“Özünə, sözünə, peşəsinə hörmət edən jurnalist bunu etməz!”




Milli Məclisin bu gün keçirilən toplantısında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymaya görə cinayət məsuliyyətinin müəyyən edilməsi məsələsi müzakirə olunub. Eyni zamanda, internet informasiya ehtiyatlarına şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yaymaq qadağan edilir.
Maraqlıdır, məlum qanunların qəbulu media nümayəndələri və eləcə də sosial şəbəkə istifadəçilərinin hərbi məsələlərə daha böyük diqqət və məsuliyyətlə yanaşmasını təmin edəcəkmi?
 
Moderator.az-a açıqlama verən media eksperti Elçin Şıxlı, bu kimi məsələlərdə hər bir vətəndaşın, eləcə də media nümayəndələrinin diqqətli olmasının vacibliyini vurğulayıb:
 
“Şübhəsiz ki, müdafiə və təhlükəsizliklə bağlı məsələlərdə ikiqat diqqətli olmağa ehtiyac var. Kimsə nə isə görən və ya eşidən kimi götürüb onu yazırsa, təbii, bu düzgün deyil. Bu baxımdan işləkliyi təmin olunacağı təqdirdə sözügedən qanunun qəbulu anlaşılandır. Ancaq biz hələ o zaman bir məqamı da diqqətə çatdırmışdıq. Bildirmişdik ki, əgər hər hansı bir məlumat sirr hesab edilirsə, o zaman onu qorumağa borclu olan şəxslər də məlumatın yayılmasına görə məsuliyyət daşımalıdır. Yəni bu məsələdə hər iki tərəfin məsuliyyət payı mövcuddur.
 
Bütövlükdə isə, qeyd etdiyim kimi, bu kimi məsələlərdə hər bir vətəndaş kimi jurnalistin də diqqətli və məsuliyyətli olmağını vacib hesab edirəm. Hər bir jurnalist öz peşəsinə, sözünə, dövlətinə, bayrağına, vətəninə hörmət etməlidir. Özünə, sözünə, peşəsinə hörmət edən jurnalist vətəninə, onun təhlükəsizliyinə zərbə vuracaq addıma yol verməz!”.
Tarix: 19-12-2023, 21:37
Xəbəri paylaş





Xəbər lenti