Başçı Zakir Fərəcovun qanunlar çərçivəsini aşan, insan haqlarının tapdanmasına, hüquq və azadlıqlarının pozulmasına yönələn utancverici rəhbər fəaliyyətinə qarşı Sumqayıtda daha bir ETİRAZ


Kəskin yağıntıların ictimai nəqliyyat sarıdan yaranan köhnə dərdlərini təzələyərək, dərdləri üstünə dərd gətirməsi, gərgin durumda olan naəlac şəhər sakinlərini, nüfuzlu beynəlxalq təşkilatların dəstəyi ilə, ayağa qalmağa məcbur edir
Borclu qaldığı bir qrup iş adamı tərəfindən, Prezidentə ünvanlanan ciddi ittihamlarla dopdolu son kəskin xarakterli Müraciət, nəinki tezliklə yola salınacağı deyilən şəhər rəhbərini, törətdiyi bütün qanunsuz işlərdə ortağı hesab olunan digər vəzifə sahiblərini təşvişə saldığından, Zakir Fərəcov müxtəlif bəhanələrlə aradan çıxmağa, narahat şikayətçilərdən qaçmağa üstünlük verir
Ölkənin üçüncü böyük şəhəri Sumqayıtda bütün işlər, hətta paytaxt istiqamətli sərnişindaşımalar da bərbad durumdadır. Deyilənlərin yalan olmadığını, başlanan son kəskin yağıntılar bir daha üzə çıxarıb, inkarolunmaz sübut kimi ortaya qoydu. Hər şey bir yana, yağıntılar, hər gün paytaxt Bakıya üç istiqamətdə — Ceyranbatan, Saray və Binəqədi yolları ilə, iş-gücləri dalınca gündəlik gediş-gəlişə məcbur narahat camaatın daha bir köhnə dərdini təzələyərək, dərdləri üstünə dərd gətirdi. Bu da, acı nəticəsi: Əsəbləri tarıma çəkilən, yağıntılı soyuq havada saatlarla yollarda qalan avtobus həsrətli şikayətçilər, belə bir narahatlığa dözməyərək, şəhər rəhbərinin qanunlar çərçivəsini aşan utancverici rəhbər fəaliyyətinə qarşı, məcburiyyətdən, “yeganə silaha əl atmağın” vacibliyi qənaətinə gəldilər: Ayağa qalxıb, insan haqlarının tapdanmasına, hüquq və azadlıqlarının pozulmasına hesablanan, hətta bu işlərdə aktiv fəaliyyətləri ilə tanınan beynəlxalq təşkilatların dəstəyi hesabına kütləvi aksiyalar keçirmək! Çünki uzun müddətdir toxunulmaz başçı kimi özünü tanıdan Zakir Fərəcova heç nə etmək mümkün olmur.
Doğrusu, bu yazımızda əsas başlığa çıxardığımız aksiya ilə bağlı əsas, sərlövhələrtək verdiyimiz digər xəbərləri bizə, aksiya işinin təşkilatçılarının özləri çatdırdılar. Hələ onu da bildirdilər ki, illərdi işlədib, milyonlarla zəhmət haqqlarını vermədiyi, borclu qaldığı biznesmenlərin, bununla bağlı və onlara bu ciddi məsələdə kömək etməsi ilə əlaqədar Prezident İlham Əliyevə göndərdikləri kəskin şikayət xarakterli və ciddi ittihamlarla dopdolu son Müraciət, nəinki tezliklə yola salınacaq başçını, başına topladığı komandada ən yaxınları, törətdiyi bütün qanunsuz işlərdə ortağı hesab olunan digər vəzifə sahiblərini ciddi təşvişə saldığından, Zakir Fərəcov, müxtəlif bəhanələrlə aradan çıxmağa, narahat şikayətçilərdən qaçmağa üstünlük verir, hətta gizlənməyə məcbur olur. Onların dediklərindən belə çıxdı ki, başçının tələbi ilə törətdikləri saysız-hesabsız qanunsuzluqlar burulğanının yaratdığı şikayətlər “bataqlığında boğulan” və Zakir Fərəcovun ən yaxınları hesab olunan şəhərin Baş memarı Adil Xudadatov, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev… nə edəcəklərini bilmirlər. Buna görə, artıq Baş memarla başçı arasında soyuq münasibət yaşanır.
