Azərbaycanda ictimai qınaq: - “İnsanlar utanmaq hissini itiriblər”

Azərbaycanda ictimai qınaq:
İctimai qınaq və ya sosial tənqid, sosial problemləri gündəmə gətirən bir tənqid üsuludur.

Bildirək ki, əvvəllər insanlar edəcəkləri hər işdə ictimai qınağı nəzərə alaraq addım atıblar. Lakin son illər sosial media platformalarının istifadəsinin geniş şəkildə yayılması, orada insanların paylaşdıqlarına əsasən demək olar ki, insanlar artıq ictimai qınaqdan çəkinmirlər.

Belə ki, ən geniş yayılmlış sosial şəbəkələrdən biri olan "TikTok"-da söyüş, şiddət, seksuallıq, çılpaqlıq, narkotikdən istifadəyə təşviq və kibercinayətlərin insanlar tərəfindən rahatlıqla paylaşıması da buna bir nümunədir.

Maraqlıdır, bizdə ictimai nəzarət və ictimai qınaq niyə zəifdir? İnsanlar niyə ictimai qınaqdan çəkinmirlər?

Məsələ ilə bağlı tanınmış psixoloq Gülnar Orucova "Cebhe.info"-ya açıqlamasında bildirib ki, əvvəllər ata-ana uşağa get özünü öldür deyəndə, övladlar canına qəsd etmənin ayıb bir şey olduğunu bilirdi:

"Uşaqlar ovaxtlar intiharın səhv olduğunu fikirləşirdilər ki, bu hərəkəti etsələr, ata-ana pis olacaq. İndi isə insanlar utanmaq hissini itiriblər. Bəziləri də insanlara deyir ki, camaatın fikri sizə önəmli olmamalıdır, sizə necə rahatdırsa, elə də yaşamalısınız. Hazırda insanlar düşünür ki, xoşbəxt olmalıyamsa, heç kimin fikri mənim üçün əhəmiyyətli olmamalıdır, nə istəyirəmsə, etməliyəm. Bununla da, cəmiyyət pozulur".

Psixoloqa görə, insalar hərəktlərinə sərhəd qoymalıdırlar, eləcə də qanun hər kəsin öz hərəktlərinə görə cavabdeh, məsuliyyətli olmasını tələb edir:

"Necə ki, özümüzə ev qurub sərhəd çəkirik, bu eynilə münasibətlərə də aid olmalıdır. İndiki insanlar bu sərhədi qoruya bilmir deyə, ictimai qınağın təsiri olmur. Ən pisi isə insanlar bəyənmədikləri, əxlaqsız adlandırdıqları şəxslərə "TikTok"-da pul göndərirlər. Mən bu cür insanların halına üzülürəm, bu kimi insanların sayı çoxaldıqca cəmiyyət pozulacaq.

Bəzən "TikTok"-da yarışlarda məğlub olan qadınların etdiyi hərəkətlərə baxıram, şoka düşürəm. Ümumiyyətlə, Azərbaycanda "TikTok" sosial şəbəkəsi bağlanılmalıdır. Çünki bizim insanlar bu platformadan düzgün istifadə etməyi bacarmırlar. Çoxluq deyir ki, platforma insanların gerçək üzünü ortaya çıxarır. Bəli, doğrudur, lakin nəzərə almalıyıq ki, bizim bəzi gənclərimiz onları özünə örnək götürür".

Sosioloq Mail Yaqub isə bildirib ki, insanda daxili və xarici olmaqla iki nəzarətedici amil var:

"Daxili nəzarət mexanizmi insanın mənəviyyatından, intellektindən, dünyagörüşündən gəlir. Xarici nəzarət mexanizmi isə ya insanların qınağından, ya da hüquqi prosedurlardan yaranır.

Yəni insan pis bir şeyi etmirsə, ya elə bir şey etmək onun içindən gəlmir, ya da ictimai qınaqdan, hüquqdan qorxur. Bəzi insanlarda yanlız cəzadan qorxma amili qalıb, onların daxildən nəzarət mexanizmi itib.

Belə ki, "TikTok" üçün cəza mexanizmi yoxdur deyə, insanlar istədiklərini edirlər. Çünki onlarda daxili nəzarət mexanizmi də işləmir deyə, bu tip hərəkətləri etmək onlar üçün çox asan olur".
Tarix: 19-02-2024, 22:28
Xəbəri paylaş





Xəbər lenti