"Etiraf" videosu ilə cəmiyyətin, şüşə qabla təbiətin sistemini pozanlar bu ölkədə yaşayır - Video

"Etiraf" videosu ilə cəmiyyətin, şüşə qabla təbiətin sistemini pozanlar bu ölkədə yaşayır - Video

Ötən günlərdə rəsmi sosial şəbəkə səhifəmizdə bir video paylaşıldı. “Vətəndaş plastik qabları qəbul edən cihaza şüşə qab ataraq sistemi pozub”. Düzü, son zamanlar elə hadisələrlə qarşılaşırıq ki, bu kimi hadisələr təccüblü gəlmir, amma “niyə” deyə düşünməyə də bilmirsən...

Bir neçə gün öncə Xırdalanda Ayşən adlı bir qız qətlə yetirildi. Ayşənin əri 7-ci mərtəbədən aşağı atmışdı. Yerə düşəndə qolu qırılan, daxili orqanları dağılan Ayşən hələ sağ idi. Qatilinin kimliyini dilə gətirmişdi. Onun xəstəxanadakı son vəziyyətini çəkib paylaşmışdılar. Qışqırırdı: “Boğazıma nəsə gəlir, boğuluram, nəfəs ala bilmirəm”. Həkimlər son nəfəsində ən azından xilas edə bilməsələr də, ölümünü rahatlaşdırmaq üçün nəsə edə bilərdilər. Videoya çəkməzdilər heç olmasa. Bir halda ki, onların vəzifəsi video çəkmək deyilkən. Çəkilən videonu paylaşmazdılar, heç olmasa...
  • Bir insanın son nəfəsini çəkib paylaşmaq hansı məntiqə sığır?

  • Bir insanın ölümü üzərindən niyə reytinq yığmağa çalışılır ki?

Sonra yenə yadıma plastik qab yığan cihaza şüşə qab ataraq sistemi pozanlar düşdü. Onu çəkən şəxs, ən azından maarifləndirmək üçün etmişdi.
Son zamanlar Azərbaycan insanı sanki deqradasiyaya uğrayıb. Biri öldürür, biri balta atır, biri hansısa cihazı sıradan çıxarır, bunların heç birini edə bilməyən də kiminsə haqqında dedi-qodu yayır, şantaj edir, iftira edir.
Nə baş verir? Bizim cəmiyyətimizi sıradan çıxaran nədir? Əvvəllər, yəni ən azı 20 il əvvəl deyirdik ki, Avropaya inteqrasiya olmalıyıq. Biz Avropanın ancaq pis tərəflərini nümunə götürdük, sanki. Əxlaqsızlığı dəb sanırıq, zərərli maddələrin istifadəsini az qalır normallaşdıraq.
  • Avropaya inteqrasiya edəndə Avropa ali təhsil müəssisələrinin verdiyi təhsilə niyə inteqrasiya ola bilmədik?

  • Əsrlər boyu ailə institutundan danışıb, dağılmaq üzrə olan ailə modelimizi niyə Avropa ailəsinə bənzətməyə can atmadıq?

Nə bilim... Deyiləsi dərd deyil ki. Hər kəsin bir cür problemi var.
Keçən dəfə tanınmış psixoloqlardan biri deyirdi ki, Azərbaycan əhalisinin ən azı 90 faizində psixolojı sıxıntılar, aqressiya var.
Qəribə insanlarıq. “Əlimizin çatmadığı insanlar bizim üçün pis insandır. İmkanlıdırsa, mütləq haram yolla əldə edib. Uğur qazanıbsa, uğurunun arxasında başqa təməllər var” deyə-deyə hamıda nöqsan axtarırıq. Sanki bir biz “təmiz”ik, bizdən yoxdur. Biz halal yolla qazanırıq. Biz əxlaqlıyıq...
...Əxlaq demişkən, yenə Ayşəni xatırladım. Əri video çəkir və qızı məcbur edir ki, xəyanət etdiyini desin. Bu da o deməkdir ki, qətl öncədən planlaşdırılıb.
Həmin şəxs həbsxanaya düşdükdən sonra "otaq" yoldaşlarının təzyiqlərinə məruz qalmasın deyə öncədən “namus cinayəti” səbəbini formalaşdırmaq üçün "etiraf" videosu çəkib “kişi”...
Ayşən ömrünün 20-ci ilində xilas ola bilmədi. Nə son nəfəsində "həyat" yoldaşı tərəfindən ictimai hədəf taxtasına çıxarılmaqdan, nə də qınaq "ağac"ından aşağı atılmaqdan..
Beyin sistemi pozulmuş məlum şəxs, video çəkməklə Ayşənin mənəvi sistemini pozdu. Bu da yetmədi, o videonu paylaşdı. Onun videosu anlayış, dərketmə sistemi pozulmuş şəxslərin əlinə keçdi. Paylaşıldıqca yayılan video onu izləməyə məcbur qalanların da, izləyənlərin də, hətta izləmədiyi halda beynində "görəsən, nə baş verib?" sualı ilə qarşı-qarşıya qalan vətəndaşların da psixologiyasını pozdu.
Sistem pozuntularından çox danışdıq, sanki. Neyləyək ki, bu qədər pozuntuların arasında hələ plastik qab qəbul edən cihaza şüşə qab atıb cihazın sistemi pozan "adam” da var...

İradə Cəlil, Bizimyol.info
Tarix: 5-08-2024, 11:49
Xəbəri paylaş





Xəbər lenti