Deputat Şuşada baxıl geyinilməsinə belə yanaşdı: "Baxır kimin ayağı... "


Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşir.
Yeni qaydalar parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar istisna olmaqla, bəzi hallarda “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir.
Buraya hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında, kommersiya və reklam məqsədilə, əmtəə nişanlarında və coğrafi göstəricilərdə istifadə aiddir. Həmin hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir. Qanun layihəsi III oxunuşda qəbul edilib.
Ümimiyyətlə, müharibə bitəndən sonra Şuşa adının həssaslığı müzakirə mövzusudur. Hətta Şuşaya tədbirlərə gedən şəxslərin davranışları da müzakirə edilir.
Məsələn, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Şuşada baxıl geyinməsi bu qəbildəndir.
Cebhe.info-ya danışan Milli Məclisin üzvü Elman Nəsirov bildirib ki, bu addan istifadə ilə bağlı diqqətli olmaq lazımdır:
"Şuşa haqqında qanunun qəbul edilməsi təsadüfi deyil. Şuşa təkcə bizim mədəniyyət paytaxtımız, qan yaddaşımız, Qafqazın incisi deyil. Şuşa siyasi mərkəzə çevrilib. Dediyimiz kimi, bu ad bizim üçün müqəddəsləşib. Şuşa adından istifadədə qanunun tələlərinə əməl etmək lazmdır. Yerli-yersiz bu addan itifadə yolverilməzdir. Şuşanın işğal altında olan dövründə restoranlara, kafelərə, müxtəlif məntəqələrə Şuşa adının verilməsi kimi hallar geniş yayılmışdı. Bunun motivlərini başa düşmək olar. Maarifləndirici nöqteyi-nəzərdən əhəmiyyəti var idi. Amma indi yeni reallıq var. Şuşa bizim tarixi şəhərimizdir və azad olunub".
Deputat bildirib ki, Şuşa adından bəzən yersiz komik vəziyyətlərdə də istifadə olunur:
"Məsələn, görürsünüz ki, komediya janrında oynayan aktyorlar öz rollarını Şuşa komandası adı altında ifa edirlər. Bunlar heç bir halda qabuledilən deyil. Şuşa adından istifadə ilə bağlı qanundan kimin xəbəri yoxdursa, oxusun və özü üçün nəticə çıxarsın".
Parlament üzvü hər dəfə Şuşaya gedərkən hansısa məmurun baxıl geyməsi məsələsinə də toxunub:
"Baxıl geyinilməsi məsələsində bir az şişirtmə oldu. Şuşa təbiətən gözəldir. Şuşa şəhərində keçirilən mühüm tədbir çərçivəsində tərtəmiz səhnəyə palçıqlı ayaqqabı ilə çıxmaq nə dərəcədə düzgündür? Tutaq ki, həmin şəxslər baxıl geyinməsəydi, deyəcəkdilər ki, filankəs ayağı palçıqlı səhnəyə girib. İndi də bu tənqid hədəfinə çevriləcəkdi. Özü baxıb görür ki, ayaqqabısı bu və ya digər səbəblərdən palçıqlıdır. Özü buna əmin olur ki, hansı yerlə gedib, təsadüfən ayağı palçığamı düşüb və s. Tutaq ki, onun yanında gedənin geyindiyi ayaqqabı heç palçıqlı olmaya da bilər. Baxır kimin ayağının altına hansı torpaq düşüb, hansı şəraitlə üz-üzə qalıb da. Buna həssas yanaşmaq lazımdır".
Tarix: 17-05-2022, 17:53
Xəbəri paylaş





Xəbər lenti