Aksiya işinə “Bismillah!” deməklə başladıqlarını deyən təşkilatçılar, bizimlə söhbətləri zamanı ortaya çixardıqları xəbərlərin birinə isə, başqa tərzli çalarlar qatmaqla bizə çatdırdılar: “Hansı işi görürsənsə gör, onu “Bismillah”la başla! Çünki bu aləmdəki bütün varlıqların yaradıcısı və qoruyucusu olan Uca Varlığın – Rəhman və Rəhim olan Böyük Allahın adı ilə başlanan hər bir işdə, uğurlar boyük olur həmişə. Başqa sözlə desək, “Bismillah!” hər bir işin uğurlu olması üçün — açardır! Haqqında çox şey danışılan bu insan isə, öz işinə, bu açarla açılan qapıdan keçməklə başlamadı deyə, bunu başımız üstündəki Uca Yaradan da gördü. Şeytana min lənət deyib, dinə-imana gəlməyənə, etdiyi pisliklərdən əl çəkməyənə Tanrı cəzası ağır olub həmişə! Elə, Zakir Fərəcovun da axırı belə olmalıydı. Onun təşvişə düşməsinin daha bir ciddi səbəbi də var. Səhhəti çox ağırdır. Dəfələrlə Almaniyada olub ki, müalicəsini davam etdirsin. Bu günlərdə yenə həmin ölkədən geri dönüb. Lakin üst-üstə yüz minlərlə pul qoysa da, boğazındakı kəskin iltihablı şişin götürülməsi mümkün olmur. Bu dəfə belə, müalicə xərclərinə, tələb olunandan artıq külli miqdarda vəsait qoysa da, faydası olmayıb. Çünki bu pullar Zakir Fərəcovun deyil, onun özü və komandasındakı özünə yaxın hesab olunan yüksək səlahiyyətli vəzifə sahibləri tərəfindən incidilənlərin, zərərçəkənlərin halal pulları, saxta yollarla, müxtəlif xərclər altında büdcə hesablarından silinən, şəhər sakinlərinin yaşayışının yaxşılaşdırılması üçün nəzərdə tutulan dövlət pullarıdır. Özünüz də yaxşı bilirsiniz, xətrinə dəyən tapılmadığından, qanunsuz işlər görən, büdcə pullarını min cür saxtakarlıqlarla silərək, mənimsəyən dövlət qurumları rəhbərləri arasında, dünyanı vecinə almayan Zakir Fərəcovun adı öndə çəkilir. Bir sözlə, haram, bundan sonra da, onun dadına çatan deyil: Böyük Yaradana artıq hər şey bəllidir!”.
Mövzudan kənara çıxmamaq üçün, aksiya təşkilatçılarının və digər şikayətçilərin dediklərinə rəğmən, bir daha qeyd etmək istəyirik ki, kəskin yağıntılar zamanı, şəhər rəhbəri Zakir Fərəcova bir daha agah oldu ki, oğlu və yeznəsinə yaxın olan, onlarla əlbir və şərik işləyən, son illər Azərbaycanda, daha dəqiq desək, Bakıda və Sumqayıt şəhərlərində ən sürətlə inkişaf edən biznes sahəsi kimi özünü göstərən telefon sifarişli taksi xidməti qurumlarının rəhbərləri xətrinə, Sumqayıt avtovağzalının işini iflic etməklə, uzağı yarım saatdan bir müəyyən edilən marşrutlar üzrə çıxan avtobusları sıradan çıxarmaqla da, kütləvi narazılıq yaradan daha bir qanunsuzluğa və özbaşınalığa imza atıb. Onun, bu barədə hədsiz dərəcədə olan şikayətlərə cavabı isə, yalan və uydurmalar üstündə qurulub həmişə. Başçı və ictimai nəqliyyatın işinə məsul dövlət qurumunun rəsmiləri isə, sakitlik yaratmaq üçün, dəfələrlə, yalandan deyiblər ki, guya, iflic durumda olan Sumqayıt avtovağzalının fəaliyyəti aktivləşdirilib. Şəhərdə hər sahədə, hətta Bakı istiqaməti üzrə sərnişindaşıma işlərinin Sumqayıt avtovağzalından fəaliyyət göstərməsi təmin olunub.
Bir daha qeyd edirik ki, əsl həqiqəti və reallıqları kəskin yağıntılar üzə çıxartdı. Saatlarla soyuq havada və yağış altında qalan avtobus həsrətli, əsəbləri tarıma çəkilən narahat şikayətçilər, necə deyərlər, “ağına-bozuna baxmadan”, qınaq, söyüş, təhqir, abır-həya, danlaq, məzəmmət, töhmət… ifadəli sözlərlə, əsas günahkar Zakir Fərəcovu və onun ətrafı hesab olunan vəzifə sahiblərini adbaad “ağ yuyub, qara sərdilər”.
