Yazıçı acınacaqlı vəziyyətindən danışdı... - "Stolum belə yoxdur, yazılarımı dizlərim üzərində yazıram" VİDEO

Yazıçı acınacaqlı vəziyyətindən danışdı... -
Keçmiş jurnalist, yazıçı-publisist İbrahim İbrahimli maddi vəziyyəti ilə əlaqədar ölkə rəhbərliyinə və Azərbaycan Yazıçılar Birliyinə videomüraciət edib. O, müraciətində maddi çətinlikləri ilə yanaşı, bəzi nəşriyyat evlərinin yazıçılar üçün yaratdığı çətinliklərdən bəhs edib.
Bizimyol.info xəbər portalı keçmiş jurnalist, yazıçı-publisist İbrahim İbrahimlinin müraciətini təqdim edir:

"Hal-hazırda işləmirəm, iş axtarıram. Evim yoxdur, çıxılmaz durumdayam. Cənab prezidentə müraciət edərək, ondan xahiş edirəm ki, mümkündürsə, məni dördotaqlı evlə təmin etsin. AYB-nin sədri Anar müəllim mənə imkan daxilində kömək edir. Hal-hazırda mənə böyük kömək lazımdır. Həyatımı qurmaqdan ötrü mənə kömək lazımdır.

İndi çıxılmaz durumda qalmışam və nə edəcəyimi bilmirəm. Kirayədə yaşayan qardaşımın evindəyəm, orada yaşayıram. Orada mənim stolum belə yoxdur ki, yazı ilə məşğul ola bilim, dizlərimin üzərində yazıram. Yazıçılar Birliyində işə qəbul olmaq və evlə təmin olunmaq istəyirəm. 2006-cı ildən bəri işsizəm, yazıçının işi Yazıçılar Birliyində olmalıdır. Anar müəllim sağ olsun, həmişə mənə kömək edir. Kitabları Londonda, Moskvada, Türkiyədə, ABŞ-da çap olunan yazıçılardan biriyəm. Hal-hazırda olduqca maraqlı bir əsər üzərində çalışıram və bitməsinə az qalıb. İndiki dövrdə oxucunun ən çox kitaba tələbatı var. Kitablarım çap olunsa, bilinər ki, İbrahim İbrahimli kimdir, hansı romanların müəllifi və sair. Kitabların çap olunması ilə bağlı kömək təklifləri olunur, ancaq elə təkliflər edirlər ki, insan çıxılmaz vəziyyətdə qalır. Əgər bu kitabı yazmışamsa, ondan müəyyən qədər mən də qazanmalıyam. Almaniyada kitabım çap olunmuşdu, hələ satılıb qurtarmamış, artıq pulunu göndərmişdilər. Bizim nəşriyyatlarımız yeni mühitə uyğunlaşmayıblar. Yalnız öz mənfəətlərini güdürlər. Onlar yazıçılar, şairlər barədə fikirləşmirlər ki, bu kitab onun çörək ağacıdır. Nə isə ödəmirlər. Bəzən elə tələblər qoyanda da kitabı çap etməkdən imtina edirlər. Həm də o səbəbdən hələ ki, kitablarım çap olunmur" - deyə, yazıçı müraciətində bildirib.
Tarix: 20-01-2024, 11:31
Xəbəri paylaş





Xəbər lenti