Tikinti bazarında bir neçə saat: - “Samandan özümüzə ev tikməli olacağıq”

Tikinti bazarında bir neçə saat:
Yay həm də tikinti mövsümünün qızğın vaxtıdır.

Paytaxtın əksər ərazilərində tikinti və təmir işləri gedir.

Bəs tikinti materiallarının qiymətində hansı dəyişiklik var? Qiymət artımı tikinti bazarına necə təsir edib?

“Cebheinfo.az”-ın əməkdaşı “EuroHome” tikinti və inşaat materialları bazarına baş çəkib.

Alıcıdan çox fəhlə var

Bazarda səhər saatlarından başlayaraq alıcılardan çox yükdaşıma ilə məşğul olan fəhlələri görünürdü. Çox güman ki, bazara yeni tikinti və inşaat materilları gətirilmişdi. Armatur satışı ilə məşğul olan Dadaş adlı satıcı deyir ki, qiymətdə ötən ilə nisbətən artım olub:

“Armaturlar əsasən Rusiya istehsalıdır. Hər birinin öz qiyməti var. Bir tonunu 1 150 manata təklif edirik. Keçən il isə bu rəqəm 1 200 manat idi. Ölçüsü 12-lik olan armaturun 1 metri 1-1,15 manat, 14-lük isə 1,39 və ya 1,43 manatdır. Demək olar ki, alıcı yoxdur. Lakin bəzən müştəri gəldiyi an ən azı bir neçə ton armatur alır. İyun və sentyabr ayları tikinti mövsümü sayılır. Amma bu il əvvəlki illərə nisbətən daha yaxşı ticarət etmişik”.

“Elə istidə burada otururuq”

Vilayət adlı satıcı deyir ki, taxtanın qiyməti ucuzlaşmaqda davam edir:

“Hazırda taxtanın 1 kubmetrini 300-320 manat civarında təklif edirik. Ötən il bundan baha qiymətə təklif olunurdu. Lakin yenə də alıcı azdır. Elə istidə burada otururuq. Biz də istəyirik ki, qiymət ucuz olsun. Çünki alan çox azdır. Bir neçə il öncə burada baş verən yanğından sonra ocağımıza taxtadan tabut hördük. Nə qədər sahibkar əziyyət çəkdi. Yenə də bu günümüzə şükür”.

“O kərpicdən heç heyvan üçün dam tikilə bilməz”

Zəkəriyyə adlı alıcı deyir ki, qiymətlərdə artım çoxdur:

“Ötən il taxtanın 1 kubmetrini 320 manata almışdım. Hissə-hissə materiallar alaraq evimi tikmək istəyirdim. Ancaq mişar daşı keçən il 40-50 qəpiyə təklif edilirdisə, hazırda 80-90 qəpik arası təklif edilir. Belə olan halda görün bir “KamAZ” daşın qiyməti nə qədər olacaq? Əvvəllər isə ən azı 800 daş alırdıq”.

O bildirib ki, kərpicin də qiyməti kəskin artıb:

“Əvvəllər ən ucuz tikinti materialı kərpic idi. Kərpic torpaqdan hazırlanır. Yəni maya dəyəri çox ucuzdur. Ancaq nə baş verdi ? 10-14 qəpiyə satılan kərpicin hazırda qiyməti 25 qəpikdir. O kərpicdən heç heyvan üçün dam tikilə bilməz. 30 qəpiklik kərpic 54 qəpiyə təklif edilir. Bu qədər bahalıq olan yerdə tikinti materialları əvəzinə samandan özümüzə ev tikməli olacağıq”.

Kərpic satan Valeh adlı satıcı bildirir ki, qiymətinin artması çoxdan gözlənilən idi:

“Ard-arda tikinti məhsullarının qiyməti artır. Bazarda təklif çox, tələb azdır. Biz də istəyirik ki, ucuz qiymətə sataq, lakin maya dəyəri baha olduğuna görə ucuz sata bilmirik”.

“Ucuzdur, yenə alan yoxdur”

Dam örtüyü satışı ilə məşğul olan Məhərrəm bildirib ki, qiymət münasib olsa da, alıcı azdır:

“Əvvəllər 10-11 manata satdığımız 50 mm ölcüdə olan dam örtüyü hazırda 9-10 manat arası təklif edilir. Ən nazik, yəni 32 mm ölcüdə olan dam örtüyünü 4 manata təklif edirik. Standart 38 mm ölcüdə olan dam örtüyünü 6 manata stırıq. Keçən il isə daha idi. Lakin yenə də alıcı qıtlığı var. Halbuki əvvəllər alıcı yetəri qədər idi. Ancaq bu il vəziyyət daha ağırdır”.
Tarix: 23-07-2024, 22:39
Xəbəri paylaş





Xəbər lenti