Ümumiyyətlə, narahat sərnişinlər də deyirdilər ki, demək olar ki həftənin 6 gününü, gün ərzində 3 saat olmaqla tıxacda keçirirlər. Şəhərdə yeni yaşayış kompleksləri istifadəyə verildiyi, fərdi yaşayış evlərinin sayı artdığı üçün, əhalinin sayı da durmadan artır. Bu — yaxşıdır! Lakin bu səbəbdən, şəxsi avtomobillərin sayında aydın nəzərə çarpacaq dərəcədə artımlar var. Maşın sahibləri isə, ailə içində başı aşağı olmamaq və gündəlik xərclərinə tələb olunacaq pulu qazanmaq üçün, taksi fəaliyyəti ilə məşğul olmağa daha çox üstünlük verirlər. Bu səbəbdən, illərdir ki, Sumqayıt — Bakı yolunda vəziyyət bərbad durumdadır. Üstəlik, Sumqayıt şəhərindən paytaxt istiqamətinə hərəkət edən qeyri-müntəzəm mikroavtobuslar, şəxsi maşınlar da, Bakı şəhərinin girişində ciddi tıxaclara səbəb olur. Başqa vaxtlar, mikroavtobus deyilən tutumu bir az çox maşınların sürücüləri kimi, taksi fəaliyyətinə qoşulan şəxsi minik maşınlarının sürücüləri, səhərdən gecəyarısınadək az qala iş-gücləri dalınca paytaxta gedənlərə, ev-eşiklərinə geri dönənlərə yalvarırlar ki, 1 manata onların maşınlarına əyləşsinlər. Sərt küləkli və kəskin yağıntılı günlərdə isə, onlar da, bir nəfərin gediş haqqını 5 manatadək qaldırırlar. Bu dəfəki belə bir havada da, əlacsızlıqdan 5 manat verib, evlərinə geri dönənlər lap çox oldu. Amma müəyyən edilən marşrutlarda əvvəlkitək iritutumlu avtobuslar işləsəydi, belə olmazdı. Camaat işi-gücü dalınca daha rahat gedib-gələr, soyuqdan titrəməz, əsən bərk küləklərdən qorunmaq üçün, gizlənməyə yer axtarmazdı. Buna görə də, ümid qalır yalnız taksilərə, çoxu dolu gəldiyi üçün, bəzən heç dayanmırlar da. Çox təəssüf ki, camaatı bu bəlaya da, doğma-yaxın istəyi ilə, Zakir Fərəcov düçar etdi.
Yeri gəlmişkən, qeyd edək ki, narahat sakinlər, dəfələrlə avtomobildən imtina edərək, ictimai nəqliyyatdan istifadəyə cəhd ediblər. Lakin yaşadıqları ərazidən bu istiqamətdə gedən avtobusların olmamasına, özləri də şahidlik ediblər. Bir manatlıq deyilən taksi sahibləri isə, tıxac, sürətli küləklər və yağıntılar zamanı adambaşına xərcləri, ən azı iki-üç dəfə qaldırırlar. Bir sözlə, bir nəfərin aylıq taksi xərci, çox vaxt, əməkhaqqının yarısını da yox, az qala, 70 faizini aparır.
Bu etiraz aksiyası çoxdan olmalıydı. Lakin Sumqayıt Avtovağzalının işi aktivləşdirilir, Sumqayıt — Bakı Beynəlxalq Avtovağzal Kompleksi arasında yeni marşrut xətti açılır,.. kimi şirin vədlərə görə, hələlik dayandırılıb. Başladıqdan sonra, kim gəlirsə gəlsin, məsələ tam olaraq həll olunanadək dayandıran deyilik. Ayaq üstdə olacağıq həmişə!

Məsələ ilə bağlı, Şəhər İcra Hakimiyyətindən yenə açıqlama ala bilmədik. Lakin
qeyd etmək istəyirik ki, bu ciddi məsələni, media nümayəndələri olaraq, daim diqqətdə saxlayacağıq. Bu xüsusda baş verənlər barədə daha ətraflı məlumati, dəyərli oxucularımız, araz.az-da gedəcək dərin araşdırma yazılarımızdan əldə edə biləcəklər. Onlara xəbər portalımızı izləməyi məsləhət görürük.
