Şəhid olduğu deyilən döyüşçümüz: - “4-5 saat neytralda qaldım, şoka düşmüşdüm”

Şəhid olduğu deyilən döyüşçümüz:
Sosial şəbəkələrdə yaralı vəziyyətdə olan döyüşçünün videosu yayımlanıb. Son nəfəsində “Qarabağ Azərbaycandır” deyən gəncin hər kəs şəhid olduğunu bildirib. Amma rəylərdə “bu oğlan sağdır” deyənlərə də rast gəldik. İçimizdə bir ümid cücərdi. Moderator.az araşdıraraq yaralı vəziyyətdə olan Neftçala rayon, Xolqaraqaşlı kənd sakini Yusif Abışovu tapmağa müvəffəq olub. Hərbçi bildirib ki, həmin video çəkiləndə özündə olmayıb.

“Həmin video lokal xarakterli antiterror tədbirində, Əsgəranda çəkilib. Valideynlərimə demişdim ki, Ağdamda təlimdəyəm. Döyüşün bitməyinə 4-5 saat qalmışdı. 2 ayağımdan yaralanmışdım. Şokda olduğum üçün tam olaraq xatırlamıram ki, hadisələr necə baş verib?! Sadəcə bilirəm ki, 4 saata yaxın neytralda qaldım. Ondan sonra yoldaşlarımın köməyi ilə çıxarıldım. Məni Ağdam xəstəxanasına gətiriblər. Videonu kimin çəkdiyini bilmirəm, mən də sizin kimi internetdə görmüşəm. Mənə yollayıblar. Hərbi xidmət vaxtı aprel döyüşlərində də iştirak etmişəm. Hərbçi olduqdan sonra 44 günlük müharibədə, Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətlərində döyüşmüşəm” deyə bildirib.

Hərbçi bildirib ki, hazırda səhhətində problemlər var, müalicə alır.

“Hazırda Papanindəki hospitalda müalicə alıram. Şükür Allaha vəziyyətim əvvəlkindən yaxşıdır. Sağlamlığım üçün lazım olan avadanlıq tam orada olmadığı üçün mülkü sağlamlıq və fizioterapiya mərkəzlərinə də gedirəm. Tam gəzə bilmirəm, əl ağacı ilə hərəkət edirəm. Sol ayağıma qəlpə dəyib, o artıq sağalıb. Sağ ayağıma isə 5.45 (gəzən güllə) dəyib. O hələ də sağalmayıb” deyə bildirib.

Yusif Abışov deyir ki, ən böyük arzusu şəhidlik zirvəsinə ucalmaq olub.

“Çox təəssüf ki, şəhidlik zirvəsinə ucala bilmədim. Mənim üçün şəhidlik zirvəsindən yüksəyi yoxdur. O atmosferi yaşamayan şəhid olmağı xəyal edə bilməz. Təsəvvür edin, biri yaralanır, xilas etmək istəyirsən amma qollarında can verir. O an sənə maraqlı olmur ki, o dostundur yoxsa qardaşın?! Sadəcə xilas etmək istəyirsən. Bu mövzuda çox xatirəm var. Onlar məni rahat buraxmır. Ən sadiq dostum Qəhrəmanov Sadiq idi. O əməliyyatlar zamanı gözümün qarşısında şəhid oldu. Ən böyük təsəllim torpaqlarımızın azad edilməsidir. Hər azad olan torpaq mənə qürur verirdi. Daha çox irəliyə can atmağıma səbəb olurdu. Allah bütün şəhidlərimizə rəhmət etsin” deyə yaralı döyüşçümüz deyib.


Tarix: 3-03-2024, 09:09
Xəbəri paylaş





Xəbər lenti