“Bu adam mənim üçün Allahın bacısı oğlu kimi bir şeydir...”

“Bu adam mənim üçün Allahın bacısı oğlu kimi bir şeydir...”
“İndi elə Fuadın qəbrini ziyarətə gedirik. Çox maraqlı sual verdiniz və soruşursunuz ki, Fuad Poladov sizin üçün hardadır? Fuad Poladov elə mənim içimdədir, mənəm, qəlbimdədir. Vaxtilə İctimai televiziyada Fuad haqqında bir veriliş təşkil etmişdik. Orda demişdim ki, Fuad mənim o yaxınlarımdan, sevdiklərimdəndir ki, o heç vaxt xatirəyə çevrilmir”.
 
Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət dostu, Xalq artisti Fuad Poladov haqqında danışarkən deyib. S.Səxavət  Fuad Poladovun onun üçün bir həqiqət olduğunu bildirib:
 
“Bu adam nə özü bunun üçün çalışıb, nə də mən onun üçün çalışmışam. Bizdə belə alınıb. Amma bütün bunlara baxmayaraq onu hər gün xatırlayırıq. İndi dostum Gülağayla onun haqqında danışa-danışa qəbrini ziyarətə gedirik. O, dünyanın ən  bəxtəvər kişilərindən, ailə başçılarından, sənətkarlarından biri olub. Fuad  ya ailə başçısı, ya qonşu, ya dost, ya tanış, ya aktyor, kim olubsa, böyüyündən olub. Onun ortayla, aşağıyla, babatla işi olmayıb. 
 
Bu ölümə də Fuad Poladov boyda getdi. Ölümü də ləyaqətlə qarşıladı. Ölüm də bundan incimədi. Bu adam mənim üçün Allahın bacısı oğlu kimi bir şeydir. Sənətdə də, həyatda da, mərdlikdə də, həqiqətsevər olmaqda da. Mənim bir sözüm var, həmişə deyirəm ki, biz hamımız həqiqətə lazım deyilik, həqiqət bizə lazımdır. Bax, Fuad Poladov mənim üçün həqiqətdir. Həyatda çox adamlar var, amma onlar mənim üçün həqiqət deyil. Dünyada mənim üçün iki böyük anlam var, Allah və ondan bir azca aşağıda həqiqət. Fuad mənim üçün böyük həqiqət idi. İnanın ki, onun bütün dostlarına, tanışlarına zəng eləsəniz, hamısı mən deyən sözləri deyəcək. O, hərdən mənim üçün elə bir vəziyyətdə çatışmır ki, darıxıram. Bu gün də onun telefon nömrəsinə zəng vurub uşaqlarıyla danışıram və elə bilirəm onun özüylə danışıram. Yəni başqa çarəm də yoxdur, çarəm olsaydı, nə vardı ki”.   
 
Qeyd edək ki, bu gün Fuad Poladovun vəfatından dörd il ötür.

Tarix: 5-05-2022, 22:59
Xəbəri paylaş





Xəbər lenti