Ermənistanda kritik sorğu və sensasion nəticələr

Ermənistanda kritik sorğu və sensasion nəticələr “Gallup” sorğu şirkəti: “Levon Ter-Petrosyan və Seyran Ohanyan parlamentə keçməyəcəklər”
Ermənistanda parlament seçkilərinə 1 gün qalmış kritik sorğu keçirilib. Bu sorğu bəzi siyasi qüvvələri, o cümlədən keçmiş prezident Levon Ter-Petrosyanın liderliyi altındakı “EMK-EXR” (Ermənistan Milli Konqresi-Ermənistan Xalq Partiyası) və keçmiş müdafiə naziri Seyran Ohanyanın təmsil olunduğu “ORO” (Ohanyan-Raffi Oskanyan) blokunu məyus edə bilər.

Musavat.com erməni mətbuatına istindən xəbər verir ki, sorğu “Ermənistan sosioloji assosiasiyası” və “BS/The Gallup Organization” təşkilatı tərəfindən birgə həyata keçirilib. Sorğunun nəticələrinə əsasən seçicilərin 50%-i seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirib. 35%-i iştirak etmək ehtimalını dilə gətirib, 8% isə ümumiyyətlə seçki məntəqələrinə getməyəcəyini açıqlayıb. Respondentlərin 63%-i səs verəcəyi partiya barədə əminliyini açıqlayıb. 33%-isə hələ qərar verə bilmədiklərini söyləyib.
Seçkidə iştirak edən partiyaların ala biləcəkləri səs barədə müəyyən dərəcədə sürpriz nəticələr ortaya çıxıb.

Belə ki, sorğuda iştirak edənlərin 24%-i hakim Respublika partiyasına, 19%-i oliqarx Qagik Tsarukyanın eyni adlı (“Tsarukyan”) blokuna, 8%-i “Yelk” (Çıxış) blokuna, 6%-i “Daşnaksütyun” partiyasına səs verəcəyini açıqlayıb.

“Ohanyan-Raffi-Oskanyan” bloku isə sorğuda iştirak edənlərin cəmi 4%-nin rəğbətini qazana bilib. Dağlıq Qarabağla bağlı sülh şüarları ilə seçkiyə gedən “EMK-EXR” blokunun, habelə millətçi “Erməni dirçəlişi” partiyasının təxminən eyni dərəcədə səs alacağı göstərilib. Ermənistanın liberal “Azad demokratlar” partiyası isə 2%-lik nəticə ilə kifayətlənə bilər.

Ermənistanın yeni Seçki Məcəlləsinə görə, parlamentə keçmək üçün siyasi blokların 7%-lik, partiyaların isə 5%-lik baryeri keçməsi lazımdır.
Sorğunu keçirən Baltic Surveys şirkətinin nümayəndəsi Rasa Alişauskiene dünyaca məşhur Gallup şirkətinin nümayəndəsi olaraq fəaliyyət göstərdiklərini və onun metodları ilə hərəkət etdiklərini açıqlayıb.

Ermənistanda fəaliyyət göstərən digər bir məşhur QHT- “Transparensi İnterneşnl” təşkilatının yerli proqramına rəhbərlik edən Varujan Oktanyan dünən keçirdiyi mətbuat konfransında səsvermənin normal keçməyəcəyini açıqlayıb.

Ermənistanda kritik sorğu və sensasion nəticələr
Varujan Oktanyan

“Seçki deyəndə biz ancaq aprelin 2-də insanların səs verməsini nəzərdə tuturuq. Halbuki seçki prosesi martın 5-dən başlayıb. Bütün bu dövr ərzində isə biz inzibati resurslardan istifadə edilməsindən, siyahılarda saxtakarlıq edilməsindən tutmuş, rəqiblərə (müxalifətə-red.) qarşı zorakılığa qədər bütün qeyri-qanuni halların şahidi olduq. Bütün bunlar eyni prosesin səsvermə günündə də davam edəcəyini göstərir”, Varujan Oktanyan qeyd edib.
Tarix: 1-04-2017, 10:09
Xəbəri paylaş





Xəbər lenti