Rəşad Məlikzadənin dövlətə vurduğu ziyan... - Nə qədərini ödəyib?

Rəşad Məlikzadənin dövlətə vurduğu ziyan...
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun icraatında keçirilən prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi müzakirə olunub.

Rəşad Məlikzadənin vəkili Vüqar Kazımov bildirib ki, hazırkı mərhələdə hər hansı vəsatətlərinin olmayıb.

Prokuror seçilmiş qətimkan tədbirinin davam etməsi şərti ilə işin baxışa verilməsini istəyib.

Prosesdə məlum olub ki, istintaqın əvvəlində 9 milyondan çox mənimsəmədə ittiham olunan Rəşad Məlikzadəyə ziyanı ödəməsi üçün ilk vaxtlar fürsət verilib, sonradan xüsusilə külli miqdar təşkil edən ziyanın ödənilməsi ləngidiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs bu günə kimi 9 milyon 369 min manat vəsaitin cəmi 160 min manatını ödəyib.

Məhkəmə baxış iclası dekabın 20-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

İttihama görə, Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Tarix: 18-12-2023, 17:13
Xəbəri paylaş





Xəbər lenti