Vətən hamı üçün olmalıdır. Birilərinin kef çəkməsi, digərlərinin xəyallarının ölməsi üçün deyil


İqtisadçı Samir Əliyev
Səhər tezdən taksi ilə aeroporta gedirəm. Yuxuya qarşı mübarizə üsulu olaraq taksi sürücüsü ilə söhbət edirəm. Təxninən30 yaşlı bir oğlandır. Bir ay olar ailə qurub. Ordan-burdan söhbət elədik və məsələ gəldi gecə taksidə işləməyin üstünlüklərinə. Bununla da sürücünün dərdi təzələndi. Məlum oldu ki, sürücü Qarabağ qazısidir. 4 dost (həm də iş yoldaşı) birgə 44 günlük müharibədə iştirak ediblər. Birgə getməyə qərar versələr də alınmır. Üçü sentyabrın 29-u, 1-i isə oktyabrın 5-i döyüşə yollanır. Ancaq Cəbrayılda görüşürə bilirlər. Maşında gedərkən artilleriya atəşinə düşürlər və onların üçü yaralanır. Xoşbəxtlikdən evlərinə sağ-salamat qayıdırlar. Evə qayıtdıqdan sonra onlar yeni problemlə üzləşirlər. Əvvəlki iş yerlərini itirirlər. Cəbhədə yara almlş şəxslərin sutkada 14-15 saat ayaqüstə durması mümkünsüzlüyü, müştərilərlə səbrlə davranmaq çətinliyi onların işini itirməsilə nəticələnir. Yalnız döyüşdə heç bir zərər almamış dostu işini qoruya bilir. Digər 3-ü işi ilə vidalaşmalı olur. Düzdür marketdə onlara başqa vəzifə təklif olunur, ancaq həmin vəzifədəki əmək haqqı 2-3 dəfə aşağı olduğundan onlar bu vəzifədən imtina etməli olurlar. Başqa marketlərə müraciət də nəticəsiz qalır. Hətta DOST-a müraciətin də nəticəsi olmur. İndi hər 3-ü taksi sürücüsü işləyir. Onların “günahı” odur ki, döyüşdə sağlamlıqlarını qoruya bilməyiblər və buna görə taksidə məhz gecə işləməyə məcburdurlar. Gündüz işləməyə əsəbləri tab gətirmir. Qəlpə yarası almış, ayağına mil yerləşdirilmiş qazi indi ayda 247 manat müavinət alır. 5 ilin tamamında yoxlamadan keçəcək və ola bilsin müavinəti itirsin. Sürücü çox narazılıqlar etdi: onlara qarşı diqqətsizlikdən tutmuş İcra Hakimiyyətində “getməyərdin, səni məcbur etməmişdik” kimi sözlərin deyilməsinə qədər. Özünü intihar edən qaziləri də bununla izah etdi. Sonda ona sual verdim ki, getməyinə peşmançılıq hissi çəkmir? Gülüb cavab verdi ki, bu sual mənə çox verilib.
Bu, minlərlə hadisənin bir nümunəsidir. Bəlkə də ən yüngülüdür. Daha ağır nümunələr var. Sözümün canı odur ki, insanlarlmızı qorumalıyıq. Bizim üçün döyüşənlər qayğıdan, diqqətdən kənar qalmamalıdır. Vətən hamı üçündür. Vətən ölmək üçün deyil, yaşamaq üçündür. Qərar verənlər heç olmazsa gözüyaşlı anaları, ataları, bacıları, qardaşları, övladları düşünsünlər. İnsan ağac deyil kəsib yenisini əkəsən, bina deyil dəfələrlə təmir edib sonra heç nə olmamış kimi söküb yenisini tikəsən. 3-5 gün hərə bir tərəfdən şəhid analarına təskinlik verəcək və sonra onlar dərdləri ilə təkbətək qalacaqlar. Vətən hamı üçündür. Birilərinin kef çəkməsi, digərlərinin xəyallarının ölməsi üçün deyil.
Tanrıdan günahlarımızın bağışlanmasını istəyəndə ilk öncə bizi anaların hüzuruna göndərəcək…
Tarix: 14-09-2022, 17:07
Xəbəri paylaş





Xəbər lenti