“Şəhid olanda vəsiqəsi üstündə olub, güllə ürək nahiyəsindən dəlib keçmişdi” - FOTOLAR

“Şəhid olanda vəsiqəsi üstündə olub, güllə ürək nahiyəsindən dəlib keçmişdi” - FOTOLAR
“Xalqımız, insanlarımız sağ olsunlar ki, şəhidlərimizi unutmurlar. Biz bu gün əgər rahat, alnı açıq, başı dik gəziriksə bunu şəhidlərimizə və qazilərimizə borcluyuq. Turqut haqda keçmişdə danışmaq bir bilsəniz mənə nə qədər çətindir. Allah heç bir anaya bala dağı, dərdi göstərməsin. Onunla hər zaman fəxr etmişəm, indi də fəxr edirəm. Tibb Universitetinin hərbi tibb fakültəsində təhsil almışdı. Aprel döyüşlərində şəhid olanları görüb hər zaman deyirdi ki, inşallah şəhidlik mənə də qismət olar.

Bunu Moderator.az-a açıqlamasında şəhid Turqut Xəlilbəylinin anası Almaz Hüseynova deyib. O daha sonra əlavə edib.

“2018-ci ildə Turqut təyinatla Beyləqana gəlir. 2 il idi ki, Beyləqanda həkim işləyirdi. Müharibə başlayanda könüllü müharibəyə yollanır. Nə qədər desələr ki, sən arxa cəbhədə xidmət et, tibbi yardım göstər. O bununla razılaşmır, deyir ki, arxada həkimimiz çoxdur. Fizuli və Cəbrayıl istiqamətində döyüşlərə qatılır.Müharibədə yaralı əsgərlərimizi döyüş zonasından çıxarır. Onun hərbiyə könüllü yazılmasından bizim xəbərimiz yox idi. Şəhid olandan sonra onun yoldaşlarından eşitdik ki, Turqut könüllü yazılıb, neytral zonadan xəstə çıxarır. Bir qazi deyirdi ki, mən neytral zonada qalmışdım, gördüm başımın üstündə ağ xalatlı bir şəxs. Elə bildim ki, şəhid olmuşam, bu da mələydir. Sonradan həmin şəxsin Turqut olduğunu bilib. Hərbi hissə ikinci evi idi. Gec-gec gəlirdi evə, deyirdim ki, Turqut, səni görmədim axı. Deyirdi ki, ay ana gələcəm, narahat olma.
 
Biz evimizdə qəhrəman, mələk böyütmüşük, amma bundan xəbərimiz olmayıb. Turqut şəhid olandan sonra bizə çox insan gəldi. O zaman biz bildik ki, Turqut həm də xeyirxah insandır. Fəxr edirəm ki, Turqutun anasıyam. Fəxr edirəm oğlumla. Şəhid olanda vəsiqəsi üstündə olub, ürək nahiyəsindən güllə dəlib keçmişdi. Turqutum belə qəhrəman övlad idi. Hər gün ondan geriyə qalan gülləri, çiçəkləri sulayıram, təsəllim artıq budur” deyə şəhid anası bildirib.
Tarix: 10-06-2022, 08:38
Xəbəri paylaş





Xəbər lenti