“Ya Hüseyn” köynəklərinə görə həbs olduğunu deyən fəalın hökmü dəyişdi

Sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində ona kəsilmiş həbs cəzasının müddəti 6 ildən 2 ilə endirilib
Üzərində “Ya Hüseyn” yazılmış köynəyə görə həbs olunduğunu deyən inanclı fəal Fəqan Məmmədovun cəzası azaldılıb.
Sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində ona kəsilmiş həbs cəzasının müddəti 6 ildən 2 ilə endirilib.
Məhkəmə ona qarşı ittihamı CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsindən 234.1 (satış məqsədi olmadan narkotik əldə etmə, daşıma, saxlama) maddəsinə tövsif edib.
Əvvəlki maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. CM-in 234.1 maddəsində isə maksimum cəza həddi 3 ildir.
Məhkəmədə Məmmədov deyib ki, onun üzərində ümumiyyətlə, narkotik olmayıb. Onu Aşura mərasimləri üçün Bakıdan Gəncəyə üstündə “Ya Hüseyn” yazılmış köynəklər apardığına görə şərləyib həbs ediblər.
Onun sözlərinə görə, saxlandıqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb:
“Məni üzüstə yerə yıxıb, kürəyimdə oturdular, saatlarla bu vəziyyətdə saxladılar, “toka” verdilər…”
Məmmədovun cəzası yüngülləşdirilsə də, o, bu hökmlə də razılaşmır. Onun vəkili hökmdən Ali Məhkəməyə şikayət vermək niyyətindədir.
Azadlıq radiosu
Tarix: 21-09-2022, 22:04
Xəbəri paylaş





Xəbər lenti