldu?! Niyə almadıq?! Eyni taleyi indi onlar yaşayırlar. Bu adam Ukraynanı məhv etdi, bitirdi”.
Sonda isə C. Nuriyev özünəməxsus şərh verməkdən də çəkinməyib: “Bir dəfə mən “Lider TV”də çıxış etmişdim onun barəsində və Ukrayna səfirliyi nota vermişdi ki, bu, xalqın seçdiyi adamdır. Mən xalqın seçdiyinə bir söz demirəm, mən dedim ki, o bizim taleyimiz yaşayacaq. Biz Allaha şükür, o bəladan qurtula bildik, amma Ukrayna qurtula bilməyəcək. Ruslar bütün şərqi Ukraynanı götürəcək. Qərbi Ukraynada – Karpatlarda ancaq ağaclar var. Görüm, o “Benderlər”o ağaclarla necə dolanacaq?! Meşədən başqa heç nə yoxdur. Ukraynanın bütün varı dövləti hamısı Rusyanın əlinə keçəcək. Bu, birmənalıdır”.
Tarix: 22-04-2022, 15:45
Xəbəri paylaş





Xəbər lenti