“Hər yerindən duran ağlına nə gəlirsə, onu da yazır” - ETİRAZ

“Hər yerindən duran ağlına nə gəlirsə, onu da yazır”
Müasir dövrdə demək olar ki, hər kəs sosial şəbəkədən yararlanır. Şəbəkənin inkişafı informasiya bolluğuna və əlçatımlılığına, ünsiyyət prosesinin daha optimal və rahat olmasına şərait yaradır. Son günlər Ermənistanla Azərbaycan arasında atəşkəsin pozulması ilə sosial şəbəkələrdə cürbəcür informasiyalar yayılmağa başladı. Bəziləri 2020-ci il döyüşlərindən görüntüləri yeni kimi qələmə verdi, bəziləri saxta məlumatlar yaydı.

Siam.az-ın məlumatına görə, mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar jurnalist, media eksperti Elçin Şıxlı bildirib ki, sosial şəbəkədən istifadə müsbət və ya mənfi yönümlü ola bilər:

“Ümumiyyətlə, bizim problemimiz ondan ibarətdir ki, ənənəvi media platformalarına cəmiyyət inanmır. Ona görə də sosial şəbəkələrə üz tuturlar, orada da xəbərləri yayanlar peşəkar deyil. Bu səbəbdən də xoşagəlməz hallar baş verir, dezinformasiyalar yayılır. Bunun qarşısını almaq üçün “Tiktok”u bağlayıblar. Mən “TikTok”dan istifadə etmirəm, amma bir çox istifadəçinin münasibətini oxuduqda təəccüblənirəm, çünki çoxsu deyir ki, birdəfəlik bağlanmalıdır. Görünür, həmin sosial şəbəkə o qədər şit və mənasız, məntiqsiz insanlar paylaşımlar edirlər ki, cəmiyyət onlardan bezib. Amma hər hansı sosial şəbəkənin ölkədə birdəfəlik bağlanması mürəkkəb prosesdir”.

Onun sözlərinə görə sosial şəbəkələrdə informasiya yayanların çoxu qeyri-peşəkar olduğuna görə bəzi problemlər yarada bilirlər:

“Mən ümumiyyətlə, nəyisə qadağan etməyin əleyhinəyəm, sadəcə olaraq onun köklərini araşdırıb, problemləri aradan qaldırmaq lazımdır. Sovet vaxtı televiziyada rusların bir verilişi vardı «Сам себе режиссёр» (Özüm-özümə rejissoram), burada da eyni şeydir, insanlar üçün əvvəllər qəzet səhifəsinə düşmək, qəzetdə imzasının görünməsi çox böyük hadisə idi. İndi buna ehtiyac qalmayıb, hər yerindən duran ağlına nə gəlirsə, onu yaza və ictimailəşdirə bilər. Bu ümumən sosial şəbəkələrdə olan bir şeydir. Atomu kəşf edəndə elmi cəhətdən bunu hamı bəyənirdi, amma sonradan sarsaq adamların əlinə düşəndə nüvə silahına çevrildi. Sosial şəbəkələrdə də həmin proseslər baş verir və mən ümid edirəm ki, onlar “nüvə silahı”na çevrilməyəcək. Sosial şəbəkələrin müsbət cəhəti ondan ibarət idi ki, orada informasiya demokratikləşir. İnformasiya üfiqi vəziyyətdə yuxarıdan diqtə edilmir. Amma indi görürük ki, bunun da fəsadları ortaya çıxır. Bəli, sosial şəbəkələr çox demokratik platformadır, hər bir insan öz fikrini ifadə etmək imkanına malikdir, hər hansı hansı hadisəni ictimailəşdirə bilər, fəqət ən böyük problem ondan ibarətdir ki, həmin insanlar peşəkar deyillər. Bütün əhalinin jurnalist olmaq imkanı yoxdur, bu mümkün deyil. İnformasiya ilə peşəkarlar işləməlidir. Çox təəssüf ki, peşəkarlar kim tərəfindənsə idarə olunurlar, kim onlara maliyəni kim ödəyirsə, onlara nəyi yazıb, nəyi yazmayacaqlarını sifariş edirlər. Sosial şəbəkələrdə isə bu mümkün deyil. Yəni sosial şəbəkələrin müsbət və mənfi cəhətləri çoxdur, sadəcə peşəkarlar olaraq elə işləməyə çalışmalıyıq ki, ənənəvi media platformalarına inam geri qayıtsın. Bu da çətin və mürəkkəb bir prosesdir”.
Tarix: 15-09-2022, 18:12
Xəbəri paylaş





Xəbər lenti