"İş tapmır, ailəsinə baxa bilmir, üstəgəl, hər gün evdə söz-söhbət..."

Son zamanlar Azərbaycanda məişət zəminində qadınlara qarşı cinayətlərin sayının artdığını görürük. 
Bəs bunun səbəbi nədir? Analoji hadisələrin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış vəkil Əsabəli Mustafayev bunu insanların psixoloji gərginliyi və maddi durumu ilə əlaqələndirib:
“Son zamanlar baş verən cinayətlər xüsusən ailə-məişət zəmnində olur. Bəzən qarşı tərəfin hər hansı hərəkəti şəxsdə şok effekti yaradır və onun təsiri altında cinayət baş verir. Bəlkə də realda elə qəddar adam deyil, amma o, şokun təsiri altında cinayət törədir. İnsanlar bunu nəzərə almalıdır. Bilməlidirlər ki, adi bir söz bu cür cinayətlərə gətirib çıxara bilər. Belə cinayətləri adiləşdirmək olmaz. Son illər pandemiya ilə əlaqədar insanlarda emosional gərginlik yarandı, insanların maddi vəziyyətinin pis olması da cinayətlərə təsir edir. İnsan ailəsinə baxa bilmir, iş tapmır, üstəgəl hər gün evdə də söz-söhbət olur və belə ağır nəticələrə gətirib çıxara bilir. Məişət zorakılığının əsas amili psixoloji gərginlikdir. İnsanlar özlərindəki bu gərginliyin qarşısını ala bilmirlər”.
Ə.Mustafayev bu cür cinayətlərin qarşısının alınması üçün müəyyən tədbirlərin görülməli olduğunun vacibliyini qeyd edub:
“Belə zorakılıqların qarşısının alınması üçün bir sıra tədbirlər görülməlidir. Əvvəlcə insanların maddi durumu yaxşılaşdırılmalıdır, bundan başqa ölkədə psixoloji yardım əlçatan olmalıdır. İstər aztəminatlı, istərsə də normal maddi imkanı olan şəxslər psixoloji dəstək ala bilməlidir. Xarici kinolarda bunu tez-tez görürük, kiminsə başına nəsə gəlirsə, deyir psixoloqumun yanına gedəcəm ki, gərginliyi aradan qaldırım. Bizdə də insanlar gərginliyi aradan qaldırmağı bacarmalıdır. Mətbuat da bunu cəmiyyətə düzgün çatdırmalıdır, qınaq yaratmalıdır, bunu insanlara “qəhrəmanlıq” kimi təqdim etməməlidir”.
Tarix: 3-05-2022, 17:44
Xəbəri paylaş





Xəbər lenti