Bayram yarmarkasının içindəkilərə çöldən baxan, maaşı az, süfrəsi boş vətəndaşın bayramı mübarək olurmu...

Bayram yarmarkasının içindəkilərə çöldən baxan, maaşı az, süfrəsi boş vətəndaşın bayramı mübarək olurmu...

2024-cü ilin Novruz bayramının ilk Su çərşənbəsi geridə qaldı. Beləliklə, bahara addım-addım yaxınlaşırıq. Buna tərs mütənasib olaraq, bayramöncəsi açılan bayram yarmarkaları, böyük alış-veriş mərkəzi, mağaza və supermarketlərdəki növ-növ ərzaq məhsullarından da elə bir o qədər uzaqlaşırıq. Xüsusilə də meyvə-tərəvəzdən.

Azərbaycanda bayramlarda, yaxud elə bu çərşənbələrin özündə evlərdə süfrə üzərində, masalarda kiçik həcmli, müxtəlif növ meyvələrin olması, necə deyərlər, adətdəndir. Məsələn, illər öncə bu vaxtlar, yəni çərşənbələrin başladığı tarixlərdə on evdən yeddisinin mətbəx stolunda müxtəlif növ meyvələr - alma, portağal, apensin, kivi və sair kimi adətən qış meyvələri olardı. İndi bu gözəl mənzərə sanki ərşə çəkilib.
...Əslində, ərşə çəkilən meyvələr, qida məhsulları yox, elə pulun özüdür. El dili ilə desək, elə bil pulun, əməkhaqqının urvatı qalmayıb. Yüz manatla bayram bazarına girirsən, sadəcə meyvə almaq üçün xərclədiyin pul 30 manatı keçir. Əgər sadəcə bazara meyvə almaq məqsədilə üzərinizdə yüz manat məbləğlə girsəniz, onun çox rahat 30-40 manatını meyvəyə verib, əlinizdə iri sellofanlar, içində bir neçə ədəd, sayı bəlkə də bir əlin beş barmağını keçə bilməyən müxtəlif növ meyvələrlə o bazardan çıxacaqsınız.
Hələ bazarlığın şirniyyat bölümünü demirəm. "Hörmətli" konfet-şokoladların kiloqramının qiyməti 12-14 manatdan başlayır. Ancaq mağazaya daxil olan müştərilərin əksəriyyəti ürəyi istəsə belə, bir kq tam şirniyyat ala bilmir. Ona görə ki, bunu etsə, digər məhsullara pulu yetməyəcək. Ona görə də hər məhsuldan sadəcə necə deyərlər, "dadımlıq" alır. Hə, bir də süfrədə görsənsin deyə.
Vətəndaşların bayram bazarlarındakı bu "çəkingən alver"inin kökündə məhsulların bahalığı kimi, əməkhaqlarının da azlığı və yetərsizliyi dayanır. Məsələn, təkcə yeddi yüz manat əməkhaqqı alan və tək gəliri bu quru əməkhaqqı olan bir vətəndaş əgər hələ ailəlidirsə, bu bayram yarmarkalarının yanından ən yaxşı halda baxa-baxa keçəcək. Orda gördüklərini gəlib evdə anladacaq və bununla da bayramı başa vurmuş olacaqlar.
Nədəndir bilmirəm, bəlkə də uşaqlığımızda rəhmətlik Kamal Sunalın filmlərini çox izləmişik deyə, elə ən çox onun filmlərindən müxtəlif gülməli, bəzən isə ağlamalı epizodlar xatirimizdə qalıb: Mərhum aktyor baş rolda oynadığı "Tokatçı" filmində bir qril dükanının önündən keçir. Orada isti-isti dönən ləzzətli qrilləri gördükdə, özünü saxlaya bilmir və qoltuğundakı çörəkdən az-az qoparıb, dükanın şüşəsinə sürtərək, xəyalında o əti yediyini canlandırır. Hərdən Azərbaycanda bu səhnələrin tamam fərqli, ancaq mahiyyət etibarı ilə tamamilə eyni məna ifadə etdiyi hallarla tez-tez rastlaşırsan. Xüsusilə də belə özəl günlərdə.
Misal, belə günlərdə tez-tez şahidi olduğum görüntülərdən biri belə olur ki, adamın biri gözlərindən yorğunluq axa-axa iri marketə girir və uzun-uzadı içəridə gəzir. Daha sonra gedib ən küncdəki çörək vitrinindən bir ədəd "zavod çörəyi" alaraq gəlib kassanın qarşısında durur. Kassada hər kəsi gülərüzlə qarşılayan xanım kassir digər müştəriləri yola saldıqdan sonra həmin şəxsi qəbul edir və ona "çərşənbəniz mübarək!" deyərək, əlindəki çörəyin qiymətini komputerə vurur. Həm kassirə baxıram, həm də kassaya gələn o adama və o saat anlayıram ki, hər ikisi də buna məcburdur. Kassirə göstəriş verilib ki, müştərilərin üzünə gülümsə və mütləq bayramlarını təbrik elə ki, növbəti dəfə yenə gəlsinlər. Bu biri çörək alan adama isə ümumi cəmiyyət, o adamın yetişdiyi mühit, mentalitet belə təlqin edib ki, biri bayramını təbrik elədisə, "çox sağ ol, sizinlə bahəm, neçə belə gözəl bayramlara!" de, keç! Yəni hər ikisi də bir-birinə qarşı qeyri-səmimi olduğunun fərqindədirlər. Bəlkə də deyillər, bilmirəm. Məsələn, o adamın çərşənbəsi, ya da tutaq elə Novruz bayramı nə ilə "mübarək" olacaq? 6 saat öncə marketə daxil olub, dəmir kimi bərkimiş 60 qəpiklik "zavod çörəyi" ilə mi? Təbii ki, yox! Ancaq bir neçə kq meyvə, bir az da şirniyyat ala bilsəydi, bəlkə də kassirə qaytardığı cavab daha səmimi və vicdanla ola bilərdi. Nə deyək, Allah səbəbkara... mərhəmət versin.
Hə, məlumat üçün qeyd edim ki, dilimizdə bu tez tez işlətdiyimiz "mübarək", "təbrik" sözlərinin kökü "bərəkət" sözündən gəlir. Yəni birinə "bayramın mübarək!" deyəndə, əslində ona "bayramın bərəkətli olsun" demiş oluruq.
...Xülasə, nə qədər ki, suyunuz gəlir və sayğacda "Azərsu"nun suyunuzu kəsmə hüququ yaradacaq qədər borcunuz yoxdur, Allah bərəkətli etsin. Su Çərşənbəniz mübarək!
Mətin Şükürlü, Bizimyol.info
Tarix: 28-02-2024, 09:47
Xəbəri paylaş





Xəbər lenti