Dəb halını alan bəla: "İntiharların başlıca səbəbkarı..." - Ekspertlər açıqladı



Sonuncu dəfə baş verən intihar çoxlarının xatirində qalacaq. Paytaxtda 17 yaşlı abituriyent yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atıb. Bu zaman onu tutmağa cəhd edən bina sakininin üzərinə düşüb. Qəbul imtahanlarının tarixi yaxınlaşdıqca intiharlar da müəyyən qədər çoxalır. Artıq bu ərəfədə intihar xəbərləri gələndə insanlar onu adi hal kimi qarşılayırlar. Cəmiyyət sanki həll yolu axtarmaq əvəzinə, onun davamlı olmasına öyrəşməyə çalışır.
Yəni biz həqiqətən də bunu istəyərək edirik? İntiharlar nə üçün dəb halını alır? Nə üçün mövsümü xarakter daşıyır?
Teleqraf.com suallara cavab tapmaq üçün mütəxəssislərə müraciət edib.

Psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, abituriyentlərlə valideynlər arasında əlaqə düzgün qurulmayıb. Onun sözlərinə görə, problemin başlıca səbəblərindən biri madiyyatdır:
“Bu gün valideynlər övladlarının ali məktəbə hazırlığına külli miqdarda pul ödəyirlər. Elə bir uşaq yoxdur ki, hazırlığa getmədən ali məktəbə qəbul olsun. Bu kurslara da ödəniləcək pulu müxtəlif xərclərdən kəsirlər və proses 2-3 il davam edir. Məbləğ də az deyil, 500-600 manat arasında dəyişir. Bu da istər-istəməz valideyni psixoloji təsir altına salır.
Belə halda valideyn stress keçirir, iqtisadi vəziyyətlə əlaqədar o pulu tapmaq üçün fikirləşir. Bu pullar əziyyətlə qazanılır və bundan yaranan aqressiya altında övladlarının üzərinə yüklənirlər. Haqlıdırlarmı? Bir tərəfdən bəli, bir tərəfdən xeyr. Çünki adam pulu tapmaq üçün əziyyət çəkir, düşünür ki, hazırlığa qoymasam, uşağım oxuya bilməz. Hər valideynin də dediyi bir ifadə var, "hazırlığına bu qədər pul xərcləmişəm". Bununla da uşağa psixoloji təzyiq göstərirlər. Uşaq da istər maddi, istərsə də mənəvi təzyiq altında qalır və düşünür ki, valideyn bu qədər pul xərcləyib, mənə güvənib... Bununla da hər iki tərəfdə aqressiya formalaşır”.
Psixoloq bildirib ki, valideynlər aqressiyalarını övladlarına yükləməməlidirlər: “Övladımızı başa salmalıyıq, onlara "nə olursa-olsun mən sənin arxandayam, heç nə önəmli deyil". Bilirəm, bunları demək çətindir. Amma bizim övladımızın həyatı hər şeydən vacbdir. Onun bizə etibar etməsi üçün şərait yaratmalıyıq. O bilməlidir ki, arxasında valideynin gücü durub.
Bəli, məsuliyyətli olmalı, tələb etməliyik. Amma bunu bir çərçivə daxilində etmək lazımdır. Uşaqların yeniyetməlik dövrüdür, sosial şəbəkələrdə aktivdirlər. İstər-istəməz onları oxumaqdan, məqsədə doğru addımlamaqdan nəsə yayındıra bilər. Yerində, zamanında, qədərində bu işlər görülməlidir. Valideynə olan güvən hissinə toxumadan, psixoloji təzyiq göstərmədən yönləndirməli, bu çətinliklərə bir müddət dözməliyik”.
Ekspert bildirib ki, prosesə məktəb psixoloqları da cəlb olunmalıdır: “Uşaqlarla, xüsusilə də 10-11-ci sinif şagirdləri ilə məktəb psixoloqu işləməlidir. Onların valideynləri ilə də söhbətlər aparılmalı, hədəfləri nəzərə alınmalıdır. Psixoloq bilməlidir ki, valideyn və uşaq arasında münasibətlər hansı səviyyədədir.
Heç bir uşaq birdən-birə intihar etmir. O təzyiqlər toplandıqca son nöqtəyə - intihara çatır. Bu, individual məsələdir, araşdırılmalıdır. Uşaqları hazırlığa qoyduqda peşəkər psixoloq yanına da göndərmək vacibdir. Mənim 7 pasiyentim var ki, onları 10-cu sinifdən idarə edərək gətirmişik. Hazırlığa getdikləri müddətdə yanıma gəliblər, hazırda universitetdə təhsil alırlar. Məqsədimiz odur ki, uşaqda motivasiya olsun, ailə bağları qopmasın, imtahan stressi yaşamasın. Ən əsası, bu gün çox yayılıb, nə qədər savadlı olsa da sual verdikdə uşaq həyəcan keçirir, özünü itirir. Bunların qarşısını almaq üçün mütəxəssislə mütəmadi əlaqədə olmaq lazımdır”.
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsil sahəsində olan problemlərə nəzər salsaq, onlardan biri, bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir: “Son illər bununla bağlı bir çox tədbirlər görülür. Görülən bu tədbirlər nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyəti.
Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşır. Araşdırmalarıma görə orta məktəbdə psixoloji xidmətin zəif olması bir çox səbəblə bağlıdır. Birincisi, bu sahənin yeni olmasıdır. Yəni orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də, maariflənmə işi düşünürəm ki, daha da geniş formada aparılmalıdır”.
Ekspert hesab edir ki, məktəblərdə psixoloq ştatı mövcud olsa da psixoloqların psixoloji işi aparması üçün şəraitləri yoxdur: “Çünki heç kimə sirr deyil ki, bir qisim orta məktəbdə psixoloqlar konkret əvəzçiliklə dərs demək, yaxud öz işləri ilə yanaşı başqa işləri də yerinə yetirmək durumu ilə üz-üzə qalırlar. Bir də psixoloqun ştat vahidinin müəyyən olunması psixoloji işin daha yaxşı görülməsində bir motivasiya vasitəsi olacaq. Çünki ştat vahidi mən düşünürəm ki, qaldırılmalıdır.
Orta məktəbdə çalışan psixoloqun aldığı əmək haqqı da, digər müəllimlərin aldığı məvacibə müəyyən qədər bərabər tutulmalıdır.
Xoşagəlməz fakt odur ki, son vaxtlar baş verən intiharların çoxluğunu orta məktəb şagirdləri təşkil edir. Əslində bunun birbaşa yox, dolayısı ilə əlaqəsi var. Bunu belə deyim, orta məktəb psixoloqu işini görmür və uşaq intihar edirsə, bu, bir az etik olmazdı. Valideyn uşağı ilə ünsiyyət və tərbiyə prosesini düzgün qurmaqda çətinlik çəkir, ailədaxili münasibətdə konflikt var və yeniyetmənin özünün fərdi daxili psixoloji problemi mövcuddur ki, onu vaxtında valideyn təyin edə bilmir.
Uşaq əgər gündə dörd saat məktəbdə olursa, digər vaxtları evdə olur. Bu sırf psixoloqla bağlı bir məqam deyil. Düşünürəm ki, burda valideynlərin məsuliyyətini bir az da qabartmaq lazımdır.
Son illər ərzində Təhsil Nazirliyi tərəfindən orta məktəb psixoloqlarına xüsusi qayğı göstərilir. Təlimlər keçirilir, indi də davam etdirilir. Məsələ burasındadır ki, ştat vahidinin verilməsi, bu bir az zaman alan bir məsələdir. Düşünürəm ki, bunu həyata keçirərlər. Çünki, eyni bir proses səhiyyədə də baş verir.
Klinik psixoloqlar səhiyyə tibb müəssisələrində çalışırlar. İndi məsələ qoyulur ki, onlar da həkimlər qədər əmək haqqı alsınlar.
Yenə də deyirəm, şərait yaratmaq lazımdır və bunun müqabilində psixoloq da işini yaxşı bilməlidir ki, uşaqlarla işini görə bilsin. Yəni konkret olaraq psixoloqun öz otağı olmalıdır, otaq düzəldilməlidir ki, testlər edilə bilsin, fərdi söhbətlərlə yanaşı, yeri gəlsə ailə ilə də söhbətlər edə bilsinlər”.
Kamran Əsədov qeyd edib ki, ölkəmizdə psixoloqa müraciət etmək kimi vərdiş hələ tam formalaşmayıb.
Sosioloq Əhməd Qəşəmoğlu isə fikirləşir ki, problemin kökündə ali təhsil almaq məcburiyyəti dayanır.
Onun sözlərinə görə, Azərbaycanda ali təhsil mədəniyyəti aradan götürülməlidir: “İnsanlar ali təhsilli olub-olmaması ilə bir-birindən fərqləndirilməsin. Bu, insanların özündən asılı deyil. Cəmiyyətdə dəyişiklik olunmalıdır. Mən Almaniyada türk millətindən olan almanlarla ünsiyyətdə olanda gördüm ki, çoxusu ali təhsilə can atmır. Çünki onlar ali təhsil almasa da, işlə təmin olunurlar.
Elə bir peşə, sənətlə məşğul olurlar ki, ali təhsil alanlardan daha gözəl yaşayırlar. Cəmiyyətimizdə bu sahədə hədsiz dərəcədə natamamlıqlar var. İnsanlar bütün ümidini ali təhsillə bağlı diploma bağlayıb. Tam məsuliyyətlə deyirəm ki, indiki zamanda o diplomların 70 faizi saxtadır. Çünki elə bir vəziyyətdir ki, indiki ali məktəb tələbələri təhsilə həvəs göstərmir. Elə-belə gəlib-gedib, təhsil ödənişi ediblər, aldıqları diplom da təhsil haqqında ödənişin qəbzidir, diplom deyil.
Belə bir vəziyyəti dəyişmək üçün ölkədə ciddi humanitar siyasət dəyişməlidir. Hər şey də humanitar siyasətlə bağlıdır. Cəmiyyət günü gündən mürəkkəbləşir. İndi ciddi elmi mərkəzlər olmasa, cəmiyyətdə gedən prosesləri təhlil etməsə, ona uyğun tövsiyələr hazırlamasa, intiharların sayı da artacaq. İndiki həssaslaşmış cəmiyyətə uyğun olaraq ölkədə humanitar siyasət dəyişməlidir”.
Tarix: 6-05-2022, 10:11
Xəbəri paylaş





Xəbər lenti