“Şuşa işğal olunanadək orada döyüşmüşəm, gedib babamın evini görmək istəyirəm”

“Şuşa işğal olunanadək orada döyüşmüşəm, gedib babamın evini görmək istəyirəm”
Şuşada doğulub boya-başa çatan, şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas Mir Mövsüm Nəvvab 1833-cü ildə Hacı Seyid Əhmədin ailəsində doğulub. İlk təhsilini ruhani məktəbində alıb. Sonra astronomiya, kimya və digər elmlərə yiyələnib. Şuşanın mədəni və ictimai həyatında əhəmiyyətli rol oynayan Nəvvab müxtəlif kitablar yazıb, nəşr etdirib, “Məclisi fəramuşan”, “Məclisi xanəndə” adlı musiqi məclislərə rəhbərlik edib.
Ədibin nəticəsi Elçin Sadıqov Moderator.az-a müsahibə verib. O bildirib ki, məşhur tarzən Sadıqcanla Mir Mövsüm Nəvvab onun ulu babalarıdır.

“1965-ci ildə Şuşa şəhərində anadan olmuşam, Sadıqcan, Mirmövsüm Nəvvab mənim ulu babalarımdır. Sadıqcanın oğlu Bahadur, Mir Mövsüm Nəvvabın qızı Pərizaman xanımla ailə həyatı qurub. Ondan sonra da atam Sadıqov Rəhim olub dünyaya gəlib. Amma belə götürəndə Sadıqcanın nəvəsi, nəticəsi çoxdur. Erməni Şuşanı işğal edən günə qədər mən orada vuruşmuşam. Mir Mövsüm Nəvvabın iki qızı, bir oğlu olub. Oğlu ailə həyatı qurmayıb. İki qızının oğlu bir bizik, bibim qızının da oğlu İngiltərədədir. Özünün törəməsindən olan bizlərik. Mir Mövsüm Nəvvabın qızı Rəxşəndəni görmüşəm. O vaxt uşaq idim, mənim 4-5 yaşım var idi. Nağıllarda deyirlər ee, qocalmışdı, beli bükülmüşdü, bax o vəziyyətdə idi. Şuşada Aşağı və Yuxarı Gövhər Ağa məscidlərinin qüllələrindəki yazılar, nəqqaşlıq hamısı Mir Mövsüm Nəvvaba məxsusdur. O cümlədən təbiblik də olub bu adamda. O hiss edib ki, qaraciyər xəstəliyi var, özü özünü müalicə edib, 85 il ömür sürüb. Mir Mövsüm Nəvvabın binasını muzey etmişdilər. 1985-ci ildə binanı təmir etdilər, muzey kimi fəaliyyət göstərirdi. Mayın 6-da kişinin məzarını ziyarət edəndən 2 gün sonra Şuşa işğal olundu. Amma indi görürsünüz ki, məzarı nə günə qoyublar” deyə ədibin nəticəsi deyib.

İki böyük nəslin kötücəsi olan Afər Sadıqov isə Şuşaya gedəcəyi günü səbirsizliklə gözləyir.

“Uşaqlıqdan atam bizi Şuşa abu-havası ilə böyüdüb. Demək olar ki, biz Şuşa haqda söhbətlər edərdik, Cıdır düzündən, atam öz cavanlığından danışardı. Sosial mediyada izləyirdim, Şuşa alınandan sonra baxırdım ki, bəzi jurnalistlər Şuşada çəkiliş aparırlar, mən onlardan xahiş edirdim, sağ olsunlar ata-baba mülklərimizi çəkib, sosial şəbəkədə paylaşırdılar. Mən çox istərdim ki, hərbi xidmətə getməzdən öncə Şuşaya gedib, ulu babalarım Nəvvab və Sadıqcanın evlərini ziyarət edim” deyə ədibin kötücəsi bildirib.
Tarix: 11-06-2022, 09:37
Xəbəri paylaş





Xəbər lenti