Əli HÜSEYN,
Məhi ELSEVƏR,
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
BAŞ REDAKTORDAN:
Mövzudan kənara çıxmayaq deyə, “Bismillah!” deməklə, Böyük Allahın adını çəkməklə başladığımız bu yazımızı burada nöqtələdik. Bir də, söhbətimiz zamanı aksiya təşkilatçılarının barəsində danışdıqları başçı tərəfindən çoxdandır incidilən bir qrup iş adamı adından, bu məsələ ilə bağlı baş verənlərin gedişi zamanı daha çox zərərçəkən şirkət rəhbəri Müqayis Verdiyevin imzaladığı adıçəkilən həmin Müraciəti əlavəsi olaraq verdiyimiz bu yazımızı belə, redaksiyamızın daha bir sorğusu olaraq əlaqədar dövlət qurumlarının e-mail ünvanlarına göndərmək qənaətinə gəldik — qaldırılan yeni hay-küylər daha effektli alınsın deyə! Heç olmasa, az sonra arxada qalacaq cari ilin yaşadığımız son günlərində Uca Yaradanın adını çəkməklə başlayıb, qələmə aldığımız bu yazımızın faydalı təsir gücü olsun. Əsl günahkarları dinə-imana gəlməyə səsləyən bu dəfə yazdıqlarımızın, az sonra pişvazına çıxacağımız yeni ildə olduqca narahat Sumqayıt camaatı qarşısıq, illərdi əzab-əziyyət çəkən həmin sahibkarlara da xoş ovqat bəxş edəcək bir xeyri dəysin. Çünki Zakir Fərəcovun incitdiyi, bu pul qalmaqalında olmazın əzab-əziyyətlər çəkən həmin iş adamlarının başlarına açılan oyunlar barədə, ölkə mətbuatında, eləcə də araz.az xəbər portalında saysız-hesabsız yazılar dərc olunub. Hətta bu mövzuda olan yazılarımızın çoxu, redaksiyamız adından sorğu olaraq, ölkə başçısından tutmuş, digər əlaqədar dövlət qurumlarının rəsmilərinə də ünvanlanıb. Di gəl ki, Böyük Allahın adıyla başladığımız və dərin jurnalist araşdırmaları ilə, əsl həqiqəti, necə deyərlər, “tam çılpaqlığı ilə ortaya çıxaran” həmin yazılarımız da, yüksək səlahiyyət sahibi heç bir dövlət rəsmisini dinə-imana gətirməyib, heç biri deyilənlər barədə vicdan və qanunlar çərçivəsində ölçü götürülməsi barədə öz ciddi tapşırıq və göstərişlərini verməyib. Yalnız və yalnız araz.az-ın Facebook səhifəsində gedən həmin yazılarımızın paylaşımlarının altında, cavab kimi, hərdənbir Sumqayıt Şəhər İcra Hakimiyyəti adından başdansovdu yazılan status xarakterli münasibətlər öz əksini tapıb.
Zakir Fərəcovun borclu qaldığı və milyonlarını hələ də ala bilməyən həmin sahibkarların Prezidentə yazdığı kəskin ittihamlarla dolu adıçəkilən Müraciətin nöqtəsinə-vergülünə toxunmadığımız tam mətni belədir:
“Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına
Surəti:
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevaya
Surəti:
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
Surəti:
Azərbaycan Respublikası Baş Prokurorunun müavini — Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri cənab Nazim Rəcəbova
“A V” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Müqayis Verdiyev tərəfindən
                   
               ŞİKAYƏT ƏRİZƏSİ
Möhtərəm Prezident!
