“Müxalifət niyə 22 ildir, həbsdə yatan kiməsə ümid etməlidir?” - Nadir Qocabəyli Şəmsi Səmədzadədən yazdı


Şəmsi Səmədzadə adlı adam haqqında Prezidentin son əfv fərmanından sonra eşitmişəm. Hamı onu paylaşır, ondan yazır. Adama ömürlük həbs cəzası verilibmiş və 22 ilmiş içəridəymiş. Prezident humanistlik göstərərək bağışlayıb. Sağ olsun!
 
İstər-istəməz suallar yarandı. Kimdir, nəçidir? Niyə tutulub və niyə ömürlük cəza alıb?
 
Bir az araşdırma apardım. Bir neçə material oxudum, videoya baxdım. Həbsdən çıxan kimi böyründən əl çəkməyən Əvəz Zeynallı tək əslən ermənistanlıdır. Lap yaxşı. İş adamı olub. Bu da çox gözəl. Şəmkirdə şərab zavoduna rəhbərlik edib və bu vəzifə ona çox gənc yaşlarında atasından qalıb. Çox pakizə. Zakir Qaralova xərac vermək istəməyib. Kişi adamdır, mənim də kiməsə xərac, hesab verməkdən zəhləm gedir və heç vaxt verməmişəm. Buna görə onu dolaşdırıblar. Necə? Bir məclisə çağırıblar, anası deyib ki, getmə. Şəmsi deyir ki, cəmi bircə dəfə anasının sözündən çıxıb, onda da başına bu iş gəlib. Bir az pafoslu, aşıqsayağıdır, amma ola bilər. Nə iş gəlib başına? Zakir Qaralovun başında stul qırıb. Gözəl işdir, alqışlayıram. Və buna görə... Zakir Qaralov baş prokuror olduqdan sonra onu ömürlük içəri basdırıb...
Hansı ittihamla, hansı maddəylə? Bu barədə heç kəs heç nə yazmır. Niyə? Anlamıram. Əgər ona şər atıblarsa, kimisə öldürməkdə, yaxud başqa ağır cinayətdə ittiham ediblərsə, niyə heç kəs bu barədə "mıqq" eləmir? Belə jurnalistika olmaz axı!
 
Əvəzində adam qəhrəmancasına təbliğ olunur. Prezidentliyə namizəd olacaqmış kimi güclü piarı aparılır. Müxalifətin ona ümid bəsləməsi, ancaq xəyallarının puç olduğu deyilir.
 
Mənim başım çıxmır, müxalifət niyə 22 ildir həbsdə yatan kiməsə ümid etməlidir? Axı o heç siyasətçi, yazar, ictimai fəal da deyil. İş adamı olub, o da 22 il qabaq. Yəni 5-10 manat qazanıbsa da, indiyə pul qalmaz ki. 22 il türmədə qalmaq uşaq oyuncağı deyil e, ətək-ətək pul istəyir. Özü də hiss olunur ki, həbsdə özünə yaxşı baxıb. Pulu qalsa da onu niyə müxalifətə xərcləsin? Zakir Qaralovdan qisas almağa görə?.. Cəfəngiyyatdır...
 
Nə isə, adam lap dəli olur...
 
Nadir Qocabəyli
 
Yazıçı
Tarix: 30-05-2022, 22:56
Xəbəri paylaş





Xəbər lenti