Dənizin yolu üzümüzə bağlanıb - Foto - Video

Dənizin yolu üzümüzə bağlanıb - Foto - Video
Səbail Rayon İcra Hakimiyyətinin Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elməddin Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sözügedən ərazidə Xəzərin hasarlanan hissələrinin çoxu şəxsi mülkiyyətdir.
"Xəzər dənizinin sahilini hasarlayanları məhkəməyə vermək lazımdır. Dənizin qarşısında istisna hallarda tikinti işləri aparmaq etmək olar". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında deputat Rüfət Quliyev söyləyib. Millət vəkili deyib ki, əlac, bir qrup insanın birləşib dənizin sahilini hasarlayanları məhkəməyə verməsinə qalıb.
Millət vəkili deyib ki, dənizin sahilinin hasarlanması ilə bağlı çoxsaylı şikayətlər var.
"Xəzər dənizinin sahilinin hasarlanması ilə bağlı KİV-də də reportajlar yer alıb. Deputatlar da Milli Məclisdə bu problemi dəfələrlə qaldıraraq çıxışlar edilib. Əlac ona qalıb ki, dənizdən məhrum qalan insanlar yığışıb, 200-300 nəfər insan sahili hasarlayanları məhkəməyə versinlər. Hələki bunun yolunu belə görürəm", - Rüfət Quliyev bildirib.

Qeyd edək ki, Xəzər dənizinin sahilinin hasarlanması problemi illərdir ki, qalmaqdadır. Hər çimərlik mövsümündə bu məsələ aktuallaşsa da, əhalinin dənizə yolunu kəsən hasarlar sökülmür. Paytaxtın əksər rayonlarında dənizin sahilin hasarlanması hallarına rast gəlinir. Bəzi ərazilərdə Xəzərin sahili hasarlanaraq şlaqbaum qoyulub. Bu günlərdə sosial şəbəkələrdə Bilgəh ərazisində dənizə girişə şlaqbam qoyulmasını əks etdirən görüntülər paylaşılmışdı. Anoloji hala paytaxtın digər ərazilərində də rast gəlinir.

Bakının Səbail rayonu, Şıx ərazisində Bibiheybət qəsəbəsindən Qaradağ rayonu istiqamətində Xəzər dənizinin sahili demək olar ki, blokadaya alınıb. Bu ərazidə dənizin sahili hündür hasarlara alınaraq görünməz olub. Bəzi hissələrində isə dənizin sahili dəmir barmaqlıqlarla hasarlanıb. Şıx ərazisinə yaxın yerləşən Bibiheybət, Baвamdar və Bayıl qəsəbələrdə yaşayan sakinlər illərdir ki, dənizin sahilinə, çimərliklərə gedə bilmədiklərindən şikayətlənirlər.

Bibiheybət qəsəbə sakini Adil Qurbanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, illərdir Xəzərin sahili istirahət mərkəzləri, restoranlar tərəfindən zəbt olunub.
"Şıx ərazisində Xəzərin sahilini balıq evləri, restoranlar zəbt edib. Biz dənizin sahilinə yaxın düşə bilmirik. Bircə hasara alınmamış ərazi ictimai çimərlikdir. Paytaxt sakinləri Xəzərin sahilinə həsrət qalıb. Xalq ilahi nemət olan dənizi görmək üçün, sahilində istirahət etmək üçün pul ödəməlidir. Halbuki, Xəzər bu xalqın sərvətidir. Ona belə camaatı həsrət qoyublar. Ələtdən Şıxova qədər dəniz hasarlanıb", - Bakı sakini şikayətlənib.

Sputnik Azərbaycan-ın araşdırması zamanı məlum olub ki, paytaxtın müxtəlif yerlərində, eləcə də, Səbail rayonunda dənizin sahil əraziləri restoran və istirahət mərkəzlərinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icarəyə verilib. Artıq dənizin sahillərində böyük istirahət mərkəzləri, restoranlar inşa olunub. Baxmayaraq ki, qəbul edilmiş qanunvericiliyə görə isə, dənizin 20-50 metr sahili tutula bilməz və İnzibati Xətalar Məcəlləsi də dəniz kənarının hasarlanmasını qadağan edir.

Dənizin sahilini zəbt etmiş restoran rəhbərləri isə icarə müqavilələrinin olduğunu əsas gətirərək ərazinin hasara alındığını bildirdilər. Digər istirahət mərkəzlərindən isə ərazinin şəxsi mülkiyyət olduğunu bildirdilər.
Səbail Rayon İcra Hakimiyyətinin Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elməddin Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sözügedən ərazidə Xəzərin hasarlanan hissələrinin çoxu şəxsi mülkiyyətdir. Ona görə də, bu ərazilərin hasarının sökülməsi mümkün deyil. Amma o, bəzi ərazilərdə artıq dənizin sahilinə girişi məhdudlaşdıran şlaqbaumların söküldüyünü bildirdi. Dedi ki, "Qağayı" İstirahət Mərkəzinin girişə qoyduğu şlaqbaum artıq sökülüb.
Xatırladaq ki, hələ 2003-cü il yanvarın 13-də mərhum Prezident Heydər Əliyev tərəfindən məsələ ilə bağlı sərəncam imzalanıb. Sənəddə deyilirdi ki, əhalinin çoxsaylı şikayətlərini, Xəzər dənizinin xalqa məxsus olduğunu əsas götürərək, dənizin 130 metrlik sahil sahəsində tikilmiş, fiziki və ya hüquqi şəxslərə qanunsuz olaraq verilmiş sahələr ya inzibati, ya məhkəmə qaydasında alınsın və insanların dəniz çimərliklərinə sərbəst giriş-çıxışı təmin edilsin.


Tarix: 7-07-2024, 12:24
Xəbəri paylaş





Xəbər lenti