İş adamı, şirkət rəhbəri olaraq yaxşı işlərimizə görə, məni yaxşı tanıyan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun şəxsi dəvəti ilə, bu şəxsin qəbulunda çox olmuşam. Çünki, Sumqayıt şəhərinin 4/1 hissəsində həyata keçirilən, əhaliyə böyük ruh yüksəkliyi verən təmir-tikinti, yenidənqurma və abadlıq işlərinin əksəriyyətini rəhbəri olduğum şirkət və firmaların hesabına həyata keçirmişik. Zakir Fərəcovun şəxsi dəvəti ilə baş tutan növbəti görüşlərimizin birində o, mənə Sumqayıt şəhərində Yeni Bulvar Kompleksinin salınmasının zəruriliyini bildirdi. Söhbət əsnasında o, onu da qeyd etdi ki, artıq salınacaq bulvarda işlərin başlanmasının vaxtı çatıb. Sentyabr ayında işlər tamamlanmalı və təhvil verilməlidir. Onun “yuxarıların ciddi tələbidir” deyimi, məndə də, işlərin vaciblərdən vacib anlamını yaratdı. Məhz buna görə də, qarşılıqlı razılığa gəldik və sonra onu da dedi ki, tapşırılan işi deyilən vaxtda, ürəkaçan yüksək səviyyədə, keyfiyyət sarıdan qüsursuz təhvil verilsə onun daha yüksək vəzifəyə təyinatı olmalıdır. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, görüş zamanı başçı onu dedi ki, əvvəlcədən 6 nəfər iş adamı ilə bu barədə söhbəti olub, lakin razılıq alınmayıb. Bir sözlə, həmin şəxslər bu işləri boyunlarına götürməyiblər. Buna görə də, şəxsən özü məni arayaraq tapıb ki, belə məsuliyyət tələb edən şərəfli işləri, yüksək səviyyədə görməyə qadir tikinti şirkəti kimi, yalnız mənim rəhbəri olduğum şirkəti tanıyır. Vacibdir ki, bu dar məqamda, onun köməyinə çatım. Bunu ancaq bizim edə biləcəyimiz qənaətinə gəldiyi, həm də şirin vədlərinə uyaraq, başçının xahişini qəbul edib, bu çətin və şərəfli işi boynuma götürdüm. Həm də, ona görə ki, narazı əhalinin rahatlığı üçün, bulvarın yüksək keyfiyyətdə yenidən qurulması tələbini, ölkə başçısı əsas vəzifəsi olaraq, qarşısına qoyaraq, bu barədə öz ciddi tapşırıqlarını verib və özü də, vaxtaşırı görülən işlərlə tanış olmaq üçün Sumqayıta gələcək.
Möhtərəm Prezident!
Bir sözlə, bu çətin işləri icra başçısı Sizə söz verdiyi üçün boynuma götürdüm və xeyli söz-söhbətdən sonra Yeni Bulvar Kompleksini yüksək səviyyədə yarada biləcəyimi ona bildirdim. Zakir Fərəcov söhbətlərimiz zamanı dəfələrlə söz verdi ki, bu işi vaxtında yerinə yetirə bilsəm, yüksək vəzifəyə təyin edildikdən sonra, mənə daha geniş coğrafiyada işləmək üçün hər cür şərait yaradacaq. Bu şəxsin şirin vədlərinə və yalan uydurmalarına uyaraq işlərin gedəcəyi əraziyə onunla birlikdə gedib baxış keçirdik. 105 hektarlıq torpaq sahəsində Yeni Bulvar Kompleksinin salınması və sentyabr ayının axırında tam təhvil verilməsi üçün bir daha razılaşdıq. Həm də, Zakir Fərəcov şəhərin Bakı — Quba istiqamətli yolunun girişində abadlıq işləri aparılmasını mənə tapşırdı və həmçinin bu barədə də razılığa gəldik. Bundan sonra, yəni mart ayının 10-da 624 nəfərdən ibarət işçi heyəti və müasir texnologiyalı texnikalarımızın gücləri hesabına işə başladım. Yeni Bulvar Kompleksinin salınması işlərini 2016-cı ilin sentyabr ayında, söz verdiyim kimi yüksək ruhverici səviyyədə, tam olaraq təhvil verdim. Di gəl ki, gördüyümüz işlərin dəyəri — halal pullarımız bu günədək rəhbəri olduğum MMC-nin hesabına tam olaraq ödənilməyib.
Onu da qeyd etmək istəyirəm ki, Yeni Bulvar Kompleksində həyata keçirilən möhtəşəm və qürurverici işlər başa çatdırıldıqdan sonra, Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı, Heydər Əliyev prospekti, şəhərin giriş hissəsindəki 8 kilometrlik yolun sağ və sol hissəsi, S. Vurğun, Nizami və C. Cabbarlı küçələri, “Muğan Bank”ın qarşısındakı istirahət parkı da tərəfimizdən tam abadlaşdıraraq təhvil verildi. Öhdəmizə götürdüyümüz işləri tam şəkildə başa çatdırıb təhvil verməyimizə baxmayaraq, başçının borclu qaldığı 2.900.000 manat pul vəsaiti bu gün də ödənilməyib. Dəfələrlə ŞİH-nin başçısına mənimlə bərabər, icra başçı tərəfindən incidilən digər iş adamları tərəfindən də şikayət ərizələri çatdırsaq da, son anda heç bir nəticə əldə edə bilməmişik.
