Jurnalistlər təzyiqlə üzləşdiyini iddia edir, Yasamal RİH isə susur


"Toplum TV”nin əməkdaşları Vüsalə Mikayıl və Nuray Kamal iki gün öncə Elmlər Akademiyası ərazisində mağazası sökülən sahibkarın şikayətini işıqlandırarkən Yasamal Rayon İcra Hakimiyyəti əməkdaşlarının təzyiqi ilə üzləşdiyini iddia edirlər.
 
Pravda.az-ın məlumatına görə, Yasamal Rayon İH-nin nümayəndəsi Vüsal Hüseynov adlı şəxs jurnalistlərin çəkiliş aparmasına mane olub.
 
Rayonun 21 saylı Mənzil Kommunal İstismar İdarəsinə müsahibə üçün dəvət olunan xanımlara şikayəti işıqlandırmamaları üçün rüşvət təklif edildiyi deyilir. Jurnalistlər bundan imtina etdikdə isə Vüsal adlı şəxs onların telefonunu alaraq ərazidən uzaqlaşıb. Həmin vaxt telefonun səsyazma proqramı açıq olduğu üçün bütün danışıqlar qeydə alınıb. Məlum olub ki, Vüsal Hüseynov telefonun yaddaşındakı videonu silməkdən ötrü proqramçı axtarıb.
 
Jurnalistlər Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra telefon geri qaytarılıb.
 
Pravda.az-ın əməkdaşı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun köməkçisi Habil Süleymanzadə ilə əlaqə saxlayıb.
 
Bildirilib ki, sorğuya gün ərzində cavab veriləcək.
 
Redaksiya: İki gün əvvəl baş verən və sosial şəbəkələrdə müzakirələrə səbəb olan hadisə ilə bağlı RİH vaxtında məlumat yaymalı idi. Görünür, icra hakimiyyəti informasiya işini düzgün qurmağı bacarmır. 
Tarix: 9-06-2022, 14:23
Xəbəri paylaş





Xəbər lenti