“Onların şəhid ailələrinə etdikləri kömək o qədər yersiz görünür ki..“ - Gülüstan Əliyeva


Bu gün ölkəmizdə anım günü qeyd olunur. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində qismən səfərbərlik elan olundu. Maraqlı məqam hər dəfə atəşkəsin pozulması, erməni təxribatının baş verməsindən sonra incəsənət adamlarının sosial şəbəkə hesablarında hərbi geyimdə fotosessiyalarını paylaşmasıdır. Onların bu hərəkətini izləyicilər səmimi qarşılamır. İzləyicilər hesab edirlər ki, müğənnilər "fürsət"dən yararlanmağa çalışır. 
1991-ci ildə həyat yoldaşı və 1994-cü ildə qardaşı şəhid olmuş Əməkdar artist Gülüstan Əliyeva Yenisabah.az-a bununla bağlı açıqlama verib. Onun sözlərinə görə, vətənə dəstək üçün hərbi forma geyinərək, tankın üstünə çıxıb foto çəkdirmək gülüncdür:
"Şəxsən mənim üçün hər gün anım günüdür. Özünü tanıyan, Azərbaycanı sevən, Azərbaycanla ürəyi döyünən hər bir insan üçün hər gün anım günüdür. Çünki hər gün şəhid olan bir igidimizdən birinin, bəlkə də bir neçəsinin doğum günüdür. Əlbəttə ki, biz sənət insanları maddi və mənəvi cəhətdən həmişə şəhid ailələrinin, qazilərimizin yanında olmağa çalışırıq. Amma mən də şəhid ailəsi olduğum üçün o insanları başa düşürəm. Belə halların onlarda qıcıq yaratdığını da anlayıram. Bəlkə də hardasa haqlıdırlar. Çünki, hansısa sənət adamının o formada şəkil çəkdirib paylaşmağının başqa cür təsiri olur. İncəsənət adamı bunu saf niyyətiylə etsə də, izləyicilər qeyri-səmimi qəbul edir. Onlarda "Sən bir gün hərbi forma geyinib şəkil çəkdirməklə nə demək istəyirsən?!", "Bir gün belə etməklə nəyi dəyişdirə bilirsən?!" fikirlərinə səbəb olur. Ona görə də bu işlərə ehtiyatla yanaşmaq lazımdır. Şəhid ailələrinə guya kömək məqsədilə bəzilərinin etdikləri həmin anda, məqamda o qədər yersiz və mənasız görünür ki... Bizim şəhid ailələrinə, qazilərə edəcəyimiz ən böyük kömək onların yanında olmaq, sözümüzlə, maddi yardımımızla onlara dəstək verməkdir. Bunun üçün forma geyinib hansısa tankın üstünə çıxmaq, və yaxud da hərbi formada mahnısını, klipini reklam eləmək gülünc və məntiqsizdir. Bu kimi hallar insanları qıcıqlandırır.
İncəsənət adamları da bu mənada hərəkətlərinə fikir verəlidirlər. Bununla daha hörmətli, sayğılı olacağımızı hesab edirəm".
Tarix: 27-09-2022, 21:40
Xəbəri paylaş





Xəbər lenti