Faktdır ki, ölkəmizin üçüncü böyük şəhəri — Sumqayıtın taleyi imzaladığınız Sərəncam əsasında Zakir Fərəcova etibar olunub. Heç cür inana bilməzdik ki, Zakir Fərəcov bu qədər etibarsızlıqlıq edəcək və o, görülən işlərə görə nəzərdə tutulan milyonlarla dövlət vəsaitlərini müxtəlif adlar adı altında mənimsəyəcək, eyni zamanda yüksək məsuliyyət tələb edən işləri görən şəxslərə olmazın əziyyətlər verib, onların halal pullarını verməyəcək. Onu da bildirim ki, Zakir Fərəcovun yalanlarına inandıq və təmir-tikinti, abadlıq və yenidənqurma işlərinə lazım olan əksər avadanlıqları, tikinti materiallarını tanıdığım, mənə yüksək etibarları olan iş adamlarına sifariş etmişdim. Məhz, həmin şəxslərin dəstəyi ilə əksər lazımi qiymətli malları borca aldıq və tapşırılan işləri yüksək səviyyədə yerinə yetirdik.
Qeyd edim ki, işlərin gedişi zamanı əvvəlcədən tələb olunan pullar şəhərin Baş memarı Adil Xudadatov tərəfindən bizə nəğd şəklində ödənilirdi. Bu şəxslə aramızda əmələ gələn münasibət nəticəsində məlum oldu ki, bizə verilən pullar şəhərin ayrı-ayrı yerlərində fəaliyyət göstərən iş adamlarından, müxtəlif qurum və təşkilatlardan yığılır. Material almağa görə pul lazım olduğunu bildirdikdə, bu şəxs “Hələ pul yığılmayıb, yığılan kimi sizə çatdıracağıq” deyirdi. İşlər dayanmasın deyə, tikinti materiallarını yaxın tanışlarımdan nisyə almağa məcbur olurdum. Kompleksin tikintisində çalışanların zəhmət haqlarının gecikdirilməsi səbəbindən də, tələb olunan xərcləri yaxşı münasibətdə olduğum imkanlı dost-tanışlarımdan borca aldığım pullar hesabına ödəyirdim. Çünki, təkcə Zakir Fərəcov deyil, Adil Xudadatov da, işlərin dayandırılmamasını məndən xahiş edirdi. Bu şəxslər yaxın müddət ərzində pulların tam ödəniləcəyinə, hətta işlərin vaxtında təhvil verilməsi üçün hədsiz yalvar-yaxarlı vədlər də verirdilər. Bu şəxslərin utancverici əməlləri və bağışlanılmaz günahları ucbatından göz önündə baş verənlərə baxmayaraq, tapşırılan işləri imkanım daxilində yüksək keyfiyyətlə yerinə yetirdik. Onu da qeyd edim ki, ayrı-ayrı şəxslərdən nisyə götürdüyüm təmir-tikinti materiallarının dəyərini hələ də tam şəkildə ödəməmişəm.
Möhtərəm Prezident!
Sumqayıtda Yeni Bulvar Kompleksinin açılışı zamanı Siz görülən işlərdən və işlərin keyfiyyətlə yerinə yetirilməsindən olduqca razı olduğunuzu bildirdiniz və onu da vurğuladınız ki, “Bu qədər işlərin tez bir zamanda belə bir səviyyədə həyata keçirilməsi əsl möcüzədir”. Sizin fikirlərinizə rəğmən bir daha demək istəyirəm ki, həmin möcüzəni yaradan rəhbəri olduğum MMC-dir. Çox təəssüflər olsun ki, gördüyümüz belə bir möcüzəli işlərin dəyərini ötən 6 il ərzində başçıdan ala bilmirəm. Adil Xudadatovdan başqa, icra başçının digər yaxını hesab olunan Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev də, kompleksin salınmasına görə büdcədən bir manat da olsa pul vəsaitinin ayrılmadığını deyirdi. Guya ki, icra başçısı bütün işləri özünün göstəriş və tələbi ilə yığılan pulların hesabına həyata keçirib. Buna görə də, icra başçısı görülən işlərin dəyərinin 30 faizini notarial qaydada təsdiq etdirməklə, ona bağışlamağımızı tələb edir. Yüksək məbləğin yerdə qalan hissəsinin əvəzində icra başçısı bizə torpaq sahələri, avtomobillər, yeni tikililərdə mənzillər verməyi təklif edir. Bu təklif bizi qane etməsə də, məcbur olub razılaşdıq, sonradan həmin təkliflər elə söz olaraq da qaldı. Əvvəllər olduğu kimi, bu gün də Zakir Fərəcov ödəniş etmək istəmir və bizə hədə-qorxu gəlir, bizi həbs etdirməklə də hədələyir. Hətta, bu şəxs haqqını tələb edən bir necə şikayətçini günlərlə polis orqanlarında qeyri-qanuni saxlatdırıb.
