"Bu nəticələr tədrisin göstəricisi hesab edilə bilməz" - Kamran Əsədov


“Orta ümumitəhsil məktəblərini 85 minə yaxın şagird bitirir və biz hər il qəbul və buraxılış imtahan nəticələrini təhlil edəndə müxtəlif nəticələri görə bilirik. Hər il rayonlar, eyni zamanda Bakı şəhəri üzrə olan məktəblərin məzunları arasında ali məktəblərə qəbul ola bilməyən kifayət qədərdir. Məsələn, Bakıda 2021-ci ildə 152 saylı orta məktəbin bir məzunu belə ali məktəbə qəbul olmayıb. Yaxud da Masallının bir neçə kəndi var ki, məsələn, Çayqırağı kəndinin bir şagirdi belə ali məktəbə daxil olmayıb. Belə məlumatlar kifayət qədərdir, amma bu nəticələr tədrisin göstəricisi hesab edilə bilməz.”
 
Bunu Pravda.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
 
K.Əsədov qeyd edib ki, tədrisin göstəricisi buraxılış imtahanlarında xüsusilə əsas fənlərdən alınan qiymətlərlə hesablana bilər: “Bizim üçün əsas problem şagirdlərin, ümumiyyətlə, cavab kartına nəyisə qeyd etməməsi ola bilər, çünki təhsil standartlarına görə orta ümumtəhsil məktəblərinin əsas məqsədi vətəndaş yetişdirmək və onlarda minimum bilikləri formalaşdırmaqdır. Bu isə o demək deyil ki, məzun olan hər bir şəxs ali məktəbə qəbul olmalıdır. Bu, mümkün deyil, çünki orta məktəbləri 85 min şagird bitirdiyi halda ali məktəblərin qəbul-plan yeri 47 mindir. Yəni bütün məzunlar 700 bal toplasa belə, hamısı ali məktəbə qəbul ola bilməz. Tədrisin əsas keyfiyyətini ölçən göstərici buraxılış imtahanının nəticələridir. Təbii ki, bu da o qədər qənaətbəxş deyil. Ölkədə heç kim Azərbaycandakı təhsil səviyyəsindən razı deyil. Əslində təhsilin başqa funksiyası da yoxdur. Bu gün hamı deyir ki, ölkədə təhsil batıb. Amma burada nə batıb? Uşaqlar hər gün məktəbə gedirlərsə, yazıb, oxuyurlarsa, deməli, təhsil var. Başqa gözləntimiz nədir? Türkiyənin məktəb məzunlarının yalnız 10 faizi ali məktəblərə qəbul ola bilir, amma Cənubi Koreyada bu faiz 85-dir. Azərbaycanda isə məzun olan şagirdlərin yalnız 50 faizi təhsilin növbəti pilləsinə addımlaya bilir. Qəbul imtahanının məzmunu fərqli bir aspektlə ölçülür. Dövlət İmtahan Mərkəzi kifayət qədər obyektiv, şəffaf və əlçatan imtahan keçirir. Burada məqsəd dövlət standartlarının yoxlanılması və ölçülməsidir. Orta ümumitəhsil məktəblərində müəllimlər tədrisi düzgün təşkil etmədiyinə, KSQ (kiçik summativ qiymətləndirmə), BSQ ( böyük summativ qiymətləndirmə) kimi məktəbdaxili qiymətləndirmələr standartlara uyğun təşkil edilmədiyinə görə abituriyentlər buraxılış imtahanlarında normal göstərə bilmirlər. Heç bir buraxılış imtahanında, heç bir KSQ, BSQ-də listninq (dinləmə) tətbiq edilmir, mətn tipli suallar yoxdur. Dövlətin əsas standartların yoxlanılması üçün tətbiq etdiyi modeldə məktəbdaxili qiymətləndirilmələr həyata keçirilmir və yekun nəticədə abituriyentlər buraxılış, qəbul imtahanlarına gedəndə yeni modelli testlər görürlər və onlara cavab verə bilmirlər. Yaxşı olardı ki, DİM-in cavab kartları modelləri məktəblərdə istifadə olunsun. Şagirdlər bilsinlər ki, sualların cavablarını cavab kartlarına necə köçürməlidirlər. Burada əsas məsələ uşaqların bilik və bacarıqlarının yoxlanılmasıdır. Bacarıqları da yalnız testə cavab vermək yox, yazılmış test tapşırılarının doğru cavablarının cavab kartına köçürülməsidir. Məsələn, IX sinifdə 38 şagird ağ kağız qoyub və biz fikirləşirik ki, bu uşaqlar oxumağı və yazmağı bacarmırlar. Bəlkə də onlar bilirlər və bacarırlar, sadəcə, sualın cavabını kitabçaya yazıblar və cavab kartına köçürməyə vaxtları çatmayıb. Yoxlama və ölçmə alətləri bir meyar üzrə olmalı deyil. Ona görə də biz məsələyə tamamilə fərqli yanaşmalıyıq.”
Tarix: 11-06-2022, 14:26
Xəbəri paylaş





Xəbər lenti