Bildirmək istəyirəm ki, icra başçısı görüşlərimizin birində “yuxarıdan 6.000.000 manat xərc tələb edən bir məktəb binasının və bir uşaq bağçasının öz vəsaitlərimiz hesabına tikilməsi tapşığı verilib. Belə bir məbləğdə vəsaiti tapa bilmik və buna görə də sizə olan borcu ödəmək imkanımız yoxdur” dedi. Artıq, Zakir Fərəcovun bu cür uydurma və yalanlarından bezmişik. Axı, biz də bilirik ki, Yeni Bulvar Kompleksinin tikintisi və şəhərin abadlaşdırılması üçün büdcədən lazımi məbləğdə vəsait ayrılmışdır. Həmin pullar hara xərcləndi, bu hələ də bizə məlum deyil. Az da olsa bizə verilən pullar Baş memar Adil Xudadatovun ayrı-ayrı iş adamlarından və müxtəlif təşkilatlardan yığdığı pullar olub. Hal-hazırda bu şəxs də bizə ödəniş etməkdən yayınır və verdikləri sözlərə əməl etmir, bizi görəndə gizlənir, ya da ki, qaçıb aradan çıxır.
Qeyd edim ki, Sumqayıt şəhərində abadlıq və yenidənqurma işlərinin hamısı rəhbəri olduğum MMC tərəfindən həyata keçirilib. Əldə etdiyim sübutlara və dəqiq məlumatlara görə, icra başçısı daha bir saxtakarlığa imza atıb. Yəni, həyata keçirdiyimiz işlərin başa çatdırıldığı ərəfədə ŞİH başçısının göstərişi əsasında gördüyümüz işlərin hamısı başqa müəsissələrin adlarına sənədləşdirilir. Əslində, gördüyümüz işlərə görə ayrılan pullar mənimsənilib və bağışlanması mümkünsüz hesab olunan cinayət hadisəsi baş verib. Hətta neçə ildir ki, borcu ödəməmək üçün üstümüzə başçı tərəfindən emissarlar da göndərilir. Bəzən həmin şəxslərlə danışıqlarımızın mövzusu başçı tərəfindən ifadə olunan hədələrdən ibarət olur. Bəzən də, onlar bizə bir qədər də gözləməyimizi məsləhət görürlər. Səbəb də, icra başçısının borcu ödəmək üçün lmkanının olmaması ilə yozurlar. Başçı ilə aramızda baş tutan danışıqlar, bir növ ATƏT-in Minsk Qrupunun danışıqlarını xatırladır. Yəni, boş və mənasız vədlərdən başqa bir şey olmur. Axı, nə qədər araçılarla (emissarlarla) görüşmək, nə qədər danışmaq olar?! Əslində başçının borcu ödəmək üçün pulunun olmaması gülüş doğurur. Kiminsə imkanlarını, obyektlərini sadalamaq istəmirik, sadəcə olaraq onu bildirmək istəyirik ki, əgər başçının pulu yoxdursa, bəs onda Sumqayıt stansiyasında şəxsi ferma kompleksini hansı vəsaitlə tikdirib? Necə olur ki, icra başçısı ferma tikdirməyə pul tapır, ancaq gördürdüyü işlərin zəhmət haqqını ödəməyə imkanı olmur?! Hər kəs hər şeyi yaxşı görür və yaxşı bilir. Ortada olan və hər kəsə bəlli olan həqiqətlərin gizlədilməsi, əslində dəvəquşunun gizlənməsinə bənzəyir. Necə deyərlər, “Görünən dağa bələdçi lazım deyil!”. Bir sözlə, alacağımız pullar yüzlərlə fəhlənin alın təri hesabına qazandıqlarıdır, iş adamlarının əzab-əziyyətlə ərsəyə gətirdikləri və satdıqları tikinti materiallarının pullarıdır. Qeyd edək ki, bizim borclu olduğumuz iş adamları da borc içində batırlar. Bu qədər insanı belə zillətə salmağa nə ad vermək olar?! İndiyə kimi çoxsaylı şikayətlərimizi yazmışıq, heç bir əhəmiyyəti və nəticəsi olmayıb. Buna baxmayaraq, o halın varlığına inanıram ki, hansısa səlahiyyət sahibi bu ədalətsizliyə dözməyəcək və bu qalmaqala bir nöqtə qoyacaq.
Onu da qeyd edək ki, Zakir Fərəcov çoxsaylı şikayətlərdən sonra, borclu olduğu iş adamlarını iş otağına dəvət etmiş və 50.000 manat pul verib onları həbs etdirəcəyi ilə hədələmişdir. Həmin görüşdə harınlamış icra başçısı iş adamlarına demişdir: “Siz Administrasiyaya şikayətlər yazırsınız, sizin şikayətləri mənə göndərirlər, mən də ərizələrinizi ayaqyolunda istifadə edirib atıram”. Zakir Fərəcov bizə xəbər göndərir ki, “Şikayət yazdığınız yuxarı orqanlar bizi çox sıxır, onlarla münasibətlərimiz sizin ərizələrinizə görə tamamilə korlanıb. Ona görə də komissiyanın iştirakı ilə siz borcun ödənilməsi barədə notarial qaydada ərizə yazın və həmin ərizəni mənə verin ki, onu yuxarı orqanlara göndərə bilim. Ərizəni yazdığınız halda borcları hissə-hissə ödəyəcəm”. Bu dəfə də onun sözlərinə inanıb tələyə düşdük. O, bizdən istədiyi ərizəni alsa da, yenə də borcları ödənilməmiş qaldı. Bizə məlumdur ki, Zakir Fərəcov ərizələrimizdən istifadə edib hər kəsi inandırır ki, “Sahibkarların borcları tamamilə ödənmişdir. Lakin bunların hamısı yalandır. Əgər bizə olan borclar ödənilmişdirsə, niyə biz bu gün də alacağımız pulların ödənilməsini tələb edirik. Həmin vaxtlarda Zakir Fərəcov qarşımıza şərt qoydu ki, “Ərizə verməsəniz o halda borcunuz ödənilməyəcək. Siz ərizəni yazıb verin ki, borcunuzu ödəyək”. Yəni, biz borcların ödənilməsinə görə çıxılmaz vəziyyətdə qalıb ərizə yazmağa məcbur olduq. Çünki, icra başçısı Zakir Fərəcov bizə ayrı seçim etmək imkanı verməmişdi. Bu şəxs bizi necə aldatdısa, bu gün də ayrı-ayrı təşkilatları həmin ərizələrlə aldatmağa çalışır. Nəzərə almaq lazımdır ki, biz çarəsiz qaldığımızdan alacağımız pullara görə ərizələr yazmışıq. Amma, hələ də pullarımız ödənilməyib.
Sumqayıt şəhərində həyata keçirilən abadlıq və yenidənqurma işlərində iştirak etmiş İsayev İslam, Ələkbərov İskəndər, Qacarov Vilayət, İsayev İsrail, Məmmədov İbrahim, Süleymanov Azad, Seyidov Taleh, Məmmədov İlham, Mənsurov Cinğiz, Şəmiyev Ağamməd, Abbaszadə Pərviz, Abbaszadə Vüqar, Cəfərov Şahin, Məmmədov Mir İbrahim, Kərimov Vəli, Quliyev Məzahir, Əhmədov Həbib, Həsənov Şirin, Ağakişiyev Yaşar, Allahverdiyev Aydın, Qarayev Elçin, Paşayev Ramil, Məlikov Anar, Orucov Abbas, Cəfərov Abdulla, Cəfərov İlqar, Həsənli Anar, Qurbanov Tofiq, Aslanov Novruz, Ələkbərov İskəndər, Əkbərov Kamran və Quliyev Məzahir alacaqları pulların ödənilməsini tələb etsələr də, hələ də ödəmələr həyata keçirilmir və bu yöndə heç bir addım da atılmır. Bütün bunları əsas tutaraq yazıb Sizdən artıq dərəcədə xahiş edirik ki, gördüyümüz işlərin dəyərinin tez bir zamanda ödənilməsi üçün, aidiyyəti üzrə lazımi tapşırıq və göstərişlərinizi verəsiniz! Öncədən Sizə öz minnətdarlığımızı bildiririk.
İmza: Müqayis Verdiyev,
A.V.” MMC-nin direktoru.
15 dekabr, 2023-cü il.
araz.az xəbər portalı.
Tarix: 18-12-2023, 15:23
Xəbəri paylaş





Xəbər lenti